Saat:03:33
Haqqımızda

“Bu yeni SSRİ qurmağa hesablanmış addımdır” – Pənah Hüseyn

2022-08-10 15:27:00

“Bu yeni SSRİ qurmağa hesablanmış addımdır” – Pənah Hüseyn

“SSRİ-nin yenidən qurulması da, Azərbaycanın həmin ittifaqa qoşulması da mümkünsüz bir şeydir”.

Bunu Yenisabah.az-a açıqlamasında keçmiş baş nazir Pənah Hüseyn deyib. O, rusiyalı politoloq Antoni Bredixinin söylədiyi fikirləri şərh edib.

Xatırladaq ki, Bredixin “Rusiya, Belarus, Ukrayna, Donetsk və Luqansk "xalq respublikalar"ı, Abxaziya, Cənubi Osetiya və Dnestryanı daxil olacaq” deyib və əlavə edib ki, Ermənistan və Azərbaycanın da "SSRİ"-yə üzvülüyü nəzərdən keçirilir”.

Pənah Hüseyn bildirib ki, Rusiyanın bu cür təxribatlara əl atmasının səbəbi, hazırda Ukraynada apardığı müharibə, ölkədə iqtisadi böhran və düşdüyü gərgin vəziyyətdən çıxmaq üçün vasitədir: “Lakin hal-hazırda Ukraynada gedən müharibə həm də Rusiyanın keçmiş post-sovet ölkələrini bir yerə yığmağa və  yeni SSRİ-ni qurmağa hesablanmış bir addımdır.

Hər kəs birmənalı olaraq dərk etməlidir ki, SSRİ-nin bərpası mümkün deyil. Ola bilər ki, Rusiya-Belarus ittifaqına Ermənistan və başqa bir neçə ölkə qoşulsun, lakin yenidən Sovet İttifaqı yarana bilməz. Çünki SSRİ-nin bərpası üçün sosioloji, ideoloji və iqtisadi əsaslar Rusiyada hal-hazırda yoxdur. Və dünyada gedən proseslər də həmçinin bu ittifaqın yaranmasına imkan verməyəcək”.

Pənah Hüseyn qeyd edib ki, bu sözləri deyən politoloq nə Rusiya Təhlükəsizlik orqanının müdiri, nə də Rusiya prezidentinin köməkçisi deyil: “Hər kəs istədiyi sözü deyə, hər kəs istədiyi mövzuya öz fikrini bildirə bilər. Onun SSRİ-nin yenidən qurulması haqqında söylədiyi fikirlərə hörmətlə yanaşıram, lakin dediklərinin heç bir əsası yoxdur. SSRİ-nin yenidən qurulması da, Azərbaycanın həmin ittifaqa qoşulması da mümkünsüzdür”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR