Büdcəni xımır-xımır yeyənlər - Hesablama Palatasının son hesabatı və...

2022-04-22 10:42:00

Büdcəni xımır-xımır yeyənlər - Hesablama Palatasının son hesabatı və...

Palata büdcə pullarına effektiv nəzarəti niyə təmin edə bilmir?

Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı ciddi müzakirələrə səbəb olub. Palatanın sədri Vüqar Gülməmmədovun Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında deputatlara təqdim etdiyi hesabatda bir sıra maraqlı məqamlar diqqəti cəlb edir. Belə ki, ötən il Palata Mərkəzi Seçki Komissiyası, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və sair qurumlarda maliyyə pozuntuları aşkarlayıb.

2021-ci ildə Hesablama Palatası apardığı nəzarət tədbirləri nəticəsində maliyyə hesabatlarında 1milyard  9,7 milyon manatlıq təhrif aşkar edib. Bunun 869,8  milyon manatı maliyyə hesabatlarında məlumatların əks etdirilməməsinin nəticəsidir: “869,8  milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib”.

V.Gülməmmədov bildirib ki, bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyublar və bu vəsait büdcəyə bərpa olunmalıdır: “Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”.

Daha 139,9  milyon büdcə vəsaiti isə mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması nəticəsində təhrif edilib: “Maliyyə hesabatlılığı və mühasibat uçotu üzrə yol verilmiş əhəmiyyətli təhriflərin əsas istiqamətlərinə başa çatdırılmamış tikintilərin dəyərinin maliyyə hesabatlarında əks etdirilməməsi, qeyri-maddi aktivlərin (informasiya sistemlərinin) dəyərinin uçota alınmayaraq birbaşa xərclər kimi silinməsi, kapital qoyuluşlarının hesabatlarda tanınmaması, dövlət əmlakının, istismara qəbul edilmiş obyektin hesabatlarda əks etdirilməməsi, əsaslı təmir xərclərinin əsas vəsaitlərin dəyərinə əlavə edilməməsi daxildir”.

Ötən il Hesablama Palatasının apardığı nəzarət tədbirləri ilə aşkar edilmiş pozuntuların ümumi məbləği 80,1 milyon manat təşkil edib. Bu zaman pul və natura ifadəsində 35,7 milyon manat vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib, həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura ifadəsində bərpası, 0,4 milyon manatlıq maliyyələşmənin isə azaldılması və yaxud qarşılıqlı hesablaşmaların aparılması təmin edilib.

Bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86 faizinin icrası təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılır.

Nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası ilə bağlı Hesablama Palatasının Kollegiyasının birbaşa tədbirlər müəyyən etmədiyi hissə 44,4 milyon manat təşkil edir ki, bunun da 14,1 milyon manatının tam bərpası bir neçə səbəbdən mümkün hesab edilməyib, qalan hissəsi isə digər maliyyə pozuntuları ilə əlaqəli olub.Bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb. Belə ki, həmin qurumlarda bu və digər adlar altında işçilərə artıq pul ödənişləri həyata keçirilib ki, onların geri qaytarılması sosial problemlərə səbəb ola bilər deyə bu barədə qərar qəbul edilməsi mümkün olmayıb.

Qeyd edək ki, Hesablama Palatasının maliyyə pozuntuları aşkarladığı dövlət strukturları arasında Avtomobil Yolları Agentliyi də var. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan asfalt-beton örtüklü avtomobil yollarının uzunluğunda illər üzrə artım müşahidə olunsa da, 2020-ci ilin sonuna olan məlumatlara əsasən, qeyri-asfalt-beton yollarının uzunluğu 6 713,3 km (o cümlədən 919,3 km olan qara, 5 738 km olan çınqıl-qırmadaş, 56 olan torpaq örtüklü) təşkil edib. Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir ki, yolların ümumi uzunluğu 37,9  faizlik əhəmiyyətli hissəsində yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin hələ də yaradılmadığını göstərir.

Deputat Əli Məsimli: "Yalnız bəzi həbslərlə korrupsiyanı müəyyən qədər  azaltmaq olar" - MÜSAHİBƏ

Əli Məsimli

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsi üzvlərindən bəziləri Hesablama Palatasının fəaliyyətinə tənqidi yanaşıblar. Komitə üzvü Əli Məsimli Palatanın hesabatının əvvəlki illərlə müqayisədə zəif olduğunu deyib: “Son iki ildə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatlarla müqayisədə builki hesabatda hadisə və proseslərə daha zəif yanaşılıb. Nə qədər ki, SSRİ dövründə və müstəqilliyimizin ilk illərində olduğu kimi, dövlət büdcəsinin investisiya xərclərində təmir-tikinti üstünlük təşkil edəcək, yeyintilər davam edəcək. Bunun müəyyən hissəsi açılacaq, müəyyən hissəsi isə bağlı qalacaq”.

Oxu.az - Rüfət Quliyev: Köhnə kişilərdənəm, bundan sonra məni kim bəyənəcək  ki... - MÜSAHİBƏ

Rüfət Quliyev

Komitə üzvü Rüfət Quliyev isə dövlət vəsaitlərini mənimsəyən məmurların adlarının açıqlanmasını təklif edib: “Biz o vaxt xahiş etdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir”.

Azərbaycanın neft gəlirlərində artım var” – Vüqar Bayramov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Vüqar Bayramov 

Komitə üzvü, iqtisadçı-alim Vüqar Bayramov da Hesablama Palatasının hesabatının daha konservativ dildə yazıldığını qeyd edərək bir sıra məsələlərə toxunub: “Birincisi, təqdim olunan hesabatda Hesablama Palatasının 2020-ci ildə təsdiq edilmiş Strateji Planına istinad edilir və aralıq nəticələrə əsasən təhlil təqdim edilir. Amma daha yaxşı olardı ki, strateji planda qeyd olunan zəif cəhətlər üzrə ayrıca təhlil aparılsın. Məsələn, auditlərin sayının az olması; auditin əhatə etdiyi büdcə vəsaitlərinin miqdarının az olması; Hesablama Palatasının səmərəlilik (performans) auditi fəaliyyətinin arzuolunan səviyyədə olmaması və s. məsələlərə hesabatda xüsusi diqqətin ayrılması yaxşı olardı.

İkincisi, hesabata əsasən aralıq nəticələr qeyd olunsa da nəticələrin bir qismi ölçüləbilən, yəni “tangible” deyil. Məsələn, birinci aralıq nəticəyə diqqət edək: “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və onların icrası ilə bağlı yüksək keyfiyyətli rəylər”. Yüksək keyfiyyətlər rəylər hansı meyarlarla ölçülür, rəylərin “yüksək keyfiyyətli”, “keyfiyyətli” və ya “az keyfiyyətli” olmasını müəyyənləşdirən metodolgiya hansıdır? Bunlara aydınlıq gətirilməlidir".

Millət vəkili Hesablama Palatası tərəfindən həyata keçirilən performans auditlərin ümumi maliyyə nəzarəti tədbirlərdə payının az olmasını mənfi hal hesab edir: “Hesabatda qeyd olunur ki, ilk dəfə olaraq performans auditdə nəticəlilik meyarları ilə yanaşı, qənaətlilik və səmərəlilik meyarlarından da istifadə olunur. Bu yaxşı haldır, amma hesabatın özü də təsdiq edir ki, ISSAI 300 prinsipinə uyğun auditlərdən hələ də marjinal formada istifadə olunur.  Həyata keçirilən performans auditlərin ümumi maliyyə nəzarəti tədbirlərində xüsusi çəkisi cəmi 9 faizdir. Bu isə ondan xəbər verir ki, hələ də Palata tərəfindən daha çox ənənəvi audit formalarından istifadə edilir. Yəni hər 10 auditin cəmi 1-i səmərəlilik auditidir;

ISSAI 200 - Maliyyə auditi bölməsində 2 istiqamət üzrə təhrif məbləği 1 milyard 9 milyon manat olub. Amma təhrif sözünün maliyyə riskləri baxımdan anlamı nədir? Burada vəsaitin yayındırılması faizi və ya riski nə qədərdir? Təəssüf ki, bu məsələlərə toxunulmur.

Hesabatdan belə aydın olur ki, İT auditi elektron audit deyil. Ümumiyyətlə, İT auditinin mahiyyəti təşkilatın informasiya texnologiyası strukturunun, siyasətlərinin və əməliyyatlarının qiymətləndirilməsidir;

İSAAİ 300 performans auditinin tətbiqi təqdirəlayiqdir. Amma hesabatda nəticələr sistemli təqdim olunmur. Bu isə sözügedən auditin özünün kənar qiymətləndirilməsini çətinləşdirir. Daha yaxşı olardı ki, qənaətlik, səmərəlilik və nəticəlilik nəzərə alınmaqla belə auditlərin nəticələri matriks formasında təqdim olunsun;

Hesabatda bir sıra hallarda daha ümumi ifadələrdən istifadə olunur. Məsələn, “alış qiymətlərinin bəzi hallarda əhəmiyyətli fərqlənməsi” kimi ifadələr İSAAİ 300 auditinin prinsipləri baxımdan aydın mənzərə yaratmır.

2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 80.1 milyon manat pozuntu aşkar edilib. 35.7 milyon manat bərpası mümkün olan məbləğ olub ki, onun da 86.0 faizi ötən ilə geri qaytarılmışdır. Yəni təxminən 30 milyon manat geri qaytarılıb. Həmin il palatanın smetası 9 milyon 140 min manat olub. Bu, palatanın illik büdcəsindən cəmi 3.3 dəfə çoxdur və ümumi fiskal xərcləmələrə nisbətən kiçik göstəricidir.

Lima Bəyannaməsində pre-audit vacib prinsiplərdəndir. Hesabatla tanışlıq göstərir ki, Palata bu metoddan hələ də geniş istifadə etmir".

Qeyd edək ki, Hesablama Palatasının dövlət vəsaitləri üzərində effektiv nəzarəti təmin edə bilməməsi illərdir Azərbaycanda müzakirə olunur. Bu sahədə iki əsas problemdən biri Palataya zəruri səlahiyyətlərin, ikincisi isə real müstəqilliyin verilməməsi hesab olunur.

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya