“Bu plan münaqişəni dondurmaq üçün əsas görünə bilər” - KAMRAN SULTANLI
“Trampın yeni sülh planı əvvəlcə 28 bənddən ibarət idi, Cenevrədə keçirilən görüşdən sonra Ukrayna nümayəndə heyəti dedi ki, 19 bəndə endirilib”.
Bu barədə Hurriyyet.az-a danışan politoloq Kamran Sultanlı deyib.
K.Sultanlı qeyd edib ki, ancaq bəzi media nümayəndələri Ukraynanın 28 bənddən 25-ni qəbul etdiyini qeyd edirlər: “3 bənd isə bunlar idi: Ukrayna ordusunun Donetskdən çıxarılması, NATO-ya üzvlüyü məsələsi və Ukrayna ordusuna məhdudiyyətlər məsələsi idi. Sonradan Ukrayna prezidentinin sözçüsü bildirdi ki, artıq əvvəlki plan mövcud deyil, plan 19 bənddə endirilib. Eyni zamanda ABŞ təzminat məsələsində geri çəkilib və bu məsələ planda ləğv olunub. Bu məsələ nədən ibarətdir? Rusiyanın dondurulmuş 100 milyard dolları Ukraynanın bərpası üçün köçürülür. Bu layihəyə görə, Ukraynaya verilən təzminatdan Amerika 50 faiz qazanır. Bunu ləğv ediblər. İkinci olaraq, Ukrayna ordusunun 600 min nəfərə endirilməsi də plandan çıxarılıb. Üçüncü isə hərbi cinayətlərlə bağlı amnistiya verilməsi məsələsdir”,-deyə politoloq əlavə edib.
“Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dünənki çıxışında bildirdi ki, Amerikanın planının bir çox bəndləri Rusiyanın maraqlarına uyğundur və o ilkin əsas təşkil edə bilər. Amma Avropanın planını qəbul etmədiklərini bildirdi. Bu da onu deməyə əsas verir ki, Rusiya rəhbərliyi 28 bəndlik plana daha çox üstünlük verəcək”,-deyə politoloq əlavə edib.
K.Sultanlının sözlərinə görə, burada bir çox məqam var: “850 min nəfərlik Ukrayna ordusunu nəinki Rusiya qəbul etməyəcək, bir tərəfdən bu ordunun ümumiyyətlə, saxlanılması da sual doğurur. Ukraynanın müharibədən öncə, aktiv ordusunun sayı 250 min nəfər idi. Bu gün 800 min nəfərə yaxın hərbi vəziyyətdə olan ordu var. Müharibədən sonra, sülh dövründə bu ordunu saxlamaq çox baha başa gələcək. Ona görə, bu qədər ordu Rusiyanın özünə də təhdid yaradan bir məqamdır”.
K.Sultanlının fikrincə, bu planın qeyri-müəyyən tərəfləri çoxdur: “Bu plan daha çox atəşkəsi təmin etmək və münaqişəni dondurmaq üçün əsas görünə bilər. Çünki burada elə maddələr var ki, hər iki tərəf onu fərqli oxuya bilir və tərəflər arasında gələcəkdə daha iri miqyaslı münaqişələrə səbəb ola bilər”.
CAVİD
