Saat:04:28
Haqqımızda

“Bu qorxuyla iqtidarı necə alacaqlar?” – AXCP və Müsavata ittiham

2023-07-29 13:40:00

“Bu qorxuyla iqtidarı necə alacaqlar?” – AXCP və Müsavata ittiham

“Bütün partiyalar Ədliyyə Nazirliyinə 5 min üzvü təsdiq edən reyestr təqdim edir. Qanuna görə də üzvlərin təsdiqi 5 mindən aşağı olsa, partiyanın qeydiyyatı barədə ləğv üçün məhkəməyə müraciət olunmur. Biz 10.001 nəfər üzv adı vermişik. Əgər 10 min nəfərdən birinin məlumatı belə düz olmasaydı, yenə də sənədlər geri qaytarılacaqdı ki, ya o 1 nəfəri düzəldin, ya da siyahıdan çıxarın”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Partiya sədri Ədliyyə Nazirliyinə dövlət qeydiyyatına alınması üçün verilən sənədlərdə təsdiq edilmiş üzvlərinin sayından, habelə digər partiyalara nisbətən Ağ Partiyanın daha çox üzvünün təsdiq edilməsinin əsas məqamlarından söz açıb.

T. Abbaslının fikrincə, bu gün bu məntiqlə heç Yeni Azərbaycan Partiyasının da qeydiyyatdan keçdiyini demək olmaz:

“Onsuz da bütün partiyalar qeydiyyatlıdır. Sadəcə 5 min üzvdən az üzvü olanların ləğvi barədə məhkəməyə müraciət olunmayacaq. Bu baxımdan, biz 10.001 üzv vermişdik. Ədliyyə Nazirliyinin məktubunda isə hansı üzvlərdə qüsurlar olduğu qeydə alındı. Biz o qüsurları çıxdıqdan sonra isə 4.473 nəfər yerdə qaldı. Digər üzvlərlə bağlı da iş gedir. Eləsi var reyestrdə tapılmayıb, adları təkrar gedənlər olub. Bunları ayrı-ayrı kateqoriyalaşdırırıq. Haradasa 4 mindən çox yeni üzvün düzəlişini nazirlik tanıya bilər.

Mən ikinci dəfə siyahıları təqdim edəndən sonra partiya üzvlərimizin sayının 5 mini keçəcəyinə əminəm. Monitorinq etsəniz, görərsiniz ki, cavab almış partiyaların içində ən yüksək göstərici Ağ Partiyadadır. Məsələn, Müsavat və AXCP-nin üzvlərinin sayını toplayanda bizdən min nəfərə yaxın az oldu”.

“Sizcə, niyə hələlik ən çox üzvü ilə qeydiyyata alınan partiya Ağ Partiyadır? Əgər sən deyirsən ki, 30 ilin, yaxud 100 ilin partiyasıyam və cəmi 5.300 nəfərlik siyahı verirsənsə, onun 50%-i də 2.000-dən bir qədər çox edir. Ağ Partiya isə 10 min nəfərin siyahısını verib. Hətta müraciət anketinin doldurulduğu saat da qeyd olunub. Şübhələri varsa, baxsınlar. Sadəcə 10 minin içində təmizlənmə olandan sonra biz təsdiq olunacağıq. Biz işləyirik deyə, bizdə üzv sayı çoxdur. Küçəyə çıxıb soruşsaq, görərik ki, millət bizi tanıyır, ya AXCP, Müsavat və ReAl-ı? Yaxud hansının sosial media hesabı bizdən üstündür? Hamısını üst-üstə toplayanda görülür.

Mənim onlara nəyisə sübut etməyə fikrim yoxdur. Atalar demiş, xoruz yox idi, səhər açılmırdı? Mənə lazım olan odur ki, sıravi insanlar, vətəndaşlarımız bizi dəstəkləsin. Bizə lazım deyil ki, rəqiblərimiz bizi dəstəkləsin. Nə gözləyirik? Desinlər ki, ən güclü Ağ Partiyadır?”, – əlavə edib.

“Hətta deyirlər ki, guya hakimiyyət Müsavat və AXCP üzvlərini sıxır və s. Mən bu məsələyə subyektiv yanaşıram. Hamısını sıxırlar, hamısının idarə heyətlərinin üzvləri universitetlərdə professordurlar, dərs deyirlər və dövlət müəssisələrində işləyirlər. Bu necə sıxmaqdır? Gəlib Müsavatın Divan heyətinə baxaq, görək, neçəsi universitet işçisidir? Yaxud mənim partiyamın idarə heyətində neçə nəfər dövlət işində işləyir?

Hansı rəqəmlərə görə göstərirlər ki, onlar partiya üzvü olduqlarını deməyə qorxurlar? Bu qorxuyla iqtidarı necə alacaqlarını düşünürlər? Əvvəl deyirlər ki, biz gələcəyik, dağı dağ üstünə qoyacağıq, sonra da telefonu götürmür, götürəndə də danır ki, partiya üzvü deyiləm. Necə deyərlər, qorxursan pişikdən, niyə çıxırsan deşikdən?”, – müsahibimiz fikirlərini tamamlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237185