Bumeranq qanunu işə düşdü? Eyni ssenarinin iki müxtəlif tərəfi…

2021-09-14 09:17:00

Bumeranq qanunu işə düşdü? Eyni ssenarinin iki müxtəlif tərəfi…

Son günlər intim videoları ilə gündəmə gələn yüksək rütbəli Azərbaycan məmurları (sabiq deputat, YAP-ın Suraxanı Rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşov, “Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin sədri Nəbi Qafarov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Nicat Nəsirli, eləcə də Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev) barədə mətbuatda, sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir.

Təbii ki, onların hərəkəti təqdirəlayiq deyil. Bu vəziyyətdə qurban olsalar da, öz davranışları ilə dövlət məmuruna, ziyalı, ağsaqqal Azərbaycan kişisinin adına ləkə yaxırlar. Əslində sözügedən videolar iqtidar təmsilçilərinin nə qədər əxlaqsız həyat tərzi keçirmələrini əyani şəkildə bütün cəmiyyətə göstərdi. Mİlli Məclisin, YAP-ın iclaslarında, müxtəlif dövlət tədbirlərində özlərini samballı aparmağa çalışan, yeri gəldi-gəlmədi cəmiyyətə əxlaq dərsi keçməyə qalxan məmurların maskası yırtıldı, iç üzləri hər kəsə bəlli oldu.

Amma bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gəlincə isə, unutmaq olmaz ki, biz dünyəvi, demokratik dövlətdə yaşayırıq və dövlət qanunvericiliyində kimliyindən asılı olmayaraq, istənilən vətəndaşın şəxsi həyatına müdaxiləyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Amma nədənsə, artıq davamlı xarakter alan, hansısa şəbəkə tərəfindən, sırf məmurlara qara yaxmaq üçün həyata keçirildiyi iddia olunan bu kampaniya müfafiq dövlət qurumları tərəfindən durdurulmur. Yalnız qurbanlar cəzalandırılır, tutduqları vəzifələrdən azad edilir, təmsil olunduqları partiya sıralarından kənarlaşdırılır. Kimliyi açıqlanmayan günahkarlar isə cəzasız qalır. Hərçənd, özünü, üzünü gizlətməyən bu “gecə kəpənəkləri”nin şəxsiyyətini müəyyən etmək su içmək kimi asan bir işdir.

Burdan belə bir sual meydana gəlir: bu “xanımlar” kimin tapşırığını yerinə yetirir, onların arxasında kimlər dayanır?

Özünüz düşünün, yüngül əxlaqlı qadın belə bir təhlükəli işə nədən qol qoysun, nədən özünü oda atsın? Bəlli ki, kiminsə tapşırığını yerinə yetirirlər. Demək, qara piar kampaniyası ilə bağlı iddialar heç də əsasız deyil.

Əslində müxalifət nümayəndələrini şantaja məruz qoyanların cəzalandırılmaması anlaşılan idi, amma bu gün kifayət qədər nüfuzu olan iqtidar mənsublarının şantajçılarının cəzasız qalması belə düşünməyə əsas verir ki, bu qarayaxma kampaniyasının arxasında duranlar kifayət qədər ciddi qüvvələrdir, o qədər ciddi ki, hətta hüquq mühafizə orqanları belə onlara bata bilmir, ya da....

Amma bu kampaniya yeni deyil. “Azadlıq” radiosunun Bakı Bürosunun keçmiş sədri, araşdırmaçı jurnalist  Xədicə İsmayılın, «Azadlıq» qəzetinin baş redaktoru, «Azərbaycan saatı» verilişinin müəllifi, hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahidin, “Azadlıq” qəzetinin sabiq baş direktoru Azər Əhmədovun,  Milli Şuranın sədri, professor Cəmil Həsənlinin xaricdə yaşayan qız övladının başına gətirilənləri, yaxud Prezidentin sabiq köməkçisi Əli Həsənovun tualet videosunu yada salın. Sadəcə, bir fərq var. Az əvvəl müxalif yönümlü, “vurulan”  insanların yaşadığını bu gün onları qınayan, ağızdolusu əxlaq prinsiplərindən danışan iqtidar nümayəndələri yaşayır.

O zaman Xədicə İsmayılı ağır xəstəliyə düçar edənlər, Qənimət Zahidi ölkəni tərk etməyə məcbur edənlər, ağsaqqal ziyalımız Cəmil Həsənlini ən ağrılı yerindən vuranlar aidiyyati qurumlar tərəfindən cəzalandırılmadı, yalnız zərəçəkən tərəf cəmiyyətin qınağına tuş gəldi, rüsvay edildi,  çirkin əməl sahibləri isə ifşa olunmadı, cəzasız qaldı. Bu gün isə eyni ssenari artıq iqtidar mənsublarına tətbiq olunur. Necə deyərlər, nə tökərsən aşına, o çıxar qaşığına. Yaxud, gülmə qonşuna, gələr başına.

Qarayaxma kampaniyasının müəllifi olan, mətbuatı ağlar günə qoyan Əli Həsənov başqalarına yaşatdığı utancı bu gün artıqlaması ilə özü yaşayırsa, demək, bumeranq qanunu həqiqətən işləyirmiş.

Lakin istənilən halda, bu dünyəvi, sivil bir dövlət üçün qəbulolunmaz bir vəziyyətdir və ölkəmizin nüfuzuna ciddi zərbədir. Zənnimizcə, aidiyyati dövlət qurumları lazımi tədbirlər görməli və bu qara piar kampaniyasına son qoymalıdır. Vətəndaşların şəxsi həyatı yalnız özlərinə aiddir, onların əxlaqı müzakirə mövzusu ola bilməz. Hər kəs dövlət qanunvericiliyinə uyğun olaraq sorğulanmalı, iş fəaliyyətində buraxdığı səhvlərə, işlədiyi günahlara görə cəzalandırılmalıdır.

Runa