Saat:07:56
Haqqımızda

“BÜTÜN BUNLARA GÖRƏ PREZİDENT CAVAB VERƏCƏK...” - Əhmədovla Priqojinin telefon danışığı “bomba effekti” yaradıb + AUDİO

2023-03-27 12:48:00

“BÜTÜN BUNLARA GÖRƏ PREZİDENT CAVAB VERƏCƏK...” - Əhmədovla Priqojinin telefon danışığı “bomba effekti” yaradıb + AUDİO

Sirr deyil ki, Ukraynada davam edən işğalçılıq müharibəsinə və Putin hakimiyyətinin yürütdüyü siyasətə Rusiya elitasının münasibəti günbəgün pisləşməkdədir. Hələ müharibə başlayanda bir çox rusiyalı oliqarxlar, məmurlar, elm, incəsənət adamları və s. bu avantüranın Rusiya üçün olduqca baha başa gələcəyini proqnozlaşdırmışdılar və onların bir hissəsi Rusiyanı tərk etmişdi. Rusiyada qalanların isə böyük əksəriyyəti artıq müharibənin bir ilinin tamamında hadisələrin Rusiyanın məğlubiyyətinə və hətta dağılmasına doğru getdiyini anlayır və narahatlıqlarını gizli, bəzənsə açıq formada büruzə verirlər.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovla Rusiya elitasının digər nümayəndəsi – tanınmış prodüser və iş adamı İosif Priqojinin ötən gün mətbuata və sosial şəbəkələrə sızdırılan telefon danışığı böyük əks-səda doğurub. Həm Rusiyada, həm Ukraynada, həm də Qərb mətbuatında bu mövzuya geniş yer verilməkdədir.

Məsələ ondadır ki, bu telefon söhbətində hər iki tərəf Putin hakimiyyətini və şəxsən Rusiya başçısını kəskin tənqid edir, Ukraynadakı müharibəyə görə qınayır. Bunun Rusiyaya çox baha başa gəldiyini bildirir və Rusiya elitasının düşdüyü durumdan, sanksiyalardan, gələcəyin qaranlıq görünməsindən gileylənir. Hətta Rusiyanı “faşizm və diktatura” gözlədiyini bildirirlər.

Məsələn, İ.Priqojin Putini və onun ətrafını nəzərdə tutaraq, “onlar cinayətkardırlar” deyir.

Fərhad Əhmədov isə bu müharibənin hər bir gününün çox baha başa gəldiyini qeyd edərək, “orada nə qədər günahsız insan əziyyət çəkir, nə qədər qan tökülür”, - deyə bildirib.

Priqojin Putinin ətrafını “həşəratlar” və “alçaqlar” adlandırır. Eyni zamanda bildirir ki, Putinin yaxın adamlarından olan “Rosneft”-in rəhbəri İqor Seçin və “Rosqvardiya”nın başçısı Viktor Zolotov birləşərək, Müdafiə naziri Sergey Şoyqunu hədəfə alıblar. Məqsəd isə müharibədəki məğlubiyyətə görə bütün məsuliyyəti onun üzərinə atmaqdır. Ardınca Priqojin Putini nəzərdə tutaraq, deyir: “Görürsən o, nə etdi? O, şahmat lövhəsində onları qarşı-qarşıya qoydu ki, təki özünü xilas etsin”.

Fərhad Əhmədov isə cavabında bildirir: “O, xilas ola bilməyəcək, hər şeyə görə o cavabdehdir. Bizdə respublikadır, Prezident ölkəsidir. Bütün bunlara görə Prezident cavab verəcək. Ondan hesab sorulacaq..”

Əhmədov Putini nəzərdə tutaraq, “o, deyir ki, ən başlıcası ordudur, lakin məlum olur ki, ordu da yoxdur”. Milyarder Ukraynadakı müharibəni “qardaş qırğını” adlandırır və bu müharibədə qalib gəlməyin mümkün olmadığını bldirir.

Priqojinə Rusiya hakimiyyəti ilə məsafə saxlamağı məsləhət görən Əhmədov daha sonra əlavə edir ki, Putin geri çəkilməyəcək və bu qarşıdurma hələ uzun müddət çəkəcək: “O, geri çəkilməyəcək, irəli isə gedə bilmir. Orada didişmədir. Bu tarakanlar stəkanda bir-birini gəmirirlər... Onlar bir-birilərini boğacaqlar. Çünki onlar batırlar. Onlar başa düşürlər ki, hər şey bitib...”

Ardınca Azərbaycan əsilli milyarder şəxsən Putinin ünvanına kəskin ifadələr işlədir: “Onun heç nə vecinə deyil (söyüş söyür-red.), xalq vecinə deyil. O, şeytandır...”

Fərhad Əhmədov Putini və Dmitri Medvedevi nəzərdə tutaraq, onları “böyüməmiş liliputlar” adlandırır.

Sözügedən telefon söhbətinin iki ay əvvəl qeydə alındığı güman olunur. Priqojin artıq baş verənlərə münasibət bildirərək, danışıqdakı səsin ona aid olmadığını, danışığın montaj edildiyini və yayılan məlumatın “feyk” olduğunu iddia etsə də, buna demək olar ki, heç kim inanmır. Hətta Rusiya FTX-sının adı çəkilməyən nümayəndəsi mətbuata səsyazmanın gerçək olduğunu bildirib və hətta bununla bağlı araşdırma aparıldığını deyib.

Telefon danışığının hansı xüsusi xidmət orqanı tərəfindən lentə alındığı və paylaşıldığı barədə isə konkret məlumat verilmir.

Fərhad Əhmədova gəlincə, milyarder həmsöhbətindən fərqli olaraq susur və hələlik sosial şəbəkələrdə və mətbuatda bomba partlayışı effekti yaradan hadisəyə münasibət bildirməyə tələsmir.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR