Bu, Şuşanın azad olunması qədər əhəmiyyətli bir addım idi...

“Şuşanın alınması bizim üçün hansı böyük məna və əhəmiyyət kəsb edirdisə, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin aprelin 23-də açılması da təxminən eyni gücə malikdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili Azərbaycan dövlət maraqlarının müdafiəsi fonunda Laçın sərhəd-keçid məntəqəsinin humanitar məqsədlər xaric digər məqsədlər üçün bağlanılmasının səbəblərini, habelə bu yolun Azərbaycanın təhlükəsizliyi üçün daşıdığı önəmi izah edib.
E. Nəsirovun fikrincə, Şuşanın alınması ilə biz tarixi zəfərimizə imza atdıq və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdik:
“Ancaq bundan keçən müddət ərzində Ermənistan yenidən revanşizm içərisində çabalayırdı və Azərbaycana qarşı revanşizm hərəkətlərini həyata keçirmək eşqi ilə yaşayırdı. Bunu həyata keçirmək üçün isə Laçın yolu unikal imkan verirdi. Həmin yolla son 2 il yarım ərzində canlı qüvvə, silah-sursat, hərbi texnika və minaların daşınması prosesi həyata keçirilib. Əgər bütün bu canlı qüvvə, silah-sursat, minalar və hərbi texnikalar daşınırsa, deməli, onun bir gün tətbiqi olacaq və yenidən əməliyyatlarla yanaşı, müharibə də başlaya bilər.
Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin fəaliyyət göstərməsi isə Ermənistan çirkin planları və niyyətlərinin üzərindən xətt çəkdi və Azərbaycana qarşı çox ciddi təhdid mənbəyinin yenidən formalaşmasını imkanlarını minimuma endirdi. Bunlar bizim üçün strateji əhəmiyyətli bir hadisədir deyə, mən bunu Şuşanın alınması qədər böyük bir hadisə kimi dəyərləndirməyin tərəfdarıyam”.
Deputat bildirib ki, buna baxmayaraq, Ermənistanda revanşizm hissləri yenə də alovlanmaqdadır:
“İrəvan tərəfindən Azərbaycana qarşı həm diplomatik, həm də hərbi müstəvidə təxribatlar intensivləşməkdədir. BMT Təhlükəsizlik Şurasının kürsüsündə məğlubiyyətə düçar olan Ermənistanın siyasi-hərbi rəhbərliyi indi də hərbi müstəvidə istəyirlər ki, at oynatsınlar. Lakin düşünürəm ki, onlar odla oynayırlar, çünki belə bir niyyətə düşmək odla oynamaq deməkdir və bu od onların özlərini yandıracaq”.
“Azərbaycan son dərəcədə güclü dövlətdir və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin dediyi kimi, “3 il bundan öncə Azərbaycan ordusu tarixi zəfərə imza atdı. Həmin ordu bu günləri daha da güclüdür”. Bu gün ordumuz daha da güclənib və Azərbaycana qarşı hərbi təzyiq yolunu, habelə konfrontasiya mühitini seçmək, əslində, Ermənistanın özü üçün siyasi intihar olar”, – o, əlavə edib.
Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə isə düşünür ki, Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonunun ərazisindən keçərək, Azərbaycan tərəfi 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq, yolun çəkilişini həyata keçirmiş və bu yol vasitəsilə Qarabağda yaşayan ermənilər Ermənistana gedib-gələ bilirlər:
“Əslində, bu yol humanitar məqsədlər üçü nəzərdə tutulmuşdu. Lakin sonrakı hadisələrdə gördük ki, Ermənistan tərəfi, yaxud Qarabağda yaşayan ermənilər bu yoldan hərbi məqsədlər üçün istifadə etməyə başladılar, başqa ölkədə axtarışda olan insanların Qarabağa gediş-gəlişini yol vasitəsilə təmin etdilər. Beləliklə, bu yolu, əslində, öz mahiyyətindən çıxararaq, başqa məqsədlər üçün istifadə etməyə başladılar”.
“Bu zaman Azərbaycan dövləti bütün beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazisində sərhəd-keçid məntəqəsini yaratdı və beləliklə, həm də Qarabağda, həm də Azərbaycanın sərhədlərində bundan sonra olacaq hərbi təhlükələrin qarşısını almaqla bağlı ciddi addımlar atmağa başladı. Çünki bu gün Laçında fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi həm sərhədimizdə, həm də Qarabağda hərbi riskin azalması nöqteyi-nəzərindən yüksək səviyyədə fəaliyyət göstərməkdədir”, – M. Abbaszadə vurğulayıb.
Milli Məclisin üzvünə görə, digər bir məsələ isə budur ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra Azərbaycan Ermənistana və onun havadarlarına bir daha göstərdi ki, Azərbaycan dövləti öz sərhədlərində kifayət qədər möhkəm dayanıb:
“Beynəlxalq sənədlərdə və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sərhədlər daxilində Azərbaycan öz sərhədlərini yüksək səviyyədə qorumaqdadır. Eyni zamanda bu, həm də dövlət maraqlarımızın Azərbaycanın bütün ərazisində kifayət qədər yüksək səviyyədə qorunduğunu özündə ehtiva edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti 30 il müddətində İran və Ermənistanla pozulmuş sərhədlərini bərpa edə bilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sözün həqiqi mənasında sərhədlərini müdafiə edə biləcək güclü silahlı qüvvələrə malikdir. O cümlədən Azərbaycan dövləti həm Qarabağda, həm də sərhədlərimizdə davamlı təhlükəsizlik və sülhün təmin olunması nöqteyi-nəzərindən ciddi işlər görməkdədir”.
Müsahibimiz xatırladıb ki, əslində, bu gün Laçın rayonu ərazisindən keçərək Ermənistana gedən yol humanitar məqsədlər üçün indi də açıqdır:
“Hər gün burada Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə Ermənistana və Qarabağa gediş-gəliş asanlıqla həyata keçirilir. Həm xəstələrin, qocaların, ehtiyacı olan insanların, həm də separatçılara aidiyyəti olmayan insanlar Laçın sərhəd-keçid məntəqəsindən keçməsi əvvəlkindən də yüksək səviyyədə təmin edilib. Çünki sərhədlərimizdə Azərbaycan Silahlı Qüvvələrinin durması ölkəmizin təhlükəsizliyinin bir nömrəli qarantıdır. Bu, həm də onu vəd edir ki, Azərbaycan bundan sonra da həm sərhədlərində, həm də Qarabağda öz qanununun aliliyini təmin edə bilib və bundan sonrakı proseslərdə də təmin edəcək”.
“O ki qaldı Qarabağda yaşayan ermənilərin guya “humanitar fəlakət”ə məruz qalması ilə bağlı yayılan şayiələrə, əslində, bunlar ermənilər tərəfindən buraxılmış söz-söhbətlərdir. Əgər həqiqətən Qarabağ ermənilərinin ərzaq böhranı yaranıbsa, bu problemi həll etmək üçün Azərbaycan tərəfi daim hazırdır. Bu gün Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən yardım maşınları bir daha onu göstərir ki, Azərbaycan tərəfi problem olacağı təqdirdə bunu yüksək səviyyədə həll etməyə hazırdır. Hadisələr isə onu göstərir ki, Qarabağda yaşayan ermənilərin heç bir humanitar fəlakətlə üzbəüz deyillər, əksinə, bölgədə toy şənlikləri keçirib normal həyatlarını davam etdirirlər”, – o, fikirlərini yekunlaşdırıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya