Saat:03:50
Haqqımızda

Cəmilin rəşadət zirvəsi

2024-09-23 23:52:20

Cəmilin rəşadət zirvəsi

Cəmil Qurbanzadə. Bu ad  indi özündə  bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadır. Astara şəhərində dünyaya göz açan elin qəhrəman oğlu 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı Vətən naminə mərdliklə döyüşüb qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

Sinəsini  Ana Vətənə sipər edib məkrli  düşmənə layiqli cavab verəndə  Cəmil ömrünün 19-cü baharında idi. Həyat yolu nə qədər qısa olsa da,  özündən sona olduqca şərəfli, heç zaman silinməyəcək    bir tarix yazıb getdi.  Vətənə sonsuz  məhəbbət mücəssəməsinə dönən, Günəş ömrü yaşamaqla əbədi ürəklərə köç edən qəhrəman həm də  dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.

Astara Pedaqoji Kollecinin direktoru, professor şəhid atası K. Kazımov və bir qrup əməkdaşı  şəhid Cəmil Qurbanzadənin anım günü münasibətilə  boya-başa çatdığı ailə ocağında olub, uyuduğu məzarın ziyarət etməklə önünə tər güllər  düzüblər.

Çıxışlar zamanı bildirilib ki, sentyabrın 12-si gecədən  başlayaraq  erməni quldurları  respublikamızın dövlət sərhədlərinin  Daşkəsən,  Kəlbəcər, Laçın, Zəngilan istiqamətində genişmiqyaslı təxribata əl atıblar.  Şanlı ordumuzun əsgər və zabitləri böyük rəşadət göstərərək, ölüm-dirim savaşında yağını məhv edib onların bütün arzularını ürəyində qoyublar.  Təxribatın qarşısını alarkən qəfil atılan yağ gülləsinə tuş gələn qeyrətli oğullarımız da olub. Bu, Vətən sevdalılardan  biri də şücaəti   dillərdə  dastan olan  Cəmil Qurbanzadədir. Cəmil ölməyib, o, cismən aramızdan  gedib. Şərəfli ölümü ilə ürəklərdə  əzəmətli  abidə ucaldan qəhrəmanın  adında Vətənə ilahi bir sevgi yaşayır.  Şəhid Cəmil qərinələr boyunca xalq tərəfindən hər an ehtiramla  xatırlanar, keçdiyi yol hər bir gəncə həyat məktəbi olar.

O da məlum olsun ki, Astara elinin igid oğlu Cəmil Qurbanzadə  şəhər 2 saylı tam orta məktəbini bitirib 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında əsgər yaşına çatıb və ordu sıralarına yola düşüb. Xidmət zaman ilk gündən fəallığı, nizam-intizamı ona hörmət qazandırıb. Vətənini canından artıq sevməklə göz-bəbəyi kimi qoruyub Həmçinin onun igidliyi, mərdliyi, dürüstlüyü bütün əsgər yoldaşlarına nümunə göstərilib. Tərxis olmağına 18 gün qalmış şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211464