“Bu, regionda davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhvə verər” – ADP ƏRDOĞANIN TƏKLİFİNİ DƏSTƏKLƏDİ

2023-09-19 14:43:51

“Bu, regionda davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhvə verər” – ADP ƏRDOĞANIN TƏKLİFİNİ DƏSTƏKLƏDİ

Dünən ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, İdarə Heyəti ilk öncə ötən həftə Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamədə ölkəmizə qarşı yönələn ittihamlar və bu ittihamların doğuracağı nəticələr ətrafında fikir mübadiləsi aparıb. İdarə Heyəti hesab edib ki, Azərbaycan hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarının təmin olunması və siyasi məhbus probleminin birdəfəlik həll olunması istiqamətində ciddi addımlar atmalıdır. Yəni rəsmi Bakı indiki beynəlxalq şərtlər daxilində milli problemlərimizin həll olunmasında beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyini ala bilməlidir, əks halda mövcud problemlər Azərbaycana əlavə beynəlxalq təzyiqlərə gətirib çıxarır ki, bu da uğurlu xarici siyasət aparmağa mane olur.

İdarə Heyəti son zamanlar Rusiya-Ermənistan münasibətlərində yaranan gərginlikləri də müzakirə edərək Rusiyanın Ermənistana qarşı səgilədiyi aqressiv münasibətin rəsmi İrəvanın müstəqil xarici siyasət aparmasına qısqanclıqdan qaynaqlandığını qeyd edib. İdarə Heyəti eyni zamanda bu münasibəti rus imperializminin xiffəti, keçmiş SSRİ Respublikalarını öz nəzarəti altında saxlamaq cəhdi və Rusiyanın Ermənistan siyasətinin iflası kimi dəyərləndirib.

İdarə Heyəti son günlər Azərbaycanla Ermənistan arasında yaşanan gərginliklərin bölgədə ciddi narahatlıq yaratdığını, Ermənistanın müxtəlif bəhanələrlə sülh danışıqlarından yayınmasının sağlam məntiqə söykənmədiyini qeyd edib və bütün bu gərginliklərə baxmayaraq, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan sülh sazişinin tezliklə bağlanmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində beynəlxalq kürsülərdən səsləndirdiyi fikirlərini, onun Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi naminə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə “dördlü” formatda görüşün keçirilməsinin vacibliyi ilə bağlı irəli sürdüyü təşəbbüsü yüksək dəyərləndirib və belə bir görüşün regionda davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhvə verəcəyinə əminliyini ifadə edib.

ADP İdarə Heyətində son zamanlar İran-Ermənistan arasında yaşanan siyasi gərginlik də müzakirə edilib. Müzakirələrdə uzun illər İranın işğalçı Ermənistana yönəlik siyasətinin yanlış olduğu bildirilib, İranın Ermənistana qarşı yaranmış soyuq münasibətini təcavüzkar bir ölkəyə hər cür maddi, mənəvi və hərbi dəstək siyasətinin iflasa uğradığının əyani sübutu kimi dəyərləndirilib.

İdarə Heyəti ABŞ Dövlət Departamentində Qarabağla bağlı həqiqətə uyğun olmayan faktlar əsasında və birtərəfli qaydada dinləmələr keçirilməsindən təəssüfləndiyini bildirib, bu faktı ölkəmizə, onun suveren hüquqlarına qarşı aparılan qərəzli ermənipərəst siyasətin tərkib hissəsi kimi dəyərləndirib və ABŞ rəsmilərini 30 il ərzində ərazilərimizi işğalda saxlayan, etnik təmizləmə aparan, maddi və mədəni abidələrmizi, dini inanc yerlərimizi vandalcasına məhv edən Ermənistanı deyil, işğal altında olan ərazilərini qanuni yolla azad edən Azərbaycanı qınaq obyektinə çevirməkdən çəkinməyə, Qarabağda yaşayan erməni azlığının separatist hərəkətlərinə dəstək verməməyə və ikili standartlara son qoymağa çağırıb.

İdarə Heyət hakim “Vahid Rusiya” Partiyasından olan deputat Yevgeni Fyodorovun SSRİ-nin yenidən bərpa edilməsi, müstəqillik əldə edən ölkələrin yenidən bu mənfur imperiyanın tərkibinə qatılması barədə sərsəm çıxışını, hətta bu təklifin qanun layihəsi şəklində hazırlayıb Dövlət Dumasına təqdim edəcəyi barədə açıqlamalarını qətiyyətlə pisləyib. İdarə Heyəti SSRİ-nin dağılmasının həmin dövlətin konstitusiyasına və xalqlarının öz müqəddəratlarını təyin etməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olduğunu qeyd edib, bu qanun layihəsinin Rusiyanı yeni işğalçı müharibələrə həvəsləndirməsinə xidmət etdiyini qeyd edib.

İdarə Heyəti separatçı Qarabağ rejiminin saxta və qeyri-qanuni yolla prezident seçkiləri keçirməsi faktına bir daha diqqət çəkib və bu faktın sülh missiyası ilə ərazilərimizdə yerləşdirilən rus “sülhməramlı” kontingentin gözü qarşısında baş verməsini, Rusiyanın bu məsələyə laqeyd qalmasını və bu günə qədər bu hadisəyə heç bir rəsmi mövqe ortaya qoymamasını qətiyyətlə pisləyib və baş verənlərin Rusiyanın işğalçı siyasətinin davamı kimi dəyərləndirib.

İdarə Heyəti Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycanı Rusiyanın Ukrayna ərazisində keçirdiyi “seçkilərə” dəstək verməməkdə ittiham etməsi faktına da münasibətini açıqlayıb. İdarə Heyəti Azərbaycanın beynəlxalq hüquqa hörmət etdiyini, heç bir halda separatizmə dəstək vermədiyini, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək verməsini haqlı mövqe kimi dəyərləndirib. İdarə Heyəti eyni zamanda Rusiya XİN sözçüsünün bu iradlarının yersiz olduğunu, Rusiyanın işğalçı siyasətinə Azərbaycanı da qoşmaq cəhdi kimi dəyərləndirib.

Hazırladı: KƏNAN

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134508