Bütün rejimlərlə dil tapa bilən “ziyalılar...” - FİRUZ HAŞIMOV YAZIR

2022-12-27 10:26:00

Bütün rejimlərlə dil tapa bilən “ziyalılar...” - FİRUZ HAŞIMOV YAZIR

Müstəqil də olduq, lakey xislətli sələflərinin estafetini daşımaqdan utanmayan indiki titullu, çörək dərdi çəkməyən “ziyalıların” birinin dilindən Moskva irticasına qarşı bir kəlmə çıxmadı...

Sovet hakimiyyəti dövründə xalqımızın mənəvi aləminə qarşı təşkil edilən sui-qəsdlər heç pravoslav missionerlərinin yuxusuna belə girməzdi. Dövlət ilk gündən xalqın dininə, imanına, adət-ənənələrinə qarşı amansız inkarçı mövqedə dura bilən qələm sahiblərinin başlarına əl çəkdi. Məhrumiyyət içində böyümüş mühitə qarşı içlərində dərin nifrət bəsləyən, harınların göz qabağındakı tox həyat tərzini görməkdən bezmiş gəncləri yolundan çıxarmaq asan oldu. Bolşevik ideoloqlar nasistlərin belə bacara bilmədikləri işi gördülər, onlar bu iki qüvvəni birləşdirə bildilər. Ötən əsrin nəinki 30-cu, hətta 60-cı illərin mətbuatını, bədii əsərləri oxuyanda adam dəhşətə gəlir. Beş günlük dünyanın bir günlük gəda keyfi üçün bizim bütə döndərilmiş qələm sahibləri o zinakarlıq qalmadı ki, eləməsinlər.

Müstəmləkə ədəbiyyatının ordenli-medallı xadimlərinin əleyhinə çıxmaq, onların həyasız iftiralarını ifşa etmək qeyri-mümkün idi. Partiya orqanları, nökərə dönmüş  “tənqidçilər” ləşkəri onların keşiyində durmuşdular. Səməd Vurğundan üzü bu yana ta İlyas Əfəndiyevə kimi ədəbiyyat aləminin əyan-əşrəfi toxunulmaz sayılırdı. Azərbaycanın tarixi şəxsiyyətlərini yıxıb-sürüməkdən patoloji həzz alan bir sovet yazıçısı ya da şairi bircə dəfə də olsun Rusiyanın yırtıcıya dönmüş əxlaqsız simaları barədə ikicə kəlmə yazmadı. Ancaq Mərkəzi Komitənin izni ilə bu və ya digər simalar barədə yazmaq olardı.

Kremlin İran şahı ilə arası dəyəndə, fövrən əmr nazil olurdu və Araz, Təbriz, Səttarxan, Şəhriyar yada düşürdü. Elə ki, sakitlik düşürdü, Təbriz də unudulurdu. Ərdəbil də! Tək-tükü istisna edilməklə qələm sahiblərinin içində əməli saleh yox idi. 

Bütün dünya bilirdi ki, ABŞ-ın Vyetnam meşələrinə tökdüyü zəhərdən bizim pambıq tarlalarına da səpələnir. Səbəbini də hamı bilir...

Zəhərli sahələrdə işləyə-işləyə ağır bəlalara düçar olan qadınların, gəlinlərin sayı-hesabı yox idi. Bakıdakı müvafiq tibb müəssisələrinə müraciət edənlərin, ömürlük şikəst olanların sayı indi də məxfi saxlanılır. Moskvadan bir təşəkkür və bir bayraq almaq xatirinə respublika rəhbərliyi göz qabağında bütün millətin genefondunu da hərraca qoydu. 

Vaxtilə ABŞ plantatorlarının qara dərililərə rəva görmədikləri zülm-sitəmi pambıq rayonlarında partiya məmurları kənd əhlinin başına gətirirdi. Bəli, xəbər çıxırdı ki, qüssədən azad olun, Moskva yeraltı, yerüstü sərvətlərini vampir kimi sorduğu Azərbaycana bayraq verəcək. Axşam onu  görürdün ki, sarayın birinci, ikinci cərgələrində sinələri orden-medalla dolu rus, erməni veteranlar oturublar. Bunların hamısı da Bakıda yaşayanlar idi, bəziləri ömürlərində heç pambıq tarlasını da görməmişdi.  Amma təntənəli iclaslarda bunlar rəhbərlik üçün lazımi fonu yaradırdılar. Qalan cərgələrdə də rayonlardan gəlmiş “əmək qabaqcılları”, məmurlar əyləşərdilər.  O natiq yox idi ki, partiyanın atalıq qayğısından danışıb nitqini gurultulu bir şüarla bitirməyəydi.

...Pambıq rayonundan bir-iki fərqlənmiş kolxozçu qadını Bakıya gətirmiş məmur xanımın dediklərindən: - Bizi oteldə yerləşdirmişdilər. Təmiz yorğan-döşək, ağappaq  mələfə.... Səhər mənimlə qonşu otaqda qalan qadını çağırıb bir yerdə tədbirə gedəcəyimizi demək istədim. Qapı açıq idi, ehmalca hamam otağının qapısını da döydüm, səs-səmir gəlmədi. ...Yazıq qadın isti su ilə dolu vannada mürgüləmişdi. İlk sözü də bu oldu, bacısı, neçə saat desəniz, o iclaslarda oturub əl çalırıq. Onsuz da rus dilində olan çıxışları başa düşmürük. Bir-iki gün əl çalaq, hələlik bizi rayona aparma, axı özün bilirsən kənd-xarabada hamam, isti su nə gəzir?

...Alqışlar altında bayraq verilirdi. Amma xeyir-şər üçün vacib bir şey lazım gələndə hamı İrəvana üz tuturdu. Oraya gedənlər də o gün olmazdı ki, tox ermənilərin zəhərli atmacalarını eşidib, istehza dolu baxışlarını görməyəydilər.

... Mənim Azərbaycanın simasız, bütün rejimlərlə dil tapan qələm sahiblərinə nifrətim ona görə bitməz-tükənməzdir ki, o uzaq illərdə bütün dünya mətbuatı hakim üsuli-idarənin pambıq tarlalarına zəhər səpələməsindən və kənd camaatının böyük bəla ilə üzləşməsindən yazdığı halda bu xarabada bir kişi tapılmadı ki, səsini qaldırsın. Biri vəziyyətdən sui-istifadə edərək “tarixi” filmlər çəkib iftixar mənbəyi olan şəxsiyyətləri gorbagor edirdi, biri Türkiyədə kitab çap etdirməklə məşğul idi, digəri də qabağa getmək xatirinə hər vələdüzinalığa qol qoyurdu.

...Müstəqil də olduq, lakey xislətli sələflərinin estafetini daşımaqdan utanmayan indiki titullu, çörək dərdi çəkməyən “ziyalıların” birinin dilindən Moskva irticasına qarşı bir kəlmə çıxmadı. Axı Qarabağda baş verən tükürpədici faciələrin hamısında Moskvanın əli vardı. Rusiya hərbi dairələrinin əllərinə fürsət düşsə, bizi dəniz kənarında təşkil edilmiş sərgiyə görə parça-parça edər. Fitnə-fəsad törətməkdə usta olan Moskva onu da görür ki, Azərbaycan ziyalılarının yuxarı təbəqəsində ona qarşı neqativ münasibət bilmərrə yoxdur. Yuxarı təbəqə deyəndə bəziləri elə düşünər ki, əsl anadan gəlmə şəcərəli kübarlara xas olan məziyyətlər indi özlərini gözə soxmağa çalışan ədəbiyyat “mücahidlərində” var. Yoxdur, olmayacaq da!

...Otuz il keçdi, vaxtilə şəhadətə çatmış əzabkeşlərin kölgələrini qılınclayanların, onlara düşmən deyənlərin xələfləri nə qədər əlləşirlərsə ortaya bir abırlı əsər qoya bilmirlər. Əksinə, iqtidara arxalanaraq köhnə sandıqları da açmağa qoymurlar, bilirlər ki, onlardan atalarının adları çıxacaq.

Kiçik bir ricət

Rusiyadan insaf, mürvət, duz-çörəyə sədaqət gözləyənlərin yadlarına bəzi vaqiələri salmaq istərdim. XIX əsr rus mədəniyyətinin çiçəklənmə dövrü sayılır. Puşkin, Qoqol, Repin, Çayakovski, Tolstoy , Nekrasov əsri. Mən hələ onlarla aləmə məşhur şəxslərin adlarını sadalamıram. Məhz bu əsərdə rus yırtıcılar Orta Asiyada, Qafqazda elə ağıla sığışmaz cinayətlər törədiblər ki, bizim “qeyrətli” tarixçilər bu barədə danışmağa da utanıblar. Əsl genosid Qafqazda gedirdi, Yermolov və onun ardıclıları  təkcə aulları yandırıb, qocaları da, körpə uşaqları da qılıncdan keçirmirdilər, onlar indiki ermənilər kimi meşələri də yerli-dibli yandırıb  məhv edirdilər. Hələ indiyə qədər bi ərazilərdə bir kol da bitmir. Bizim ruspərəst şərəfsizlərin kulturtreqer ( yəni, mədəniyyət gətirən, yayan) kimi təriflədikləri rus zadəganlarının müsəlmanların başlarına gətirdikləri müsibətlərdən elə rus tarixçiləri ətraflı yazıblar. Məğrur, heç kimə baş əyməyən çərkəzlərin aqibəti, ubıx xalqının faciəsi, bizdən başqa dünyanın bütün tarixçilərinə bəllidir.

Rusiyanın tərifli cəmiyyətində bir tərəfdə Nekrasov, Tutçev kimi şairlər qəlbləri ehtizaza gətirən şeirlər yazırdısa, digər tərəfdə isə təhkimçi qadınlar azğın mülkədarın sevimli itinin küçüklərinə döşlərindən süd verirdilər. Bunu hamı bilirdi, amma qərinələr boyu bizlərə əsl humanist, azadxah kimi sırınmış  “dahi” rus yazıçılarından səs də çıxmırdı. Analar məcburiyyət qarşısında cins itlərin balalarını  döşlərindən əmizdirirdilər! Oxudunuz? Şərəfsizlər Azərbaycanda qadınların daima alçaldılıb kölə gününə salınmalarından yazırdılar. Bəziləri deyinəcək ki, mən ordan-burdan utanc gətirən faktları götürüb yazıram. Özünüz fikirləşin, analara belə münasibət bəslənən Rusiyadan biz nə gözləməli idik? İndi baş verənlərə sözünüz nədir? Ukraynanın  bir günahı var, sadəcə olaraq azad, müstəqil olmaq istəyir. Moskva telekanallarına baxıram, elə reportajlar gedir ki, elə bil bunlar dini bir, əsil-nəcabəti bir slavyan qardaşlarına qarşı yox, yadelli faşistlərə qarşı vuruşurlar. Rusiya həyasızcasına “sülhməramlı” adı altında hərbi hissələrini Qarabağa gətirir.

Elə düşünməyin ki, Moskva ermənilərin qaşına, gözünə açıq olub. O yaxşı bilir ki, ara sakitləşən kimi, bizim unutqanlıq mərəzimiz üzə çıxacaq, 1918-1920-ci illərin qətlamlarını, sonrakı illərdə baş vermiş qırğınları, müsibətli köçürülmələri yaddan çıxartdığımız kimi Qarabağ faciəsini də unudacağıq, məkr ustası sayılan erməni işbazları, nazlı, qəmzəli Nairi gözəlcələri Bakıya soxulacaqlar. Hərçənd ki, burada bizim vəzifəli, varlı-karlı soydaşlarımız arasında ermənilərin qohum-əqrəbasının sayı-hesabı yoxdur. Müstəqilliyimizə düşmən kəsilmiş XI qatillər ordusunun, Şaumyanın şərəfinə abidələr ucaldanda hansı “qeyrətli” şairimiz, yazıçımız dilləndi. Axı 37-38-ci illərin qorxusu arxada qalmışdı. İndi bilin ki, mən niyə Flora Xəlilzadəyə rəğbət bəsləmirəm. Unutqanlı azərbaycanlı ilə dil tapıb yağ-bal içində neynim demədən yaşayacaq erməniyə rus daha niyə lazımdır? Rusiya bununla Qafqazda güvəndiyi forpostundan həmişəlik məhrum olacaq. Məsələ budur.

Firuz HAŞIMOV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.328381