“Bu suyun paxırı gec-tez açılacaqdı” – Naxçıvanın rəsmi qəzeti

2023-01-14 09:11:00

“Bu suyun paxırı gec-tez açılacaqdı” – Naxçıvanın rəsmi qəzeti

Naxçıvan MR-nın Nazirlər Kabinetinin və Ali Məclisinin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti tənqidi məqalə ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, yazıda MR-da əhaliyə verilən içməli suyun keyfiyyətsiz olduğu bildirilib və aidiyyatı dövlət qurumu tənqid olunub. Həmin yazını təqdim edirik:   

Son zamanlar adamlar haqlı-haqsız yaman dərdli olublar. Kimi itirdiyi iş yerinin, kimi əmlakının geri qaytarılmasını istəyir, kimi də az qala evindəki qırıq pəncərə şüşəsini dəyişmək üçün şəhərə şikayətə gəlir. Hamının tanıdığı bizim Cəbiş müəllim dürüst və təmkinli adam olsa da, hər kəsin hər gileyini qəzetə mövzu etmək fikrimiz yoxdur. Amma kiçik bir yol-nəqliyyat hadisəsinin “xəbər” olduğu bu günlərdə bizim də bu yaxınlarda işıqlandırdığımız Naxçıvanın ictimai nəqliyyatındakı qiymətlərə olan münasibətimiz kimi yüz minlərlə sakini maraqlandıran digər belə problemlərə biganə qalmağımız artıq, sadəcə, mümkün deyil. Bəli, söhbət təkcə başında altı cüt, bir tək tükü olan Cəbiş müəllimin problemi deyil, şəhərimizdə hər kəsin hər gün istifadə etdiyi axar suyun keyfiyyətindəndir.

“Su” mövzusu Naxçıvan şəhəri üçün həmişə aktual olub. Yeraltı suların qıt və kirəcli, yağmurun az olması və sovetlərdən qalma köhnə infrastruktur çox zaman şəhərimizdə və onun ətrafında su təminatını çətinləşdirib, insanlar təmiz suyu deyil, sadəcə, onun özünü tapanda seviniblər. Ta ki  Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən 2010-cu ilin mayında inşasına başlanılmış  və 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksindən evlərimizə ipək kimi yumşaq, göz yaşı kimi dumduru su gələnə qədər şəhərimizdə vəziyyət belə olub. Bundan sonra Hollandiya istehsalı olan nanofiltrasiya sistemli membranlar vasitəsilə təmizlənmiş yüksəkkeyfiyyətli sudan doyunca və rahatlıqla istifadə edən hər bir sakin kimi, biz də razılıqla hər imkanda dövlətimizə minnətdarlıq edirdik. Hətta o zamanlar köhnə xətlərdən gələn texniki suyun pulsuz olaraq suvarma və digər məqsədlərlə istifadəsi üçün həyətlərdə su kranları qoyulduğunu da xatırlayırıq. Bunu yada salan adamlar da təzə suyun əsl keyfiyyətini o dövrdən görüb indi onun yoxluğundan haqlı olaraq gileylənirlər. 

Evlərimizə verilən suyun hansı keyfiyyətdə olması, əslində, camaatı çoxdan narahat edirdi. Tez-tez sakinlər kirəcli suya görə evlərində vaxtından qabaq sıradan çıxan kifayət qədər bahalı su sistemlərinə, qızdırıcı və təmizləyici qurğulara və ya sadəcə, ləkə tutan qab-qaşığa görə su təsərrüfatı işçilərinə irad tutduqda onlar da vəhşi heyvanların viran qoyduqları bağ-bağata, əkin-biçinə görə kəndlinin haqlı suallarına cavab verə bilməyən rayon icra hakimiyyəti və ya ekologiya rəsmiləri kimi çiyinlərini çəkib “bu bizlik deyil”, – deyərək birtəhər mövzudan yayınırdılar. Şübhəsiz, hamı kimi onların da haqqının tapdalandığını, yəni bu kirəcli şor sudan elə onların özlərinin də içdiyini düşündükdə bunun bir qaçılmaz sonunun olacağını hər kəs düşünürdü. Və oldu da! Artıq hər gün dükanlarda satılan təmiz sudan almağa imkanı çatmayıb, fürsət düşəndə iki gündən bir şəhərətrafı artezianlardan, yaxud Şahbuzun, Ordubadın dağ kəndlərindən içməli su daşıyanların da, Cəbiş müəllim kimi yuduqda saçları bir-birinə yapışan daz kişilərin də, iki aydan bir korlanmış su sistemlərini söküb Çin, İran istehsalı olan yeniləri ilə əvəz edənlərin haqqının ödənilməsi zamanı gəlmişdir.  Qeyd edək ki, burada kirəcli su ucbatından gecə-gündüz baş verən qəzalar və vaxtından qabaq sıradan çıxmış   avadanlıqların, sayğacların, siyirtmələrin cari təmiri zamanı min bir əziyyət və izafi  məsrəf çəkib  suyu davamlı  verməyə çalışan su idarəsi işçilərinin və mühəndislərin də əməyini unutmamaq lazımdır. 

Bəs bu haqqı kim ödəyəcək, hələ bilinmir, amma belə görünür ki, vaxtında düzü düz, əyrini əyri yazmayanda, deməyəndə axırda bax belə milyonluq problemlər yaranır. Mövzu ilə bağlı Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinə müraciət etdikdə bildirdilər ki, hazırda şəhərə verilən su sağlamlıq baxımından mikrobioloji və sanitar tələblərə cavab versə də, kirəc probleminin aradan qaldırılması məqsədilə neçə illər əvvəl hər birinin qiyməti  560 dollar, yəni, təxminən, 950 manat olan nanosüzgəclərin vaxtında dəyişdirilməsi üçün nəzərdə tutulan maliyyə vəsaitinin ayrılması  ilə bağlı dəfələrlə müraciət edilib. Ancaq idarənin balansında pul olsa da, nə fayda, çox təəssüf ki, buna icazə verilməyib. Əvəzində isə təlimatlara uyğun olaraq vaxtaşırı dəyişdirilməsi nəzərdə tutulan və hər birində, təxminən, 300 min manat dəyəri olan belə təmizləyici membranların quraşdırıldığı 7 sutəmizləyici qurğudan indiyədək yalnız sadə süzgəclərdən keçirilməklə Naxçıvan camaatına  kirəcli  su verilir.  

Bu suyun da paxırı gec-tez açılacaqdı.  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.229205