Cənab prezident, şərlənərək həbs olunmuş Qarabağ qazisinin AZADLIĞA BURAXILMASINI XAHİŞ EDİRİK

2022-08-23 16:08:00

Cənab prezident, şərlənərək həbs olunmuş Qarabağ qazisinin AZADLIĞA BURAXILMASINI XAHİŞ EDİRİK

Ümid edirik ki, müraciətimiz cavabsız qalmayacaq, Elşən Cabbarovun işinə yenidən ədalətli şəkildə baxılacaq və nəticədə o, azadlığına qovuşacaq

Onun həbsində Əli Həsənovun qaynı, Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Vəliyevin müstəsna rolu var

Salyan rayon sakini, iş adamı, şərlənərək həbs olunmuş 2-ci qrup Qarabağ qazisi Elşən Cabbarovun atası Mürsəl Cabbarov bu yaxınlarda HurriyyetTv-yə üz tutaraq oğlunun başına açılan oyunlardan, övladının üzləşdiyi haqsızlıqlardan danışıb. Uzun illər Salyanın Ağsaqqallar Şurasının üzvü olmuş Mürsəl Cabbarovun sözlərinə görə, oğlu yerli məmurlar tərəfindən şərlənib və nəticədə Cinayət Məcəlləsinin 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə ittiham olunaraq həbs olunub.

Mürsəl Cabbarov onu da qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində oğluna qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib. Lakin buna baxmayaraq, Elşən Cabbarov hələ də məhbus həyatı yaşayır. Mürsəl Cabbarovun sözlərinə görə, oğlu Salyan rayonunda bir çoxlarının haqqını müdafiə etdiyi, dolayısıyla korrupsioner məmurların ayağını tapdaladığı üçün şərlənərək həbsə atılıb. O, həmçinin oğlunun həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun qaynı, Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Vəliyevi günahlandırıb: "Cəbrayıl Vəliyev polislərə göstəriş verirdi ki, bir yol tapıb Elşəni içəri qoymalısınız. Oğlumu həbs etməklə qalmayıb, bütün mağazalarını bağlatdırıb, əmlakımın üzərinə həbs qoydurdular".

Bu arada, Hurriyyet.az olaraq qeyd etməliyik ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxslər - Röyal Qənbər oğlu Həsənov, Qənbər Qəzənfər oğlu Həsənov, Vüqar Xudaverdi oğlu Gülüşov və Nizami Sərxoş oğlu Həsənov ayrı-ayrılıqda ərizə ilə rəsmi qaydada Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevə müraciət edərək, Elşən Cabbarova qarşı haqsızlıq edildiyini etiraf ediblər. Belə ki, onlar şikayətdən imtina barədə yazdıqları ərizələrində məhkəmə iclasından sonra bəzi səlahiyyətli şəxslər və məhkəmənin özü üçün alət kimi istifadə olunduqlarını etiraf edib, onlardan Elşən Cabbarovun həbs olunması üçün faydalandıqlarını bildiriblər. Bundan başqa, adıçəkilən şəxslər Elşən Cabbarovun ləyaqətli insan olduğunu və azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyə layiq olmadığını bəyan ediblər. Məhz elə bu səbəbdən də Röyal Qənbər oğlu Həsənov, Qənbər Qəzənfər oğlu Həsənov, Vüqar Xudaverdi oğlu Gülüşov və Nizami Sərxoş oğlu Həsənov Elşən Cabbarov barəsində şikayətlərindən imtina etdiklərini qeyd ediblər. Lakin məhkəmə buna məhəl qoymadan Qarabağ qazisini hələ də həbsdə saxlayır. Odur ki, Hurriyyet.az olaraq ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək, ondan Vətən üçün canından, sağlamlığından keçmiş Elşən Cabbarovun işinin nəzarətə götürülməsini və azadlığa buraxılması üçün göstəriş verilməsini xahiş edirik. Ümid edirik ki, müraciətimiz cavabsız qalmayacaq, Elşən Cabbarovun işinə yenidən ədalətli şəkildə baxılacaq və nəticədə o, azadlığına qovuşacaq. 

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064491