BURBULİS BAKIDA RUSİYA KƏŞFİYYATI TƏRƏFİNDƏN ÖLDÜRÜLÜB? – ADP hakimiyyətə müraciət etdi

2022-06-21 09:43:00

BURBULİS BAKIDA RUSİYA KƏŞFİYYATI TƏRƏFİNDƏN ÖLDÜRÜLÜB? – ADP hakimiyyətə müraciət etdi

Partiya hakimiyyəti ölüm faktından ölkəmizin əleyhinə yönələ biləcək məkrli addımları diqqətə alaraq, önləyici araşdırmalar aparmağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi K.Dömfredin Azərbaycana səfərinin nəticələri barədə müzakirə aparıb və səfərin ikitərəfli əlaqələrin inkişafında müsbət əhəmiyyətini qeyd edib. Son vaxtlar ABŞ və Azərbaycan arasında əlaqələrin intensiv xarakter almasını, ölkəmizin beynəlxalq təhlükəsizlik məsələlərində rolunun artmasını diqqətə çəkən partiya yetkililəri bu əlaqələrin daha da inkişaf etdirilməsinin, qarşılıqlı strateji əməkdaşlığın müxtəlif platformalar üzrə dərinləşdirilməsinin vacibliyini bildirib.

İdarə Heyəti Rusiya Dövlət Dumasının deputatı Y.Fyodrovun SSRİ-nin bərpası ilə bağlı rəsmi çağırış etməsini, bu cür çağırışların Azərbaycanda olan “beşinci kolon” nümayəndələri tərəfindən dəstəkləməsini qətiyyətlə pisləyib. Yarandığı dövr ərzində bütün postsovet ölkələrini imperiya siyasətinin qurbanına çevirən, onların maddi və mənəvi varlığını sarsıdan, dini, etnik, mədəni kimliyini aşağılayan, xalqlar arasında bu gündə qarşısı alınmayan münaqişələr törədən, milyonlarla insanı işgəncələrə, repressiyalara məruz qoyan belə bir rejimin təzədən dirçəldilməsinə cəhd edilməsini Putin Rusiyasının mənfur rejimini qorumaq cəhdi kimi dəyərləndirən partiya rəsmiləri hakimiyyəti bu cür avantürist çağırışlara adekvat reaksiya verməyə, ölkəmizdə bu ideologiyanın daşıyıcısı olan ünsürlərin fəaliyyətinə qadağa qoymağa çağırıb.

İdarə Heyəti 9-cu Qlobal Bakı forumunun nəticələrinə münasibət bildirib və ölkəmizin dünya ölkələri ilə əlaqlərinin inkişaf edirilməsində, xüsusilə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, işğal olunmuş ərazilərimizdə erməni vandallarının törətdiyi vəhşiliklərin əyani təqdimatında bu cür görüşlərin əhəmiyyyətini qeyd edib. Həmçinin, İdarə Heyəti bu görüşdə ölkə başçısının Laçın yolu və Ermənistan tərəfin ərazi bütövlüyümüzü tanımadığı halda adı çəkilən ölkənin ərazi bütövlüyünü tanımayacağımız barədə verdiyi vacib mesajları təqdir edib.

İdarə Heyəti bu ilin dövlət büdcəsində xərclənməyən vəsaitlərin digər illərdən fərqli olaraq daha vacib sahələrə, əhalinin aztəminatlı təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması və qazilərin, bütün müharibə iştirakçılarının problemlərinin həllinə yönəldilməsinin vacibliyini hakimiyyətin diqqətinə çatdırıb.

İdarə Heyəti bir sıra Avropa dövlət başçılarının Ukraynaya səfərlərinin intensivləşməsini, onların Ukrayna xalıqına hərbi, siyasi, mənəvi dəstəyini artırmasını təqdir edib, bu səfər və yardımların təcavüzkar Rusiyaya qarşı ən tutarlı cavab olduğunu qeyd etməklə, türkdilli dövlət başçılarının da bu cür səfərlərdə iştirakını vacib hesab edib.

İdarə Heyəti Sanktpeterburq forumunda Qazaxıstan prezidenti C.Tokayevin erməni jurnalistin Rusiyanın əli ilə yaradılan qondarma “dövlətlər”in tanınması ilə bağlı yönəltdiyi təxribatçı sualına Luqansk və Donetsk də daxil olmaqla, özünü elan edən qondarma, kvazidövlətlərin heç birini tanımayacağı barədə verdiyi cəsarətli cavabı təqdir edib və digər postsovet ölkə rəhbərlərini də bu cəsarətdə bulunmağa çağırıb.

İdarə Heyəti Rusiyanın sabiq baş nazir müavini G.Burbulisin Bakı səfəri zamanı qəflətən vəfat etməsini ciddi narahatlıqla qarşılayıb və məsələsinin şübhəli tərəflərinə diqqət çəkib. Bu ölümün əsasında onun Putin rejimini qane etməyən çıxışlar etməsi faktının dura biləcəyini diqqətə çadıran partiya rəsmiləri hakimiyyəti Rusiya təcrübəsində bundan əvvəl də tanınmış siyasi xadimlərin simasında bu cür ölümlərin ortaya gəlməsini nəzərə alaraq, həmçinin ölüm faktından ölkəmizin əleyhinə yönələ biləcək məkrli addımları diqqətə alaraq önləyici araşdırmalar aparmağa çağırıb.

İdarə Heyəti Ukrayna və Moldova respublikalarının Avropa Birliyi üzvülüyünə namizədlik məsləsinin gündəmə gəlməsindən məmnunluğunu ifadə edib və AB ölkələrini Gürcüstan və Azərbaycanla bağlı da bu addımları atmağa çağırıb.

İdarə Heyəti ADP İmişli RT-nın sədri Məhbub Zülfüqarlının son zamanlar yerli hakimiyyət orqanları tərəfindən təqib olunması, ona qarşı qondarma ittihamlar irəli sürülməsi faktını müzakirə edərək dərin narahatçılığını ifadə edib, baş verənləri yerli hakimiyyət orqanlarının özbaşınalığı kimi dəyərləndirib və İmişli rayon yerli hakimiyyət orqanlarını Məhbub Zülfüqarlıya qarşı apardığı sifarişli məhkəmə çəkişmələrinə son qoymağa çağırıb.  

Hazırladı: KƏNAN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya