“Bütün iştirakçılara 12 xal vermişəm” - Əfəndidən növbəti açıqlama
“Astanada keçirilən Silk Way Star finalında Azərbaycanı münsiflər heyətində təmsil etmək mənim üçün böyük şərəf idi.”
Hurriyyet.az xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi sosial media hesabında yazıb.
O, "Silk Way Star" beynəlxalq musiqi layihəsində erməni iştirakçı Saro Gevorqyanla bərabər digər bütün iştirakçılara 12 xal verdiyini açıqlayıb:
“Bu layihənin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikası, Jibek Jolly və Silk Way Star komandasına səmimi təşəkkürümü bildirirəm.
Finalçıların hər biri yüksək səviyyəli, istedadlı və səhnə mədəniyyətinə malik ifaçı idi; onların hər biri öz unikal səsi, performansı və yaradıcılığı ilə finala layiq görülmüşdü. Buna görə də 12 ölkədən finala çıxan 7 ölkənin hər birini ən yüksək xal ilə qiymətləndirdim:
• Çin — 12 xal
• Ermənistan — 12 xal
• Gürcüstan — 12 xal
• Qazaxıstan — 12 xal
• Malayziya — 12 xal
• Monqolustan — 12 xal
• Özbəkistan — 12 xal
Bu, hər bir iştirakçının əməyinə və istedadına olan hörmətimin ifadəsidir.
Mənim üçün musiqi siyasətdən kənardır və həmişə insanları birləşdirən bir vasitə olaraq qalacaq”.
Qeyd edək ki, Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması tənqidlərə səbəb olub.(musavat)
