Saat:15:13
Haqqımızda

Bu telefonlar Azərbaycanda işləməyəcək – Araşdırma

2021-12-07 17:09:00

Bu telefonlar Azərbaycanda işləməyəcək – Araşdırma

Azərbaycanda IMEI kodu saxtalaşdırılan telefonların işi dayandırılacaq.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə aidiyyəti dövlət qurumlarındakı mənbə məlumat verib.

Məlumata görə, mobil telefonların ölkələrdə qeydiyyata alınması, mobil operatorlar tərəfindən həmin cihazların şəbəkə ilə təmin olunması, həmçinin cihazın şəbəkədən ayırılması məqsədilə istifadə olunan IMEI kodu ölkəmizdə saxtalaşdırılır. Vergidən yayınmaq istəyən vətəndaşlar telefonlarını başqa mobil cihazların IMEI nömrəsilə qeydiyyatdan keçirirlər. Bu, mobil cihazların saxta IMEI ilə istifadəsi deməkdir. İstifadə edilən bir cihaz, IMEI-i köçürülən cihazın “klonu” – surəti olur. Bu da mobil cihazların fərdi şəkildə qeydiyyata alınmasını, sistemin bu cihazları fərdi şəkildə tanımasını mümkünsüz edir.

Bildirilib ki, bu kimi halların qarşısının alınması istiqamətində müəyyən işlər görülür. Prosesin tənzimlənməsi üçün bir neçə dövlət qurumu arasında məsləhətləşmələr aparılır.

Sözügedən məsələ ilə bağlı danışan kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünasın sözlərinə görə, İMEİ saxtalaşdırılmasının Azərbaycanda son zamanlar çoxalması telefon istifadəçilərinin sayının artması və bəzi işbazların vəziyyətdən faydalanmaq istəyindən qaynaqlanır:

“İstehlaka yararlı mobil cihazların hər birinə Beynəlxalq GSM Asossasiyası tərəfindən IMEI kod verilir. Bu o deməkdir ki, IMEI kodu olmayan telefon saxtadır. Yəni variantlardan biri odur ki, vətəndaşa orijinal adı ilə saxta telefon satılır. İkinci versiya isə odur ki, bu cihazlar müəyyən maraqlardan dolayı ölkədə rəsmi şəkildə qeydiyyatdan keçirilməyib. Daha dəqiq desək, müəyyən edilmiş rüsumu ödəməkdən yayınıblar. Onların bu yayınması gələcəkdə vətəndaşlar üçün böyük problemlər yarada bilər. Adətən mobil cihaz itiriləndə, yaxud da oğurlananda vətəndaşın müraciəti əsasında həmin telefon IMEI vasitəsilə şəbəkədən ayrılır. Deyək ki, sizin telefonunuz oğurlanıb və təbii olaraq polisə müraciət etmisiniz. Polis də aidiyyəti quruma sizin müraciətinizi yönləndirib. Bu zaman ilk iş oğurlanan telefonun IMEI vasitəsilə şəbəkədən ayrılmasıdır. İndi təsəvvür edin, sizin telefonunuzun IMEI-si ilə saxta şəkildə digər 10 telefon da qeydiyyatdan keçirilib. Deməli, sizin telefonunuzla bərabər həmin 10 telefonu da bağlamaq lazım gələcək. Təbii ki, mən bu rəqəmi şərti olaraq işlətdim, rəqəm çox da ola bilər”.

Qeyd edək ki, Azərbaycanda bu sahə ilə bağlı tənzimləyici qurum kimi Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) mövcuddur. Bu sistemin portalı – İmei.az da fəaliyyət göstərir. Telefon alarkən həmin sayt üzərindən onun IMEI kodunun köçürülüb, köçürülmədiyini öyrənmək mümkündür. Bunun üçün zəng bölməsində *#06# kombinasiyasını yığmaq, daha sonra ekranda əks olunan IMEI kodu İmei.az saytında axtarışa vermək lazımdır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR