Buxarest sazişi nəyə hesablanıb: Yaşıl enerji investisiya qapılarını aralaya biləcək?

2022-12-19 21:51:00

Buxarest sazişi nəyə hesablanıb: Yaşıl enerji investisiya qapılarını aralaya biləcək?

Ruminyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Buxarest sazişinə görə, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkiləcək. Yəni Azərbaycanın külək enerjisindən əldə edəcəyi “yaşıl” enerjini öncə Gürcüstana, ordanda Ruminyaya ötürə biləcək.

Sazişə görə, ilkin etabda “yaşıl” enerji kabellərlə Ruminyaya ötürülsə də gələcəkdə nəqletmə sistemi vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə də nəql ediləcək.

Buxarest sazişinin əhəmiyyəti

Aydın məsələdir ki, saziş Azərbaycanın Avropa enerji bazarlarında önəmini artıracaq. Prinsip etibarilə Rusiya-Ukrayna müharibəsi dünya enerji bazarında xaos yaradıb. Bu xaos vəziyyətində isə ölkələrin istər ənənəvi enerjiyə, istərsə də yaşıl enerjiyə təlabatı əsaslı surətdə artıb.

Rəsmi Bakı uzun illərdir dünya enerji bazarında özünə yer qazanmağa çalışır. Son illərdə isə müharibənin də yaratdığı enerji böhranı fonunda Bakı səylərini maksimum dərəcədə artıraraq Cənubi Avropa və balkan ölkələrinin enerji təəsüratında pay qazana bilib. Prezidentin Albaniya, Bolqarıstan, Serbiya səfərləri də bu istiqamətdə işlərin davam etdiyini göstərir.

Lakin dövrün şərtlərinin dəyişməsi və ənənəvi enerji resurslarının təmiz yaşıl enerji ilə əvəzlənməsi prosesində Azərbaycan da müvafiq addımlar atır. Qısa zamanda görülən işlər və Buxarest sazişinin imzalanması onu göstərir ki, Bakının ənənəvi enerji vasitələri ilə birlikdə təmiz enerji istehsalı və satışında da qabaqcıl ölkələrdən olmaq istəyir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin iyun ayında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bu məsələyə toxunmuşdu. Prezident çıxışında

“Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edib və 2030-cu ilədək “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik” demişdi.

Bakının məqsədi

Azərbaycanın indiki məqamda yaşıl enerjiyə yönəlməsinin və bu sahədə dünyanın aparıcı ölkələrindən olmaq istəməsinin iki başlıca səbəbi var:

Birincisi, Azərbaycan Prezidenti bir çox sahədə olduğu kimi enerji təhlükəsizliyi məsələsində də uzaqgörən siyasət yeridir. Məsələ ondadır ki, bu gün Azərbaycanın neft-qaz ehtiyatları var, lakin karbohidrogen ehtiyatlarının sonsuz olmadığı və müəyyən dövrdən sonra tükənəcəyi reallığı alternativ enerji mənbələrinə təlabatın artmasına gətirib çıxarır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunur. Azərbaycanda hazırda bu tendesiya ilə ayaqlaşır.

Bu gün ölkəmizin sözügedən sahənin inkişafı üçün hər cür şəraiti və imkanları var. Misal üçün bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt dır. Külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

İkincisi, Azərbaycanın yaşıl enerji sahəsində belə bir sazişi imzalaması beynəlxalq enerji bazarında çəkisini artırır. İmzalanan Buxarest sazişi Azərbaycanı, xarici investiyisa qoyuluşu üçün cəlbedici ölkəyə çevrilir. Çünki rəsmi Bakının yaşıl enerji əldə etmək üçün nəzərdə tutduğu resursların böyük hissəsi işğaldan azad edilən ərazilərin payına düşür.

Azərbaycan hələlik Böyük Britaniyanın bp, Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub.

Bir neçə gün öncə isə Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə çərçivə sazişi imzaladı.

Azərbaycan bununla həm də işğaldan azad edilən ərazilərin bərpası istiqamətində işlərin sürətlənməsi üçün xarici investisiya da cəlb edə biləcək. Bütün hallarda Qərb Azərbaycanın enerji resurslarının Avropanı doydurmasını istəyirsə, o zaman investisiya kanallarının ağzını açmalıdır.

 

Politoloq Turan Rzayev

Hurriyyet.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.297364