“Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq” - təhsil naziri

2022-07-28 11:51:00

“Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq” - təhsil naziri

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq”

Ötən gün təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinq keçirib. O, jurnalistlərin bir sıra suallarını cavablandırıb. Nazir qeyd edib ki, ilin sonuna kimi 137 min təhsil verənin sertifikasiyası və 68 minə yaxın heyət differensial əməkhaqqı sisteminə cəlb olunacaq. Onun sözlərinə görə, maddi-texniki bazası yenilənən məktəblərin sayının 2026-cı ilə kimi 86 faizə çatdırılması hədəflənib: “Peşə təhsilinə qəbul olan tələbələrin sayının əlavə 11 min nəfər artırılması nəzərdə tutulub. Yüksək peşə təhsili olan tələbələrin sayının isə 10 minə çatdırılması planlaşdırılır. 15 min nəfərin də qısamüddətli ixtisasartımına cəlbi düşünülür”.

Nazir əlavə edib ki, son dövrlər Azərbaycanda liseylərə maraq artıb. Bu il 18 600 şagird liseylərə qəbul üçün müraciət edib. Pandemiyaya görə sürprizlər hər zaman ola bilər. Payız ayında koronavirusa görə ayrı-ayrı məktəblərdə siniflərin bağlanması ola bilər. Amma məktəblərin tamamilə bağlanması gözlənilmir. O ki qaldı müəllimlərin sertifikasiyası ilə bağlı məsələyə çoxlu fikirlər səsləndirilir, izləyirik və heç bir narahatlıq yoxdur. Əməkhaqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir. Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq".

E.Əmrullayev əlavə edib ki, müəllimlərin işə qəbulu ilə bağlı imtahanlarda sualların satılması ilə bağlı məsələ də araşdırılır: “Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır. Sualların satılması ilə bağlı məsələ araşdırılır. Biz nöqsanın səbəbini araşdırırıq. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları  müəyyən ediləcək. Bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub. Hər hansı bir müəllim məsuliyyətsizlik edibsə, hüquq-mühafizə orqanları bunu araşdıracaq". E. Əmrullayev onu da əlavə edib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir: “Bu kimi hallar başqa ölkələrdə də baş verir. Müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllim də buna əməl etməlidir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Nazir onu da bildirib ki, xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib. Onlardan təxminən 240 nəfəri bakalavr, 433 nəfəri isə magistrdır: "Bu il üçün 400 nəfərin xaricdə təhsil üçün göndərilməsi planlaşdırılır. 80 nəfər bakalavr, 120 nəfər magistr üçün təqaüdlərimiz var. Yəqin ki, bu həftənin sonuna qədər proses tam yekunlaşacaq".

E.Əmrullayev əlavə edib ki, yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq: “Bu da bizi çox sevindirir. Bunun üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm”. Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub: “Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.

Nazirin sözlərinə görə, təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır: “Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır. Nümunə göstərilən ölkələrdə tədrisin müddəti təxminən 42-44 həftədir. Azərbaycanda isə bu 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-dək uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlərlə bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan dəyməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa, gələcəyi daha yaxşı olar. Təbii ki, oxumaq da qədərində olmalıdır. Şagirdlər oxumağa həmişəkindən 2 saat əlavə vaxt ayırsalar kifayətdir. Uşaq çox dincələrsə, böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyət də tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm".

Nazir məktəbli formaları ilə bağlı jurnalistlərin verdiyi sualı cavablandırıb: “Məktəbli forması ayrı-ayrı məktəblərin verəcəyi qərara bağlıdır. Şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb yoxdur. Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı var ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur”.

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055395