Cavanşir Paşazadə: “Şeyx həzrətlərinin şəkillərini qoyub, belə yazılar yazmaq düzgün deyil…”

2023-03-11 22:26:00

Cavanşir Paşazadə: “Şeyx həzrətlərinin şəkillərini qoyub, belə yazılar yazmaq düzgün deyil…”

Mən də saytlarda oxudum, yazırlar ki, guya dünən Bakıda baş verən atışmada yaralananlar arasında mənim bacım oğlu da olub. Təbii ki, yalan söhbətdir. Bacım oğlu o insidentdə iştirak etməyib. Bəzi saytlar xəbərin oxunması üçün bundan istifadə edir. Bizim Şeyxülislam həzrətlərinin şəkillərini qoyub, onun ətrafında belə yazılar yazmaq öz-özlüyündə düzgün məsələ deyil. Yenə də deyirəm, belə bir şey yoxdur, yalan informasiyadır. Ola bilsin, kimsə tərəfindən düşünülmüş şəkildə həyata keçirilib və saytlara buraxılıb. Bacım uşaqlarının heç biri o hadisədə iştirak etməyib, ola da bilməz...”
Hurriyyet.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat silahlı insidentin ölkə daxilində sabitliyi pozmaq məqsədilə törədildiyi barədə yayılan xəbərlərə də münasibət bildirib:
“Bir sıra saytlarda “vorzakon”lar, yaxud xaricdə olan insanlar barədə xəbərlər paylaşılması, təriflər yağdırılması gənclərə pis örnək ola bilir. Bəzi gənclərimizin özlərini elələrinə oxşatması müəyyən qədər dövlətimizin apardığı siyasətə təsir göstərir. İstəməzdim ki, belə insanların reklamı getsin, onlar haqqında fikirlər yönəldilsin. Təbii ki, savadı olmayan, həyatda öz yerini tapa bilməyən gənclərimiz ətrafdan səslənən “sən beləsən, eləsən” fikirlərinə inanıb, özünü bir şey sanır. Nəticədə, belə yollara əl atır, narkotik və bu tərkibli dərmanların satışında da iştirak edir.
Dövlətin güc strukturları hər gün narkotik satışı ilə bağlı faktları üzə çıxarır, narkotiklə məşğul olan insanlar həbs edilir. Dövlət tərəfindən bunun qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Lakin xarici gücün də təsiri böyükdür. Qonşu ölkələrdən narkotik məhsulların gətirilməsinə şərait yaratmaq, gənclərimizin müəyyən dərəcədə buna uyması, təbii ki, bütün dünyada olduğu kimi bizdə də problemdir. Narkotiklə məşğul olan insanlar maddi vəsaitləri olmadıqda min yola əl atırlar. Evdə ailələrinin olan-qalan əşyalarını satırlar.
Hipermarketdə baş verən insidenti törədən gəncin simasını görəndə, vallah, deməzdim ki, o insan terrorçu ola bilər, adam öldürə, pislik edə bilər. Deməli, narkotikə qurşanan gənclərimizin hərəkətləri onların simasından asılı deyil. Özlərindən asılı olmadan hər hansı hadisə törətməyə qadirdirlər. Fürsətdən istifadə edib, gənclərimizə pis vərdişlərdən uzaq olmalarını, dövlətimizin apardığı siyasətə zərər verməmələrini tövsiyə edirəm.
Gənclərimiz böyük işlər görüblər. 44 günlük müharibədə neçə-neçə şəhid vermişik. Şəhidlərimizin adlarına xələl gətirilməməlidir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın qarşıda böyük hədəfləri, görəcəyi işlər var. Dövlətimizin müstəqilliyi, gələcəyi gənclərimizdən asılıdır. İstərdim ki, onlar sağlam həyata, sağlam ruha malik olsunlar, dövlətimizin keşiyində dursunlar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172407