Saat:22:44
Haqqımızda

“Bu “sülh planı” Rusiyanın maraqlarına uyğundur” - POLİTOLOQ

2025-11-24 22:16:27

“Bu “sülh planı” Rusiyanın maraqlarına uyğundur” - POLİTOLOQ

Qabil Hüseynli: “ABŞ Prezident Administrasiyasının təklif etdiyi 28 bəndlik plan sanki elə Rusiyada hazırlanıb”

Bir neçə gündür ki, ABŞ Prezident Administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı təklif etdiyi 28 bəndlik “sülh planı” beynəlxalq ictimaiyyətin diqqətindədir. Belə ki, bu istiqamətdə noyabrın 23-də İsveçrənin Cenevrə şəhərində ABŞ, Ukrayna və Avropa  nümayəndə heyətləri arasında intensiv danışıqların aparılması da diqqəti çəkir. Cenevrədə keçirilən danışıqlardan sonra, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp prosesin gedişindən razıdır: “Fikrimcə, biz çox böyük irəliləyiş əldə etmişik. Bir neçə məsələ hələ də qalır və onların üzərində işi davam etdirməliyik”.

Açığı, ABŞ Prezident Administrasiyasının təklif etdiyi 28 bəndlik “sülh planı”nı diqqətlə oxuduqda sanki bu plan elə Rusiyada hazırlanıb. Çünki planın əksər bəndi Rusiyanın xeyrindir. Xüsusilə 21-ci bənd diqqəti çəkir: Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq. Əgər bu bənd qəbul olunarsa, o zaman Ukrayna prezidenti Volodomir Zelenskinin siyasi taleyi gerçəkdən çox ağır olar. Digər bəndlər də demək olar ki, Rusiyanın maraqlarını ehtiva edir. Belə ki, 14-cü bənddə Rusiyanın dondurulmuş vəsaitlərinin istifadəsindən söhbət gedir ki, burada ABŞ-ın bu layihədən əldə edilən mənfəətin 50 faizini alacağı qeyd olunur. Demək olar ki, bu sülh planı bu şəkildə qəbul olunarsa, burada qazan tərəf Rusiya və ABŞ, itirən tərəf isə Ukrayna olacaq.

ABŞ dövlət katibi Marko Rubionun “Tramp prosesin gedişindən razıdır” deməsinə gəlincə isə görünən odur ki, Zelenski dalana dirənib və bu “sülh planı”nı qəbul etmək məcburiyyətindədir.  Zelenskinin  “İndi kritik bir andayıq. Rusiyanın Ukraynaya qarşı müharibəsinin sona çatmasına, hamıya real təhlükəsizlik gətirməsinə səbəb ola biləcək addımları müəyyən etmək üçün ABŞ, Avropa tərəfdaşlarımız və bir çox başqaları ilə çox sıx əməkdaşlıq edirik” deməsi də vəziyyətin gərgin olduğunu aydın ifadə edir. Maraqlıdır ki, qeyd olunduğu kimi, bu “sülh planı”nı “Şükran Günü”, yəni noyabrın 27-də ABŞ-ın milli bayramı günündə imzalanması mümkün olacaq, yoxsa yox?!

Mövzu ilə bağlı Hurriyyet.az-a danışan tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Amerika prezidenti Trampın təklif etdiyi 28 bəndlik sülh müqaviləsi alınmayacaq: “Çünki Avropa İttifaqı, eləcə də Ukrayna alternativ təkliflərini irəli sürür. Amerikanın təklif etdiyi “sülh planı” Rusiyanın birbaşa maraqlarına uyğun gəlir. Yəni təcavüzkarı bir növ şirnikləndirir. Bu nöqteyi-nəzərdən, Avropa ölkələri də, tərəqqipərvər bəşəriyyət də bu cür yanaşmanın əleyhinə çıxır. Ona görə də mən belə hesab edirəm ki, Cenevrədə keçən bu müzakirələrdə Trampın bu irəli sürdüyü sülh müqaviləsi layihəsi tamamilə rədd ediləcək. Ukraynanın ləyaqətini, heysiyyətini tapdamayan, nisbətən ədalətli bir sülh müqaviləsinin imzalanması mümkün olacaq. Çünki bu məsələdə Avropa Birliyinin mövqeyi qətidir”.

Q.Hüseynlinin sözlərinə görə, Avropa Birliyinin təklif etdiyi 24 bəndlik sülh planı nisbətən Ukraynanın maraqlarına uyğundur: “Ukraynanın maraqlarına uyğun olan odur ki, təcavüzkar bütün əraziləri tərk etsin, Rusiya kompensasiya və yaxud təzminat ödəsin. Rusiyanın xarici banklarda olan pulları alınaraq, Ukraynanın bərpasına sərf edilsin. Ona görə də hələ ki, nisbətən ədalətli layihə kimi Avropa Birliyinin layihəsi müzakirələrin predmeti ola bilər”.

“ABŞ dövlət katibinin acılaması həqiqətə uyğun deyil. Bunlar danışıqlar predmeti ətrafında spekulyasiyalardır”-deyə politoloq əlavə edib.

CAVİD