Bütün müqəddəslər övladdan sonra gəlir...

2022-09-16 15:21:00

Bütün müqəddəslər övladdan sonra gəlir...

Qadın hamilədir.

Kişi qapı-qapı gəzib, iş axtarır. Həyat yoldaşını müayinələrə aparmalıdır. Bir neçə aydan sonra ata olacaq.

Dövlət yox.

Kişi birtəhər bir fəhlə işi tapır; odun yığır, satır. Kiminsə həyətində qul kimi işləyir. Hansısa oliqarxın obyektində sement torbası daşıyır. Beş-üç manat qazanıb, yoldaşını müayinələrə aparır.

Dövlət yox.

Aylar keçir. Yenə atanın fəhləlik pulu hesabına uşaq doğulur.

Dövlət yox.

Fəhləlik pulları hesabına yarı nağd, yarı nisyə evə pampers paketləri, uşaq yeməkləri ayaq açır.

Dövlət yox.

Uşaq xəstələnir.

Dövlət yox.

Uşaq bağçaya gedir.

Dövlət yox.

Uşaq məktəbə gedir.

Dövlət yox.

Dövətin məktəbində təhsil də yox, dövlət də yox.

Uşaq hazırlığa gedir.

Dövlət yox.

Ali məktəbə qəbul olur.

Dövlət yox.

Elə ki, uşaq 18 yaşa çatır və ya oxuyursa ali məktəbi bitirən kimi dövlət bir göndəriş göndərir. Yadına düşür ki, ucqar kənddə yaşayan və ya şəhərdə fəhləlik edən Mehralı kişinin ailəsində 18 il əvvəl bir oğlan uşağı dünyaya gəlib. Tez valideynlərinə xəbər salır ki, bəs sizin mənim heç bir iştirakım, qayğım olmadan dünyaya gətirib, yeməyib yedirdiyiniz, içməyib içirdiyiniz, geyməyib geyindirdiyiniz oğlunuzun dövlətə borcu var, onu yerinə yetirməlidir. Ana əllərini göyə açıb, yalvarır ki, bircə cəbhə bölgəsinə düşməsin.

Uşaq gedir və bir neçə ay sonra dördkünc qutuda üstünə bir bayraq da sərib, göndərirlər ki, "gözünüz aydın, oğlunuz şəhid oldu".

Və ya şanslı olub, xidmətini bitirib, geri qayıdır. Atasının taleyini yaşayır. Düşür qapı-qapı iş axtarmağa. İş də torpağının altı da, üstü də sərvətlə zəngin olan ölkədə tapılmır ki, tapılmır. Bir də haradansa eşidir ki, bəs həyatının heç bir mərhələsində iştirak etməyən dövlət bu laçın oğlana gözəl imkanlar təklif edir - çəkmələrini, hərbi geyimini geyinib, gəlsin. Gedib, cəbhədə aslanlıq eləsin. Ona hər ay 800 azn (olsun lap 1000-1500) məvacib verəcək. Gözləri kəlləsinə çıxır. Düşünür: "Başqa çarə yoxdur. 800 manat da az deyil. Atam onu bir ay üst-üstə görməyib. Bu yolla həm evi dolandıraram, həm də evlənərəm. Maşın alaram". Hələ cəbhədə can qoymaq üçün də kreditdən, borcdan götürüb, kimlərəsə "şirinlik" verir. Gedir. Hər əzaba dözür. Çalışır, vuruşur, can qoyur. Özü kimi bir kasıbın qızıyla da evlənib, ailə-uşaq sahibi olur. Və nəhayət günlərin bir günü fəhlə oğlu fəhləni qutuda öz doğma kəndinə yola salırlar. Bir ata, ana övladsız, bir qadın ərsiz, bir uşaq atasız qalır. Kasıbdan yetim törəyir. Bütün əziyyətlər boşa gedir; Ananın hamiləlik sancıları. Atanın o sancıları xəfiflətmək üçün alnından süzülən tər. 18-20 ilin zəhməti. Genin nəsilartırma instinkti. Ata sevgisi, ana məhəbbəti, qadın eşqi, uşaq arzusu. Hər şey...Hər şey sona yetir.

Hamı eyni təsəlliylə gəlir: "Şəhidlik müqəddəsdir". Bir ana, bir ata üçün bütün müqəddəslər övladından sonra gəlir. Çünki insanın ən ali arzusu "həyatda qalmaq" , ən böyük qorxusu "yox olmaq"dır. Övlad valideynin həyatda qalmaq zəmanətidir.

Üç-beş gün hərə bir torbanı götürüb, gəlir, bir az təskinlik verib, gedir. Üç-beş gündən sonra nə camaat var, nə dövlət.

Bəli, vətənin varlığı, dövlətin suverenliyi uğrunda candan keçmək olar. Təbii ki, sənin dövlətin, vətənin, toplumsal, milli, ictimai varlığın təhlükə altındadırsa. Ancaq dövlət də vətəndaşa vətəndaşı borclu hesab etdiyi qədər borcludur. Vətəndaş olmasa, dövlət də yoxdur. Torpağının altı da, üstü də sərvət olan vətən kimlərisə vəzifə başında otuzdurub, vəzifədən sui-istifadə edərək vətəndaşın malını yedizdirirsə, bahalı maşınlarda gəzdirir, hər gün bir modellə bahalı otellərin yataq otağına salırsa və kimlərisə süründürürsə, kasıblıqla, aclıqla, bir tikə çörəklə sınağa çəkirsə, ailəsinin, uşağının qarşısında pərt edirsə, üstəlik döyüş cəbhələrində qanını tökürsə, ataların belini bükür, anaların sinəsinə dağ çəkir, gənc qadınları yasa batırır, körpə uşaqları yetim qoyursa, laçın-laçın oğlanları Laçının dərələrindən aşağı yuvarlayırsa, o vətən də, o dövlət də ədalətsizdir, öz vətəndaşına biganədir, ona dəyər vermir.

Vətənpərvərlik təkcə ələ silah alıb döyüşməkdən, keşik çəkməkdən ibarət deyil. Hətta əldə silah keşik çəkmək özü də vətəndaşın yaşamasına xidmət edir. Vətən üzərində gəzib, suyunu içib, havasını udduğumuz, eyni zamanda üzərində konpakt məskunlaşıb, mədəniyyət, cəmiyyət yaratdığımız məkandır. Vətəndaş yaşamadığı təqdirdə hansı mədəniyyət yaranacaq, cəmiyyət qurulacaq?!

Sən vətənsənsə, mən də vətəndaşam. Sən dövlətsənsə, mən də sənin bir üzvünəm. Sən məni təmsil edirsən. Məni sən yaratmamısan, səni mən qurmuşam. Sən məni yaşatmalısan ki, mən sənin varlığını qoruya bilim. İnsan bütün ideologiyalardan üstündür. Vətəndaş vətəndən öncə gəlir. Vətəndaşı olmayan vətən qarğa yuvasından, çaqqal bərəsindən, dovşan dərəsindən ibarətdir.

Papağını qabağına qoy, yaxşı-yaxşı düşün, Vətən!

Vüsalə ƏLİZADƏ


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057558