Bu ölkələr Quranın yandırılmasını qadağan edə bilər
Danimarka müqəddəs kitabların xarici səfirliklərin qarşısında yandırılmasının qadağanı məsələsini nəzərdən keçirir.
SkyNews agentliyinin xəbərinə görə hökuməti bu məsələyə baxılmasına təhlükəsizlik mülahizələri məcbur edir.
Bundan əvvəl Danimarka və İsveçdə Quranın yandırılması ilə müşayiət olunan silsilə etiraz aksiyaları keçirilmişdi. Bu aksiyalar müsəlman ölkələrində hiddətli etirazlara səbəb olmuş, bu iki ölkənin müsəlman ölkələri ilə münasibətlərini təhlükə qarşısında qoymuşdu.
Ötən ay Stokholmda İraq səfirliyinin qarşısında Quranın yandırılması Bağdaddakı İsveç səfirliyinə etirazçıların basqını ilə nəticələnmişdi. SkyNews yazır ki, bu səbəbdən İsveç də hüquqi situasiyanın “qiymətləndirilməsinə” başlayıb.
Ötən bazar günü Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen demişdi ki, “müqəddəs kitbaların yandırılması birliyə ehtiyacı olan dünyada yalnız ixtilafa yol açır”: "Odur ki, hökumətimiz xüsusi situasiyalarda başqa ölkələrin təhqir olunmasına necə son qoyula biləcəyi məsələsinə baxır, çünki bu, Danimarkanın maraqlarına və danimarkalıların təhlükəsizliyinə hədə yaradır”.
Bundan əvvəl Danimarkada və onun qonşusu İsveçdə bir sıra etiraz aksiyalarında Quranın yandırılması müsəlman ölkələrində hiddətli nümayişlərə səbəb olub.
