"Büdcə talanı həmişəkindən daha geniş miqyasda və sürətlə davam edir" - QUBAD İBADOĞLU

2022-06-21 11:56:00

"Xüsusilə narahatedici məqam korrupsiyanın müdafiə və milli təhlükəsizlik sahəsində, eləcə də işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası adı ilə Qarabağda çiçəklənməsidir"

"Azərbaycanın 2022-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat səviyyəsində müəyyən edilib. Beləliklə də əvvəlki büdcə proqnozu ilə müqayisədə gəlirlər 2 milyard 381,8 milyon manat və ya 8,9 faiz, xərclər isə 2 milyard 424,8 milyon manat və ya 8,1 faiz artırılır. Artımdan ən çox pay götürən müdafiə və investisiya büdcələridir. Belə ki, Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən bu ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 84 milyon 760 min manat səviyyəsində müəyyən edilib ki, bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 faiz çoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

İqtisadçı alimin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına gəlincə, bu məqsədlə cari ildə 2,670 milyard manat ayrılacaq ki, bu da təsdiqlənmiş proqnoza nisbətən 21,4 faiz və ya 470 milyon manat çoxdur: "Aztəminatlıların sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728,598 milyon manat müəyyən edilib ki, bu da təsdiqlənmiş büdcə proqnozu ilə müqayisədə 86 milyon manat və ya 2,4 faiz çoxdur. Təhsil xərcləri 3 milyard 886,648 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da təsdiq olunmuş proqnoz ilə müqayisədə 2 milyon manat və ya 0,06 faiz çoxdur. Göründüyü kimi, müdafiə və milli təhlükəsizlik xərcləri 13,2 faiz, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan xərclər 21,4 faiz artırıldığı halda sosial müdafiə və təminat xərcləri 2,4 faiz, təhsil xərcləri 0,06 faiz artırılır, səhiyyə xərcləri isə azaldılır".

Partiya sədri qeyd edib ki, əgər şəffaf və hesabatlı xərcələmər həyata keçirilərsə, o zaman nə müdafiə və milli təhlükəsizlik xərclərinin, nə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsaitlətin artırılmasının əleyhinə olardı: "Lakin nəzərə almaq lazımdır ki, bu istiqamətlərə ayrılan vəsaitlər korrupsiyanın miqyaslarını artırır, onun inkişafına xidmət edir. Nəhayət, onu da qeyd etmək lazımdır ki, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6 faiz təşkil etməsinə baxmayaraq, sonuncu dəfə əmək haqqı, pensiya və müavinətlər bu ilin yanvar ayında əvvəlki ilin inflyasiyası nəzərə alınmaqla artırılıb. Bəs, bu il davam edən yüksək inflyasiyanın xərclərini necə ödənilməlidir? Əvvəlcədən bəyan etdiyim kimi, təəssüf ki, bu dəfə də dövlət büdcəsindəki artımlardan sosial ehtiyacı olanlara vəsait ayrılmadı, üstünlük korrupsiya potensialı yüksək olan sektorlara verildi. Bu isə o deməkdir ki, büdcə talanı həmişəkindən daha geniş miqyasda və sürətlə davam edir. Burda xüsusilə də narahatedici məqam korrupsiyanın müdafiə və milli təhlükəsizlik sahəsində, eləcə də işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası adı ilə Qarabağda çiçəklənməsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya