Saat:07:22
Haqqımızda

"Butün qanunsuz hərəkətlərin başında Kamran Əliyevin özü dayanır" - PREZİDENTƏ ŞOK MÜRACİƏT

2022-11-05 20:11:00

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayeva Kəmalə Balaş qızının etibarlı nümayəndəsi Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Daxil işlər naziri Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyevə müraciət edən müəllif bildirir ki, məqsədi Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı apardığı barışmaz mübarizəyə qoşulmaqdır.

Hurriyyet.az B.Abdullayevin məktubunu olduğu kimi dərc edir:

“Hörmətli Prezident!

Sizin apardığınız daxili və xarıci siyasət dünya ictimayətinin gözü qarşısındadır. Ancaq çox təəssüf hissi keçirirəm ki, görəsən, bu gün hakimiyyətdə olan bəzi məmurlar Sizin siyasi kursunuzu nəyə görə dəstəkləmir. Tutaq ki, hansı səbəbdən dəstəkləmirlər! Heç olmasa, Sizin siyasi kursunuza qarşı çıxmasınlar.

Çox təəssüf hissi keçirirəm ki, bəzi hallarda yetkili qurumlar da Sizin siyasi kursunuza qarşı çıxan məmurları tamaşaçı qismində seyr edir, onların qanunsuz əməllərinə göz yumurlar. Hansı ki, bu məmurların hərəkətləri dövlətimizə, dövlətçiliyimizə, millətimizə xəyanətdir. Bunların xəyanətlərinin nəticəsidir ki, milyonlarla vətəndaşın dilində  “ölkədə qanunlar işləmir” kimi frazalar əzbər olmuşdur.

Axı, məmurlar işləyirsə, bu dövlətə, dövlətçiliyə, bu millətə xidmət edirlərsə, onda nəyə görə milyonlarla insan  ölkəmizdə  “qanunlar işləmir” və “korrupsiya, rüşvətxorluq ötən illərə nisbətən dəfələrlə artmışdır”, - söyləyərək, od püskürürlər. Məmurlar bunları eşitmirlər?  Eşidirlərsə, nəyə görə susurlar? Bunlar dövlətdən ayrılan milyonlarla pulu mənimsəmək üçün çalışırlar?

Cənab Prezident!

Mən istərdim ki, qanunların doğru, dürüst və eyni cür tətbiqinə nəzarət edən prokurorluq orqanlarının, o cümlədən Baş prokuror Kamran Əliyevin qanunsuz hərəkətləri haqda faktları və subutları diqqətinizə çatdırım. Bu gün dövlətimizdə  “qanunlar işləmir”, “korrupsiya, rüşvətxorluq baş alıb gedir ”, “mütəşəkil cinayətkar birliklər, dəstələr hüquq mühafizə - prokurorluq  orqanları tərəfindən himayə olunur” və s. ifadələr işlədən insanların küçələrə axışmasını, haqqını tələb eləməsini Baş prokuror eşitmirmi, görmürmü? Bəli, eşidir də, görür də.  Bütün bu qanunsuzluqların başında Kamran Əliyev durur. Çünki qanunların tətbiqinə nəzarəti məhz prokurorluq orqanları həyata keçirir. Hətta ibtidai araşdırmaya prosessual rəhbərliyi də Prokurorluq həyata keçirdiyi üçün Kamran Əliyev daxili işlər orqanlarını da “paralizavat” etmişdir. Demək olar ki, rayon polis idarələrində ibtidai araşdırma rəzil vəziyyətdədir. İbtidai araşdırmaya rəhbərlik edən prokuror pulunu aldıqdan sonra törədilmiş və başa çatdırılmış cinayəti ört-basdır edir.

Hörmətli Prezident!

Yuxarıda adlarını yazdığım və müraciətimin surətini ünvanladığım məmurlar Kamran Əliyevin işinə qarışa, movqelərini nümayiş etdirə bilmirlərsə, heç olmasa Baş prokurorun qanunsuz hərəkətləri barədə, ən azı dövlətçilik naminə nəyə görə Sizə məlumat vermirlər? Baş prokurordan nəyə görə çəkinməlidirlər?

Şəxsən mən hüquq müstəvisində qarşılaşdığım problemlər - Baş prokurorun, Bakı şəhər prokurorunun və rayon prokurorlarının qanunsuz hərəkətləri barədə aşağıdakı faktları, subutları Sizə təqdim edirəm. Bu faktlar barədə Bakı şəhər prokuroruna və Baş prokuror Kamran Əliyevə dəfələrlə müraciətlər etmişəm və bu gün də müraciətlərimi davam etdirirəm. Çox təəssüflər olsun ki, heç bir nəticəsi olmamışdır. Çünki butün qanunsuz hərəkətlərin başında elə Kamran Əliyevin özü dayanmışdır.

Cənab Prezident!

Fakt odur ki, bağ evim məlum mütəşəkkil dəstə üzvləri tərəfindən oğurlanmış, talan edilmiş və mülkiyyətimə külli miqdarda ziyan vurulmuşdur. Törədilmiş cinayət hadisəsi barədə Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna və aidiyyəti üzrə Suraxanı rayon Prokurorluğuna rəsmi müraciətlər edilmişdir. Lakin heç bir müsbət nəticəsi olmamışdır. Sonda müraciətimin nəticəsi ilə bağlı qəbul edilmiş qərarı tələb etmişəm.

Suraxanı RPİ-nin rəisi müraciətimə cavab olaraq (20.04.2022-ci il tarixli,  096-7171A-1222 və 096-7172A-1222 saylı məktubu ilə) bildirir: “Suraxanı RPİ-nin Elektron Sənəd Dövriyyəsi Sistemində aparılan axtarışlar zamanı Polis İdarəsinin təhqiqatçıları, həmçinin İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən araşdırması aparılan material və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar barədə hər hansı məlumat aşkar edilməmişdir”.

İndi, görün, Suraxanı rayon prokuroru Rəşid Mahmudov müraciətimə 20.09.2022-ci il tarıxli, 753-Ş-22 saylı cavab məktubu ilə nə cavab vermişdir: “Sizin yaşadığınız evdən oğurluq edilməsi faktı üzrə tədbir görülməməsinə dair rayon Prokurorluğuna daxil olmuş müraciətinizə baxılmışdır. Bildirirəm ki, sizin yaaşadığınız evdən oğurluq edilməsinə dair Abdullayevanın müraciəti əsasında İstintaq Şöbəsində, şöbənin sabiq müstəntiqi Raqib Rəhimov tərəfindən araşdırılaraq 15 iyul 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılması ilə nəticələnmiş material saxlama müddətinin keçməsi ilə əlaqədar məhv edildiyindən material üzrə qəbul edilmiş qərarın əsaslığının yoxlanılması mümkün olmamışdır”.

Cənab Prezident!

Verilən cavab məktublarından belə nəticəyə gəlmək olur ki, ya Suraxanı rayon Polis İdarəsinin rəhbərliyi, ya da Suraxanı rayon prokuroru Rəşid Mahmudov yalan danışır. Çünki polislə prokurorun cavabları tam ziddiyyətli və əks cavablardır.

Əsl həqiqətdə isə odur ki, Suraxanı rayon prokuroru Rəşid Mahmudov yalan danışır. R.Mahmudovun bu kimi qanunsuz hərəkətlərə əl atmaqda məqsədi törədilmiş və başa çatmış cinayəti ört-basdır edən və ibtidai araçdırmaya rəhbərlik edən özündən əvvəlki prokurorun qanunsuz hərəkətlərinə don geyindirmək, pərdələmək olmuşdur. Rəşid Mahmudovdan soruşmaq lazımdır, bir halda ki, Daxili İşlər Nazirliyinin Statistik İnformasiya İdarəsində, Suraxanı RPİ-nin Elektron Sənəd Dövriyyəsi Sistemində, arxv məlumatlarında belə bir   məlumat aşkar edilməmişdirsə və materialın məhv edilməsi haqqında həqiqətən də belə bir məlumat, hüquqverici sənəd yoxdursa, o, Raqib Rəhimov adında müstəntiqin belə bir araşdırma aparmasını, cinayət işinin rədd edilməsi barədə qərar qəbul etməsini, çıxarılmış qərarın və materialın saxlanma müddətinin keçdiyi üçün məhv edilməsini hardan bilir? Rəşid Mahmudov açıqlamalıdır ki, yazdığı faktları hardan və necə əldə etmişdir. Üstəlik, ondan soruşmaq laızmdır ki, yazdığı faktlarla bağlı əlində hüquqverici hər hansı bir dakt varmı? Varsa, ortaya qoysun!

Hörmətli Prezident!

Hən hesab edirəm ki, daxili işlər orqanlarında törədilmiş və başa çatdırılmış cinayət barədə rəsmi məlumatın olmaması faktdır. Ancaq Suraxanı rayon prokuroru Rəşid Mahmudovun yazdıqları da faktdır. Sadəcə, prokurorun özünün qanunsuz hərəkətlərini təsdiq edən cinayət faktıdır. Çünki araşdırma Suraxanı RPİ-nin İŞ-ndən, Suraxanı rayon Prokurorluğu tərəfindən tələb edilərək götürülmüşdür. Prokuror  qanunvericiliyin tələbi əsasında öz səlahiyyətindən istifadə  edərək araşdırmanı özü aparmışdır. Sonda qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, cinayətin üstünü ört-basdır etmişdir. Ümumiyyətlə, materialı aradan çıxararaq cinayətin izini itirməyə nail olmağa səy göstərmişdir. Bəlkə də cinayət işinin materialları bu gün də Suraxanı rayon Prokurorluğundadır, sadəcə olaraq Rəşid Mahmudov özündən əvvəlki prokurorun cinayətlərinin üstünü açmaq iştəmir.

Məlum məsələdir ki, ört-basdır edilmiş cinayətin üstünün açılmamasına bu gün Baş prokuror Kamran Əliyev və Bakı şəhər prokuroru Elşən Abbasov rəhbərlik etməkdədir.

Cənab Prezident!

Yuxarıda qeyd etdiyim faktları nəzərə alıb, prokurorlar tərəfindən qapadılan cinayət işinin üstünün açılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Növbəti müraciətlərimdə Nərimanov rayon prokurorunun, Binəqədi rayon prokurorunun və Salyan rayon prokurorunun qanunsuz hərəkətləri barədə məlumat verəcəyəm.

Fikrimi dahi Nizami Gəncəvinin aşağıdakı müdrik misraları ilə yekunlaşdırmaq istəyirəm:

Bir olsa yoldaşın,dostun əməli

Daşdan su çıxarar onların əli...

Bəli, hamımız bir olsaq dövlətimiz, dövlətçiliyimiz daha da inkişaf edəcəkdir. Amalımız ədalətsizliyə qarşı ədalətli mübarizə aparmaqdır”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR