"Cavid Süleymanov işdən qovulmalıdır" - NATİQ CƏFƏRLİ

2023-02-24 14:43:00

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsinin nə işlədiyi orqandan, nə onun səlahiyyətlərindən, ən vacibi isə nə də məntiqdən xəbəri var"

"O, vətəndaşın marağını deyil, ölkədə Mall-ların sahiblərinin, onların fantastik icarə haqqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır"

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanovun "Trendyol"un fəaliyyəti ilə bağlı açıqlamasını oxudum. Bu adam işdən qovulmalıdır, çünki açıqlaması sübut edir ki, nə işlədiyi orqandan, nə onun səlahiyyətlərindən, ən vacibi isə nə də məntiqdən xəbəri var. Antiinhisar fəaliyyəti haqqında qanunda deyilir ki, bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdırlar, qanunun 4-cü maddəsi: Hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

İqtisadçı ekspert hesab edir ki, Cavid Süleymanov ilk öz işlədiyi orqan haqqında qanunu oxuyub-öyrənməlidir: ""Trendyol" bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil. Yəni, Antiinhisar Komitəsinin bu işlə əlaqəsi yoxdur! Hə, işsizlikdən əziyyət çəkirlərsə getsinlər, məsələn, dərman bazarını yoxlasınlar, bu bazarda satış həcminin 50%-nə yaxınına nəzarət edən şirkətlər var. Cavid Süleymanov daha sonra deyir: "Azərbaycan bazarındakı pərakəndəçi, "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var". Dünyadan bixəbər məmur anlamır ki, onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni, onlar sevinməlidirlər ki, rəqabət var, online satışla ənənəvi satışın rəqabətindən udan vətəndaşlar var. Amma yox, bu məmur rəqabətli mühitdə maraqlı deyil, əksinə rəqabəti baltalamaqda maraqlıdır. Deməli, vətəndaşın marağını deyil, ölkədə Mall-ların sahiblərinin, onların fantastik icarə haqqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır. Daha bir məsələ odur ki, Türkiyəyə qardaş, dost, strateji müttəfiq deyirlər, amma Türkiyə şirkətləri, məsələn, Rusiyada belə daha rahat işləyə bilirlər. Bu da kənardan çox qeyri-səmimi görünür. Həm də, online ticarət dünyada 20 ildir sürətlə inkişaf edir, bu tək mal satmaq deyil, bu həm də infrastrukturdur, yeni iş yerləridir, İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir. Hökumət isə belə düşünə bilmir, çünki "sovetləşmiş" məntiqlə yanaşırlar, yaşları cavan olanlar da belədir. Çünki "sovetləşmə" yaş məsələsi deyil, baş məsələsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166653