“BU, QARABAĞ PROBLEMİNƏ SON NÖQTƏNİ QOYACAQ” - Təhlükəsizlik ekspertindən yeni Laçın yolu ilə bağlı çağırış

2022-05-31 17:13:00

“BU, QARABAĞ PROBLEMİNƏ SON NÖQTƏNİ QOYACAQ” - Təhlükəsizlik ekspertindən yeni Laçın yolu ilə bağlı çağırış

“Aparılan danışıqlar zamanı razılaşdırılmış bütün məsələlərin həlli üçün konkret zaman müəyyənləşdirilməlidir”

“Erməni müxalifətinin Nikol Paşinyan iqtidarına etirazlarının pərdəarxası hakimiyyət uğrunda mübarizə olsa da, açıq bildirilən bəyanatları birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşıdır. Adekvat olaraq hakimiyyətin müxalifətin etrazlarına qarşı gördüyü tədbirlər də daha çox iqtidarın qorunmasına yönəlsə də, Azərbaycanın, eləcə də Türkiyənin ərazi bütövlüyünün əleyhinə yönəlmiş fikirlərlə dolayısı ilə həmfikir olduqlarını bildirməkdən çəkinmirlər”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistanda cərəyan edən prosesləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “Ermənisan ərazisində hər hansı bir dəhlizin olması istisnadır, hətta müzakirə mövzusu belə deyil” deməsi sübut edir ki, 18 aydan çox bir müddətdə Paşinyan hakimiyyəti iki ölkə arasında münasibətlərin normallaşması üçün razılaşdırılmış sənədlərin tələblərini yerinə yetirməkdən qaçır.

“Ümumiyyətlə, Ermənistan rəhbərliyinin Brüsseldə bir cür, Moskvada başqa cür, İrəvanda isə qarmaqarışıq danışmağı ilə konkret nəticələrə gəlmək mümkün olmur. Ən azı 18 aydır ki, belədir” – deyə, ekspert vurğulayıb.

Xatırladaq ki, Ermənistan parlamentinin müxalif fraksiyaları 3 iyuna növbədənkənar iclas çağırıb. Gündəlikdə Türkiyə və Azərbaycanla danışıqlar prosesinə dair tələbləri əks etdirən bəyanatın müzakirəsi dayanır.

İlham İsmayıl deyir ki, mətnin müddəaları artıq yayılıb və gözlənildiyi kimi Azərbaycanın ərazi bütövlüyünə qarşıdır: “İlk müddəa “dağlıq Qarabağın Azərbaycanın tərkibində olacağının həll yolu olmadığı” tələbidir. Bu tələb bizim üçün yenilik deyil, bunu həm separatçı rejimin "liderləri", həm də İrəvandakı müxalif qüvvələr dəfələrlə bəyan ediblər. Sadəcə olaraq 10 noyabr 2020-ci ildən keçən ilk aylarda bu zəif səslənirdisə, getdikcə ermənilərin israrının artan xətt üzrə inkişaf etdiyini görmək üçün xüsusi qabiliyyətə malik olmağa ehtiyac yoxdur”.

İ. İsmayılın fikrincə, Rusiya hərbi kontingentinin Qarabağda mövcudluğu ermənilərə məğlub ölkə, uduzmuş millət olduqlarını unutdurub. Buna görə də revanşist hissləri baş qaldırıb, hətta separatçı tələblərlə çıxış etməyə başlayıblar.

Ekspert vaxt itirmədənbu cür meyllərin qarşısının alınmasını zəruri hesab edir.

“Necə? Prosesi aparan səlahiyyətlilərin bu sualın cavabını daha yaxşı bildiyini hesab edir, zəruri nəticələr çıxarıldığına ümid edirik” –deyə, İ. İsmayıl vurğulayır.

Ekspert əlavə edir ki, tələblərdən biri delimitasiya və demarkasiya işlərinə başlanmasının əleyhinə olan müddəadır: “Bildirilir ki, guya Azərbaycan qoşunları “Ermənistanın suveren ərazisində olduğu halda Azərbaycanla sərhədi müəyyən etmək mümkün deyil”. Ermənistan silahlı qüvvələrinin 12 min nəfərlik heyəti hələ də Azərbaycanın ərazisində olduğu, Azərbaycanın suveren ərazisi olan Qazax rayonunun 7 kəndini işğal altında saxladığı, keçmiş SSRİ xəritələrindən imtina etdiklərini vurğuladıqları halda hansı dövlət sərhədindən danışırlar? Bilirlər, amma zamanı uzatmaq üçün bunlar bəhanələrdir və müharibə bitəndən bəri ermənilərin, havadarlarının bu xətti seçdikləri çox açıqdır”.

Təhlükəsizlik eksperti hesab edir ki, Azərbaycan rəsmi olaraq bu arqumentləri tez-tez səsləndirməli, Ermənistanın sülh müqaviləsindən yayındığını və bununla da bölgənin təhlükəsizliyinə və inkişafına ciddi zərbə vurduğunu dünyaya çatdırmalıdır: “Delimitasiya məqsədilə yaradılmış ikitərəfli komissiyanın danışıqlar üçün iclasları Moskvada, sonra Brüsseldə keçirməyi planlaşdırması da xeyli zaman aparacaq. Bu görüşlərin dövlət sərhədində və ya Gürcüstanda keçirilməsi daha məntiqli olardı. Görünür komissiyanın görüşlərinin moderatorluğu uğrunda da Avropa İttifaqı ilə Rusiya arasında rəqabət davam edir, tərəflərin sərbəst qərar verməsi onların, xüsusilə Rusiyanın maraqlarına cavab vermir”.

İlham İsmayıl onu da qeyd edir ki, Ermənistanı və havadarlarını hazırda ən çox narahat edən məsələ yeni Laçın yolunun istifadəyə verilməsidir.

Onun sözlərinə görə, yeni Laçın yolu hazır olanda Azərbaycanla Ermənistan arasında bizim sərhəd nəzarətimizin və gömrük məntəqəsinin qoyulmasının mümkünsüzlüyü barədə erməni siyasiləri saymazyana şərhlər versələr də, əslində ən narahat olduqları məsələ, məhz bu nəzarətin ola bilməsidir: “Münasibət bildirənlər bunun 10 noyabr 2020- ci il razılaşmasında əksini tapmadığını və Rusiyanın qətiyyətlə buna imkan verməyəcəyini arxayınlıqla söyləyirlər. Amma, Zəngəzur dəhlizinin olmayacağını da qeyd olunan tələblər sırasına salıblar. Tələblərin bu müddəasında deyilir: “Ermənistanda Azərbaycan üçün İrəvanın nəzarətində olmayan tranzit yollar yoxdur və olmayacaq”. Biz indidən daha qətiyyətlə heç bir Zəngəzur dəhlizi və ya yolu ilə müqayisə aparmadan yeni Laçın yolunda Azərbaycan sərhəd və gömrük postlarının qoyulacağını və sərhədə Qarabağda müvəqqəti yerləşən Rusiya hərbi kontingenti ilə birgə nəzarət edəcəyimizi bildirməliyik. Bu məsələyə ən çox Rusiya mane olacaq, amma yeni Laçın yolunda nəzarət strukturlarımızın yaradılması Qarabağ probleminin son nöqtəsinin qoyulmasını sürətləndirəcək. İndiyədək Rusiya hərbi kontingentinin Laçın dəhlizinə formal nəzarət etməsi barədə Azərbaycan tərəfinin iradları əsas arqumentlərimizdən biri olmalıdır”.

Ekspert əlavə edir ki, Ermənilərin sonuncu tələbi Türkiyə ilə bağlıdır.

“Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı qəti etiraz bildirilir. “Ermənistan-Türkiyə münasibətləri soyqırımı unutmaq və ya onun beynəlxalq səviyyədə tanınması prosesini dayandırmaq bahasına həll edilə bilməz” – deyə, İ.İsmayıl erməni müxalifətindən sitat gətirir.

O hesab edir ki, Qarabağın azad edilməsi üçün birlikdə yola çıxdığımız qardaş Türkiyə ilə koordinasiyalı şəkildə siyasətimizi davam etdirməli və ermənilərin müxalifətli, iqtidarlı tələblərini alt-üst etməliyik.

“İndiyədək baş verənlər sübut edir ki, konkret vaxt qoyulmayanda ermənilər heç bir razılaşmaya əməl etmirlər. Ona görə də, aparılan danışıqlar zamanı razılaşdırılmış bütün məsələlərin həlli üçün zaman müəyyənləşdirilməlidir”- deyə, İlham İsmayıl vurğulayıb.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya