Bu sakinlərə 100 min manat təzminat ayrıldı - Ödənilməsinə başlanılıb
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında və yanğən baş verən çoxmərtəbəli yaşayış binasında bərpa prosesi mərhələli şəkildə davam etdirilir.
Hurriyyet.az-ın xəbərinə görə, bunu bina sakini olan jurnalist Heydər Mirzə bildirib.
Onun sözlərinə görə, artıq bir həftədir binaya su verilib. H.Mirzə deyib ki, elektrik enerjisinin isə sabah 11-17-ci mərtəbələrdə bərpa olunması nəzərdə tutulur:
“Bərpa işləri davam edir. Sabah 11-17-ci mərtəbələrə işıq veriləcək. Su artıq bir həftədir ki, var. NK-nin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb. Nə vaxt ala biləcəyik - bilmirəm. Deyirlər ki bugün - sabah. Məncə yubanma banka görədir - ərinməz hər bir təzminat alıcısına ayrıca hesab açırlar, cəmi bir əməliyyat üçün. Bu iki daşın arasında müştəri bazasını artırırlar yəni - anidən 96 yeni hesab, nə olsun ki, o hesablardan bir daha əməliyyat aparılmayacaq? Maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin bərpasıdır. Binanın işığı, suyu və qazı olsa da, liftin o zaman işləməməsi problem törədəcək yuxarıdakı mərtəbələrdə yaşayan sakinlərin evlərinə dönməsi üçün”.

Heydər Mirzə “Yeni Sabah”a açıqlamasında söyləyib ki, yanğın zamanı zərərçəkənlərə ümumilikdə 100 min 800 manat məbləğində vəsait ayrılıb: “Məbləğ mənzilin kvadrat sahəsindən asılı olaraq dörd kateqoriyaya bölünür və hər mənzil üçün 900 manatdan 1200 manatadək dəyişir.
Təzminat vəsaitini ev sahibi və ya kirayəçi ala bilər. Bu məsələyə biz müdaxilə etmirik. Bəzi hallarda ev sahibi vəsaitin kirayəçi tərəfindən alınmasını istəyir, bəzi hallarda isə kirayəçi ilə razılaşaraq vəsaiti ev sahibinin almasına qərar verirlər. Yəni bu məsələ ev sahibi ilə kirayəçi arasında qarşılıqlı razılaşma əsasında həll olunur.
Məlumatlar cədvəl şəklində tərtib olunur. Cədvəldə, məsələn, aşağıdakı məlumatlar qeyd edilir: Mirzəyev Heydər İlyas oğlu, evin sahibi, mənzilin sahəsi, çıxarışın nömrəsi və s. Həmçinin göstərilir ki, evin sahibi kimdir və təzminat vəsaitini kim alacaq.
Bəzi hallarda təzminatı alan şəxs evin sahibi olmur. Əgər vəsaiti alacaq şəxs başqa biri olarsa, onun şəxsiyyət vəsiqəsinin məlumatları cədvəldə qeyd edilir. Təzminatı götürmək üçün həmin şəxs şəxsiyyət vəsiqəsini və mənzilin çıxarışının surətini təqdim etməlidir. Kirayəçi özü də, ev sahibi ilə əvvəlcədən razılaşma olduğu halda, təzminatı şəxsən gedib ala bilər. Bizdə bu cür hallar mövcuddur”.
Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı ölüb.
