“Bu sənəti seçəndə aktrisa olmağa hazırlaşmırdım” – ƏMƏKDAR ARTİST NAHİDƏ ORUCOVA

2022-05-11 11:32:00

“Bu sənəti seçəndə aktrisa olmağa hazırlaşmırdım” – ƏMƏKDAR ARTİST NAHİDƏ ORUCOVA

“Hər bir şeyə çox böyük çətinliklə nail olmuşam…”

“Nə yaxşı ki, bu gün səhnədə mənimlə yanaşı, heç olmasa bir neçə aktyor var, yoxsa lap tək qalardım”

Müsahibimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nahidə Orucovadır. Nahidə xanımla müsahibəmizdə səhnə fəaliyyəti haqda söhbətləşdik.

“Həmişə də deyirdim ki, ay Allah, kaş mən də Nəsibə xanım kimi aktrisa olaydım…”

- Nahidə xanım, ilk olaraq aktrisalıq sənətinə gəlmənizdən danışaq. Nə üçün məhz bu sənəti seçdiniz?

- Sözün düzü, mən bu sənəti seçəndə aktrisa olmağa hazırlaşmırdım. Sənədlərimi Mədəni Maarif Texnikumunun rejissorluq fakültəsinə hazırlamışdım. Hələ uşaq yaşlarımdan Nəsibə xanım Zeynalovanı xoşlayırdım. Birinci sinifdə oxuyanda nənəmin, anamın paltarını geyir, özümü Nəsibə xanım kimi aparırdım. Həmişə də deyirdim ki, ay Allah, kaş mən də Nəsibə xanım kimi aktrisa olaydım. Evimizdə də həmişə onu təqlid edirdim. Bacımla səhnəciklər, kağızlardan biletlər hazırlayırdıq. Ana, ata, qonşuları yığırdıq həyətə. Yasamalda beşmərtəbəli binada yaşayırdıq. Qonşularımız çox mehriban idi. Həmişə yığışırdıq həyətə, atam samovarı qaynamağa qoyurdu, brlikdə çay içirdik. Orda kağızdan yalançı biletlər paylayır, stullar qoyurduq, səhnəciklər, tamaşalar oynayırdıq. Yəni aktrisalığa uşaqlıqdan həvəsim var idi.

- Bəs, nə üçün rejissor olmaq istəyirdiniz?

- Həmişə istəyirdim ki, diktor olum. Televiziyaya baxıb, bizim diktorlardan ləzzət alırdım. Evdə stulların belində elə bil ekran var idi, orda otururdum, qarşıma da vərəqlər qoyurdum, guya proqramlar oxuyuram. Saat 9-da xəbərlər, 10-da cizgi filmi, filan vaxtı filmlər… Bax, bunu oxuyurdum, deyirdim ki, diktor olacam.

Onu da deyim ki, bacım İslam Rzayevin ansablında kamança çalan idi. O, musiqiçidi, Asəf Zeynallı adına Musiqi Kollecini, Azərbaycan Milli Konservatoriyasını bitirib, kamança, muğam üzrə. Muğamdan Nəsibə xanımın həyat yoldaşı Mütəllim müəllim ona dərs deyirdi. O, Nəsibə xanımın evinə gedirdi. Bacım Nəsibə xanımdan o qədər danışırdı ki… Deyirdi ki, Mütəllim müəllim mənə muğam dərsi keçirdi, Nəsibə xanım çay gətirir, yemək verirdi. Deyirdi ki, toyuğun qanadından, quyruğundan bişirmişəm. O vaxtdan beynimdə Nəsibə xanım qalmışdı. Özümə doğma sanırdım onu. Halbuki, heç yaxından görməmişdim. Sonra illər keçdi, Mədəniyyət və İncəsənət Universitetinə məhz aktyorluğa daxil oldum. Sənədlərimi universitetə verəndə də, sən demə, hansısa tamaşanın təhlili lazım imiş, onu gərək sənədlərlə birgə verəydim. Onu hazırlamamışdım…

Aktyorluğa sənədlərimi verdim, qəbul oldum, sonra da imtahanlarda 5, 4 aldım. Nəyə görə 4 aldım? İmtahan günü həyacandan səsim batmışdı. Güclə istifadə elədim batmış səsdən. Ona görə mənə 4 verdilər. Amma belə etüddən, rəqsdən, mahnıdan 5 aldım. Belə qəbul oldum universitetə.

Fabrikdə işləyirdim deyə sənədləri, tələbə biletini gedib institutdan ala bilmirdim, vaxtım yox idi. Atam, anam gedib institutdan aldılar. Atam sənədləri açanda Mədəni Maarifin “Aktyorluq fakültəsi” yazılmış cümləni görüb. Anam dedi ki, atan öldürəcək səni…(Gülür.) Atam evə gəldi, dedi ki, bizim evdə mütrüb olmayıb.

Əslində, “mütrüb” pis söz də deyil, o vaxt aktyorlara bu cür deyirdilər. Kişi akyorları qadın paltarı geyib qadın rolları oynayırdılar deyə, ona görə də “mütrüb” deyirdilər.

O vaxt atam çox hirslənmişdi.

Mən Fuad Hacıyevin, Mikayıl Mirzənin kursunu bitirmişdim. Bizdə səhnə danışığını Əzizağa Quliyev və Ələmdar Quliyev tədris edirdi. Sonra elə oldu ki, dəyişdi, Rauf Hacıyevin oğlu Fuad Hacıyev və Mikayıl Mirzə oldu. Mikayıl Mirzə bizim kursda poeziya teatrı yaratdı. O, istəyirdi ki, biz gözəl qiraətçi olaq. Bizim kursda oxuyanların hamısı qəzəllər, şeirlər deyirdi. 80-ci ildə ilk kursdan demək olar ki, biz televiziyaya çıxırdıq. Ondan da əvvəl özfəaliyyət dərnəyinə gedirdim, ordan da çıxdım.

Cəfər Cabbarlının “Almaz” tamaşasında oynayırdım. Yəni 1979- cü ildən bu sənətdəydim. 80-ci ildə televiziyaya çıxırdıq deyə bizim “Poeziya teatrı”mız, “Nəğməli sətirlər” kimi verilişlərimiz var idi. “Komediyalar aləminə səyahət”i Əlabbas aparırdı, bu verilişlərə çıxırdıq. Mənim “Xoruz baba” obrazını yaradan Hüseynağa Sadıqovla birgə nə qədər şəkillərim var… Birinci kursdan məni kinostudiyaya, filmlərin “prob”larına çağırırdılar. “Foto-prob”lardan keçirdim. Əminə Yusifqızı, Rasim Balayev, Həsən Məmmədov, Həsən Əbluclə yanaşı filmlər dublyaj edirdim. Təsəvvür edin ki, o vaxtı dublyajların hamısı kinostudiyada gedirdi. Çox alışmışdım bu işə, dayana bilmirdim.

İnistutu bitirəndən sonra təyinatımı Sumqayıt Dövlət Teatrına aldım. Bakıdan gedirdim Sumqayıta. Hər gedib-gələndən sonra kinostudiyaya düşürdüm, “prob”lardan keçirdim, gedirdim Sumqayıt teatrına. Orda da, həmçinin işlərimi görürdüm. Bütün günü başım qarışmışdı sırf sənətə.

“Bu sənətdə bəxtim gətirib, amma böyük zəhmət hesabına”

- Çoxları qismətə, bəxtə, alın yazısına inanmır. Siz necə düşünürsünüz, sənətdə bəxtiniz gətirib, yoxsa böyük zəhmət hesabına bu pilləyə çatmısınız?

- Bəxtim gətirib, amma böyük zəhmət hesabına. Çünki mənim arxam yox idi. Nəyə nail olmuşamsa öz istedadıma, öz sənətimə, öz bacarığıma, öz ürəyimə görədir. Çox vaxt mənə deyirdilər, sənin ürəyindən yoxdur, ürəyin o qədər təmizdir ki, nə arzuların varsa yerinə yetir. Amma çox böyük çətinliklə. Hər bir şeyə çox böyük çətinliklə nail olmuşam. Fəxri ad almağa da. Fəxri adı o birisilərə baxanda nisbətən çox gec aldım. Prezident mükafatını nə yaxşı ki, Ulu öndərimiz o vaxt məhz aktyorlarımız üçün verirdi. İndi görürsünüz, məhz aktyorlarımız yox, müğənnilərimiz də o mükafatı alır. Ulu öndər o mükafatım əhz aktyorlar üçün təsis etmişdi.

- Pandemiyadan sonra bu sahədə canlanma yarandı, teatrlarda tamaşalar oynanılmağa başlanıldı. Yeni tamaşalar üzərində işləyirsiniz?

- Sözsüz. Hazırda "Bəxtiyar"ı tamaşaya qoyuruq. Mən orda “Nataşa bibi”ni oynayıram. Təhvil verdik direktora. Direktor baxıb, əyri-əskiklərini deyəcək. Məşqlər gedəcək. İnşallah, premyera oynayacağıq. Ondan əlavə Ostrovskinin "Cehizsiz qız" tamaşasını hazırlayırıq. Orda da baş rollardan birini oynayıram, Ana rolunda. Yəni mənim boynuma nə düşüb - ana, xala, bibi - hamısını oynayıram. Bilirsiniz, institut vaxtlarından kurs tamaşaları, dövlət tamaşaları təhvil verəndə həmişə rollarımda dolu qadın olmuşam - nənə, bibi, xala. Amma “meşşan qadın” obrazını oynamağı çox sevirəm. Hətta “Molla Nəsrəddin”də beş arvadlıda, “Bankir adaxlı”da meşşan qadın obrazı, yəni o qədər rollar oynamışam. Afaq xanımla, Hacıbaba müəllimlə, Siyavuş müəllimlə o qədər bu səhnədə oynamışam ki… O cür sənətkarlarla bir səhnədə oynadığıma görə çox xoşbəxtəm. Bayramlarda, şənliklərdə, yeni il şənliklərində Nəsibə xanımla qayınananı, mən gəlini oynayırdım. O qədər olub ki, o cür səhnəciklər. Çox heyiflər olsun ki, “Qızıl fond”da qalmayıb. Bəlkə də qalıb, mən bilmirəm, amma nədənsə onları vermirlər.

Mən çox xoşbəxt aktrisayam ki, o cür sənətkarlarla rollar oynamışam. Yaşar Nuri ilə televiziyada silsilə verilişlər oynamışıq. Ağaxan Salmanovla, Yasin Qarayevlə, Gülşən Qurbanova ilə, Azər Mirzəyevlə, Tofiq Hüseynovla tərəf müqabili olmuşam. Allaha rəhmətə gedənlərə rəhmət eləsin! Çox heyif ki, sıralarımız azalıb. Artıq mənim həmyaşıdlarımın çoxu dünyadan köçüb, seyrəlirik, mən elə bil tək qalıram. Doğrudan da tək qalıram. Yan-yörəmə baxıram, nə yaxşı ki, bu gün mənimlə yanaşı səhnədə heç olmasa bir neçə aktyor var, yoxsa lap tək qalardım.

 “Bu gün məni yaşadan teatrdı, sənətimdi, səhnəmdi”

- Sənətkarların çoxu şəxsi həyatlarını sənətə qurban verdiklərini deyirlər. Bu haqda sizin düşüncəniz necədir?

- Mən hər bir şeyimi qurban verdim: ailəmi, şəxsi həyatımı, sağlamlığımı, hər bir şeyi qurban verdim sənətə. Mən hər hansı əməliyyata gedəndə, Fəridə xanım qoymaz yalan deyim (Teatrın mətbuat katibi Fəridə xanımı nəzərdə tutur – müəl.), üç gün, uzağı bir həftə evdə otururam. Sonra mən yenə də sınıqlarla, yaralarla teatra gəlirəm, səhnədə məşqlər edirəm. Neçə dəfə elə olub. Bilirsiniz, mən teatrsız qala bilmirəm. Məni bu günkü gündə yaşadan teatrdı, mənim sənətimdi, səhnəmdi. Bir çoxları, bəlkə də cavanlar, gənclər bugünkü gündə səhnəyə barmaq arası baxır, əyləncə yeri, oyuncaq kimi baxırlar, amma səhnə müqəddəsdir. Səhnəni onlara tay etmək olmaz.

Elə olub ki, səhnəyə qızdırmalı çıxmışam. Ayağım burxulub, barmağım sınıb, qolum gipsdə, amma biz çıxmışıq səhnəyə. Çünki səhnə adama bunları unutdurur. Tutaq ki, mənim başım ağrıyır, düşünürəm, ay Allah, mən bu tamaşanı necə oynayacam. Deyirəm ki, uşaqlar, tez oynayaq, mən özümü çox pis hiss edirəm, səhnəyə çıxıram, baxıram heç yerim ağrımır, elə bil əvvəlki adam deyiləm. Səhnədən çıxıram, yenə də o ağrını hiss edirəm. Doğrudan da səhnə müqəddəs yerdir. Onu bəlkə də bir çox cavanlar başa düşmür.

“Həmişə demişəm ki, mən həyatda oynamıram…”

- Bir çox seriallarda, tamaşalarda rollar oynamısınız və yenə də oynamaqdasınız. Maraqlıdır ki, Nahidə xanım öz həyat tamaşasının rolunu oynayıbmı?

- Hələ də öz həyat rollarımı oynayıram. Bu günkü gündə anayam, qaynanayam artıq. İnşallah, sabah nənə olacam. Ən böyük fəxri ad nənə olmağımdır. O fəxri adı istəyirəm. Elə mənim həyatım səhnədir də. Düzdür, həyatda səhnədəki kimi rol oynaya bilmirəm. Aktyorluq etmirəm. Həmişə demişəm ki, mən həyatda oynamıram. Həyatda necə varam eləyəm, səhnədə də necə varam eləyəm. Teatra baxma də, tamaşadı, rollardı - onları oynamalıyam. Məsələn, hazırda anaları oynayıram. Məndə müxtəlif analardı, bir-birinə oxşayırmı, tamaşaçı bilər. Mənə elə gəlir ki, məndə ana obrazları müxtəlifdir. Rol üzərində işləyəndə baxıram, görürəm ki, necə anadı, əvvəlkilərə nisbətən zəmanəmizə uyğun anadırmı. Ona görə çalışıram.

- Keçmişə qayıtmaq imkanınız olsaydı, hansı günlərinizi təzədən yaşamaq istərdiniz?

- Analı, atalı günlərimi yaşamaq istərdim. Əsasən o günləri: problemsiz, qayğısız, çətinliksiz, heç nəyi fikirləşmədən, düşünmədən, bilirsən ki, ata, ana yanındadır, onlar problemlərini həll edəcəklər. Ancaq onlarsız çox çətindir. İndi hər şeyi özüm həll edirəm. O vaxt kinostudiya işləyirdi, gəlirdin, kinostudiyaya girəndə qrimin iyi qarışırdı paltarların iyinə, paltarların iyi qarışırdı qrimin iyinə. Həmin şey indi teatrda var. Amma kinostudiyada yoxdur. Mən çox istəyirdim ki, kinostudiyanı görüm tam, dolmuş şəkildə. Hansı otağa girirsənsə iş prosesidir, iş gedir. Onun pavilyonları, o günlər üçün çox darıxıram, çox darıxıram. Çünki mən o günləri görmüşəm.

- Azərbaycanda milli adət-ənənəmizə görə açıq-saçıq filmlər çəkilmir. Sizcə, elə bir şey olsaydı, cəsarət edib bu cür filmlərə çəkilərdiniz?

- Çəkilərdim, niyə çəkilməzdim?! Mən aktrisayam. Səhnədə hər şey olur. Mən səhnədə soyunmuram ki. Səhnədə hər şey olur. Kinoda da, səhnədə də. Elə səhnələrimiz var. "Hoqqa" filmində iki obraz oynayıram. Bir nənə obrazı, xala, qoca arvad obrazı. Qoca arvad soyunur(Gülür.) Bu filmi “Soy production” çəkirdi. Dedilər, bu obrazı heç kim oynamaz. Yəni bilirdilər ki, məndə elə xasiyyət var. Mən onu oynaya bilərəm. Heç çəkinmədən oynayaram. Və oynadım da.

- İnsanlar adətən asudə vaxtlarında kitab oxuyur, filmə baxır, musiqi dinləyir və s. Siz asudə vaxtlarınızı necə keçirirsiniz?

- Elə mən də asudə vaxtlarımı o cür keçirirəm. Çoxları gedir orda-burda gəzir. Mən gəzməyi xoşlamıram. İşdən evə gəldimsə, məni evdən çıxarmaq qeyri-mümkündür. Mənə desələr ki, sənə min manat veririk, boş vaxtlarında bir az çöldə, bayırda gəz, dolan, inanın yenə də yox deyərəm. Asudə vaxtlarımda otururam evdə, televizora baxıram, pişiklərimlə oynayıram. Məndən soruşanda ki, sən evdə darıxmırsan… Evdə başımı nəyiləsə qatıram. Gecə yarısı beşdə, altıda yatıram. Gecə yarı beynimə düşür ki, cücə çığırtması bişirim. Özü də yeməyi az yeyirəm. Mənim üçün ətin bir tikəsi, bir kartof özü çoxdur. Asudə vaxtımda, boş vaxtımda özümə iş tapıram. Oturub dincəlirəm, musiqiyə qulaq asıram. Bir də görürəm ki, TV-də klip verirlər, xod verib özüm üçün oynayıram, rəqs edirəm. Hərdən öz-özümə deyirəm ki, qonşular deyəcəklər, bu lap dəli olub(Gülür). Allah rəhmət eləsin Elçin Həmidova, biz onunla həyatda dost, səhnədə də tərəfmüqabili olmuşuq. Bilirsiniz də, o, tək idi. Bizə danışırdı ki, evdə şaqqanaq çəkib gülürəm. Sonra deyirəm ki, qonşular deyəcəklər, vaxsey, bu dəli olub, yoxsa başına hava gəlib. Hər dəfə Elçinin o sözlərini yada salıram. Elçin dost kimi çox maraqlı insan idi. Mən çox dostlar itirdim, heyiflər olsun.

- Deyirlər, insan dara, çətinə düşəndə dostlarını tanıyır. Sizin “dar günümün dostu” dediyiniz bir insan varmı?

- Var idi qabaq. Elçin idi. Bir çox sənət dostlarım var idi. İndi ancaq mənim dostum qızımdır. Qızımla hər şey barədə danışıram. Qabaq biz uşaqları geyindirirdik, yönəldirdik, istiqamətləndirirdik. İndi onlar bizi yönəldirlər. Bir çıxışımda, müsahibəmdə, bir yazımda, televiziya çıxışımda qızım mənə irad tutur, deyir niyə belə geyindin, niyə elə dedin, niyə elə danışdın… Hardasa uşaqlarımızın sözünə qulaq asmalıyıq. Zəmanə dəyişir. Uşaqlar bizdən yaxşı tanıyırlar uşaqları. Hərdən mən qulaq asmıram. Öz bildiyimi edirəm. Az sonra görürəm ki, a, qızımın dediyinə gəlib çıxmışam. Deyirəm, qızım, sən düz deyirmişsən. O da deyir, ana gördün, mən deyəndə sən mənə inanmırdın. Bax, həmişə belə olur.

- Ümumiyyətlə, çətin günlərinizdə kimi yanınızda görmək istərdiniz?

- Çətin günlərimdə öz qızımı, öz balamı, öz nəvəmi, öz kürəkənimi. O qədər mehriban insandırlar ki, məni o qədər çox istəyirlər ki... Çox qayğıkeşdirlər. Hər ikisi də çox ailəcanlı, anacanlı, valideyncanlıdır - kürəkənim də, qızım da. Qızım hər gün zəng vurur. Deyir ki, ana salamatçılıqdır, hardasan evdəsən yox bayırda, gələndə xəbər elə. Elə bu söz mənim üçün bəsdir. Hə, yaxşı – deyirəm. Necə ki, indi yanımdadırlar, həmişə də yanımda olsunlar. Onlar yanımda olanda özümü arxalı hiss edirəm.

- Maraqlıdır, özünüzlə tək qalanda özünüzə hansı sualları verirsiniz?

- Gün ərzində olan hadisələri, söhbətləri, sözləri oturub evdə analiz edirəm. Bu söz deyildi mənə, cavab verdim, düz etdimmi, cavab vermədim düz etməddimi?! Evdə onu həmişə analiz edirəm. Hər bir hadisəyə qiymət verirəm. Çalışıram, hər halda düzgün çıxış yolu tapım.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya