"Bununla, xalq olaraq bizi alçaltmağa, təhqir etməyə çalışdılar"

2022-09-16 11:50:00

"Etiraf edim ki, şəhid Səbuhinin (ruhu qarşısında baş əyirəm!) qardaşının dünənki "təkzib" videosu məndə ağır bir çöküntü yaradıb. Neçə saatdır özümə gələ bilmirəm. Sonuncu dəfə belə sarsıntını 2018-də Bakıda Tərtər qətliamının iki qurbanı ilə danışandan sonra yaşamışdım. Eşitdiklərimə inana bilmirdim".

Hurriyyet.az xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu şəhid qardaşının ondan "komando" kursu üçün 6 min manat rüşvət istənilməsi ilə bağlı daha əvvəl səsləndirdiyi iddiaları təkzib etməsinə münasibət bildirərkən deyib. Ə. Oruclu kimlərinsə şəhid qardaşını "təkzib videosu" çəkməyə məcbur etdiyini deyib:

"İndi də görüklərimə inana bilmirəm: iki gün əvvəl şəhid qardaşının xidmətə necə qəbul edildiyini deyən onsuz da qəlbi qırıq gənc tək ümidi olan qardaşını itirdikdən sonra ikinci dəfə sındırıldı. Kimsə həmin dəhşətli mənzərəni bizi xalq olaraq alçaltmaq, kimsə təhqir etmək, kimsə də mənəvi-psixoloji məhv etmək sayır.

Hamısı ilə razılaşmaq olar, amma məni dərindən düşündürən baş verən hadisənin ayrı bir aspektidir. Anladığım bu oldu ki, heç bir mənəvi çərçivəsi, məhdudiyyət anlayışı olmayan məxluqlarla üz-üzəyik və bu, təkcə alçaldılmaq, təhqir olunmaq imkanı deyil. Bu, fəlakətli bir təhlükə ilə üz-üzə qalmaqdır. Bəli, məhz təhlükə ilə.

Ona görə ki, insanları çirkin əməllərdən çəkindirən təkcə qanundan, qaydadan, qınaqdan qorxu yox, daha çox öz daxili çərçivələridir. Məsələn, birisi satqınlıq etmir, çünki bunu alçaq əməl sayır, ikincisi haram yeməyi günah sayır, üçüncüsü adam öldürməyi qorxulu əməl bildiyindən bunu etmir.

Dördüncüsü isə bunların hamısını edir, çünki onun heç bir mənəvi çərçivəsi yoxdur. Belələri də təkcə insana yox, insanlığa qarşı təhlükə mənbəyidir. Təsəvvür edin, körpə yaşından valideyn qayğısından məhrum olmuş və bütün ümidini yeganə qardaşına bağlamış bir gənc onu da itirir. Bu, artıq bir fəlakətdir.

Yaranmış ağır durumda açıb həqiqəti deyir. Həqiqət isə budur ki, həyatdakı yeganə güvən yeri olan qardaşı bir qədər artıq maaş almaq üçün borca girib rüşvət verərək xidmətə gedir və şəhid olur. Bu da azmış kimi, şəhid qardaşının qanı qurumamış onu belə bir "təkzib" videosu yaymağa sövq edirlər.

Sövq, vadar və ya məcbur edirlər, bunun heç bir fərqi yoxdur, son nəticədə ona bunu etdirirlər. Halbuki onun birinci videoda dediyi rüşvət faktını aylarla "araşdırmaq" və sonda demək olardı ki, Səbuhi şəhid olduğundan kimə rüşvət verdiyini müəyyən etmək mümkün olmadı. Belə etmək olardımı? Əlbəttə olardı, amma etmədilər.

Mümkün olan ən pis variantı seçdilər və bununla xalq olaraq bizi həm alçaltmağa, həm təhqir etməyə, həm də ən həssas dəyərlərimizi açıq həqarətə məruz qoymağa çalışdılar. Amma bu da baş verən hadisənin ən pis tərəfi deyil. Ən pis tərəfi odur ki, heç bir mənəvi çərçivələrinin olmadığını açıq şəkildə nümayiş etdirdilər.

Bu isə dediyim kimi, təkcə təhqir, aşağılama və s. deyil. Bunun adı təhdiddir, çünki bununla demək istədilər və dedilər ki, baxın, heç bir çərçivəmiz yoxdur və nə istəsək onu edərik. Edərik və edirik də. Bu isə hansı böyük bir təhlükə ilə üz-üzə olduğumuzun, başımıza nələrin gələ biləcəyinin açıq anonsudur.

Xüsusilə də həmin anonsu verənlər və həmin təhlükənin mənbəyi olanlar geniş səlahiyyətlər, böyük imkanlar və qeyri-məhdud hakimiyyət ələ keçirmiş şəxslərdirsə. Bu isə artıq təhqir olunmaq, aşağılanmaq deyil, istənilən anda heç bir səbəb və ya əsas olmadan ən qəddar şəkildə həyatından məhrum edilə bilmək deməkdir.

Anlayıram ki, bir çox insan alçaldılmaqdansa, təhqir olunmaqdansa bəlkə də ölümü seçərdi. Bəs həmin təhlükə doğmalarımızın, əzizlərimizin və ya elə övladlarımızın başı üzərinə çöksə necə?

Bax, bu haqda da düşünməyə dəyər məncə. Özü də yaxşı-yaxşı düşünməyə..."

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov əvvəlcə, qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddi edib. Daha sonra is o, qardaşının bankdan kredit kimi götürdüyü sözügedən 6 min manatı ailədaxili məsələlərə xərclədiyini bildirib.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063260