“BÜTÜN ŞƏHƏRDƏ İŞIQLAR SÖNDÜ, AQİL NAMAZ QILDIĞI OTAQDAN BAŞQA”- “Otağın pəncərəsində Cəbrayıl Əleyhis-salamı gördüm”

“ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Rəşad Aslanov və Ömər Qurbanov dindirilib.
Musiqiçi olduğu bildirilən R.Aslanov ifadəsində Dubaydan gətirdiyi 4770 dollarlıq musiqi alətlərini Aqil Babayevə verdiyini bildirib. Onun sözlərinə görə, həmin vaxt Aqil Babayevin “İmam Mehdi” olduğuna inandığı üçün musiqi alətlərinin pulunu istəməyib.
Rəşad Aslanov daha sonra prosesdə, özü evsiz olsa da, kimsəsizlərə mənzil tikilməsi məqsədilə A.Babayevə 25 min dollar verdiyini iddia edib. “Aqil Babayevin kimsəsizlər üçün ev tikdirdiyini eşitdim. Bu səbəbdən, mən də kimsəsizlərə dəstək məqsədilə Aqilə 25 min dollar verdim”, - deyə o, bildirib.
Məhkəmə prosesi zamanı R.Aslanov onu da vurğulayıb ki, bir gün Aqil Babayevin ailəsinə məxsus 5 otaqlı evdə yanğın baş verib. Yanğın nəticəsində evin 4 otağı yanıb, yalnız A.Babayevin vaxtilə yatıb-durduğu, dua etdiyi otaq yanğından xilas olub. Bundan sonra o, A.Babayevin “İmam” olduğuna inanıb.
“Zərəçəkən” deyir ki, sonradan Aqil Babayevin “fırıldaqçı” olduğunu bilib, bu səbəbdən musiqi alətlərinin alınmasına xərclədiyi 4770 dolları və kimsəsizlərə ev tikilməsi üçün verdiyi 25 min dolları geri tələb edir.
Aqil Babayev məhkəmə zamanı bildirib ki, R.Aslanovun özünün yaşamağa evi olmadığı halda, guya, kimsəsizlərə mənzil tikilməsi üçün ona 25 min dollar verdiyi haqda iddiaları tamamilə gülüncdür. O, eyni zamanda “zərərçəkən”in ona 4770 dollarlıq musiqi aləti verdiyi haqda iddiaları da rədd edib. A.Babayev həmçinin onun ailəsinə məxsus evin 4 deyil, 3 otağının yandığını, bunun isə qısaqapanma nəticəsində baş verdiyini hakimin diqqətinə çatdırıb.
Digər “zərərçəkmiş” Ömər Qurbanov isə ifadəsində Aqil Babayevi nə vaxt “İmam” kimi qəbul etdiyi haqda danışıb. Onun sözlərinə görə, bir gün Aqil namaz qılarkən şəhərdə elektrik enerjisinin verilişi dayandırılıb, yalnız onun olduğu otaqda işıqlar sönməyib. “Bundan sonra, Aqil Babayevin İmam olduğuna inandım. Üstəlik, bu zaman otağın pəncərəsində Cəbrayıl Əleyhis-salamı da gördüm. Həmin vaxt mənə aydın oldu ki, məhz bu səbəbdən Aqilin namaz qıldığı otağın işıqları sönməyib”, - Ö.Qurbanov bildirib. Dediyinə görə, məhz bundan sonra Aqilin “İmam” olduğunu qəbul edib və ona imkanı olanda zəkat verməyə başlayıb.
Onu da qeyd edək ki, Ömər Qurbanov da ifadəsində Aqil Babayevin ata yurdunda baş verən yanğın nəticəsində onun yataq otağı yanmadığı üçün Aqilin “İmam” olduğunu qəbul edib.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. O, özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Jalə FAMİLQIZI
P.S. Ötən proseslərdə olduğu kimi, bu dəfə də bəzi zərərçəkmiş şəxslər “Hürriyyət”in əməkdaşına yaxınlaşaraq, adları gizli qalacağı təqdirdə məhkəmədə baş verən bir sıra həqiqətləri bizə açıqlayacaqlarını bildiriblər. Hansı ki, yuxarıda qeyd etdiyimiz fikirlər də məhz onların verdiyi məlumat əsasında oxucularımıza təqdim olunur.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya