Saat:12:40
Haqqımızda

“BU, MOSKVAYA OLDUQCA CİDDİ BİR MESAJ İDİ...” - “Yaxın günlərdə Laçın dəhlizi qapadıla bilər”

2022-11-24 16:39:00

“BU, MOSKVAYA OLDUQCA CİDDİ BİR MESAJ İDİ...” - “Yaxın günlərdə Laçın dəhlizi qapadıla bilər”

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusilə diqqət çəkir”.

Bunu noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının və Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda DTX-nin Təhüləkəsizlik Xidmətinin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirib.

General qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.

Qeyd edək ki, hazırda Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin yenidən aktivləşdiyini, ordumuza qarşı müxtəlif təxribatlar törətməyə cəhd göstərildiyini müşahidə edirik.

Son günlər məhz separatçıların olduğu yerlərdən ordumuzun mövqelərinin atəşə tutulması antiterror əməliyyatını yenidən gündəmə gətirib. Əslində Azərbaycanın separatçılara qarşı antiterror əməliyyatı keçirməyə tam hüquqi əsasları var. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmaya əsasən, rus sülhməramlıları bu ərazilərdəki qanunsuz erməni silahlı qüvvələrini çıxarmalı, həmçinin burada yaşayan insanların adabtasiyasının həyata keçirilməsində iştirak etməl idi. Lakin bu qədər vaxt keçəməsinə baxmayaraq, bu istiqamətdə heç bir nəticə əldə olunmayıb. Əvəzində sülhməramlı qüvvələr öz vəzifə borclarını unudaraq, seperatçıların ölkəmizə qarşı təxribatlarına göz yumub, bəzən isə özləri ermənilərlə birlikdə bu oyunların iştirakçısına çevriliblər. Buna misal olaraq Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında revanşistlərə silah-sursat daşınmasını, Qarabağa qanunsuz səfərlərin təşkilinə şərait yaradılmasını, zaman-zaman sülhməramlıların fəaliyyəti ilə bağlı informasiya bülletenlərində ölkəmizə qarşı təxribatlarla çıxş edilməsini göstərmək olar.

Belə olan halda Azərbaycan tərəfi separtaçıların və sülhməramlıların bölgədəki qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində növbəti dəfə antiterror əməliyyatına başlaya bilərmi?

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiya sülhməramlıları bölgəyə gəldikdən sonra Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin yenidən təşkilatlanmasına şərait yaradıblar: “Onlar burada ermənilərdən ibarət “Qarabağ müdafiə Ordusu” adI altında hərbi bir struktur formalaşdırıblar. Bu struktura ən azı bir diviziya, üç alay və əlahiddə taborlardan ibarət hərbi qüvvələr daxildir. Müharibədən sonrakı mərhələdə bu qüvvələrin yenidən təşkilatlanmasına ehtiyac vari idi. Çünki İkinci Qarabağ müharibəsində ermənilərin bu bölgələrdəki xüsusən də, şimaldakı 10-cu dağatıcı diviziyasının tərkibində olan beşinci, altıncı və yeddinci alayları, həmçinin əlahiddə taborları çox böyük texnika və silah-sursat itkisi ilə üzləşmişdilər. Eyni zamanda müharibə dövründə ordumuz tərəfindən düşmənin zirehli texnikalarının saxlanıldığı əsas hərbi baza da məhv edilmişdi. Hazırda görürük ki, bu hərbi birləşmələrin yenidən təşkilatlanması istiqamətində işlər aparılır. Bütün bu silah-sursat isə Laçın koridoru vasitəsilə separatçılara çatdırılır”.

Ekspert qeyd edir ki, sülhməramlıların qanunsuz hərəkətlərinin DTX səviyyəsində ictimailəşdirilməsi, separatçıların Ermənistandakı havadarlarına və Rusiyadakı hərbi siyasi mərkəzlərə verilən mesajdır: “Bu, o deməkdir ki, biz bütün bu olub-bitənlərin fərqindəyik və buna uyğun müvafiq addımlar atacağıq. Düşünürəm ki, bu olduqca ciddi bir mesaj idi. Açıq şəkildə bildirildi ki, sülhməramlılar Laçın dəhlizi vasitəsilə erməni hərbi birləşmələrinin silahlandırlmasına göz yumur”.

E. Şıxəliyevin sözlərinə görə, bu cür qanunsuz hərəkətlərin qarşısını almaq üçün, Laçın dəhlizi mütləq nəzarətə götürülməlidir: “Bu yolla Rusiya sülhməramlılarının bölgədəki aktivliyini dayandırmış olacağıq. Bildiyimiz kimi, üçtərəfli bəyanatda göstərilib ki, Rusiya sülhməramlıları 2025-ci ilə qədər bölgədə qalmalıdırlar. Ancaq ilk növbədə onlar bu cür qanunsuz fəaliyyətlərini dayandırmalı və separatçıları silahlandırmaqdan çəkinməlidirlər. Digər tərəfdən Ermənistanda Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət mesajlara rast gəlmirik. Əgər belədirsə, deməli, Laçın dəhlizinin birtərəfli qaydada onların nəzarətində olmasına ehtiyac qalmır. Hesab edərəm ki, yaxın günlərdə Laçın dəhlizinin nəzarətə götürülməsi istiqamətində addımlar atılarsa, təəccüblənməməliyik”.

“Antiterror əməliyyatları hər zaman keçirilə bilər. Bu bizim legitim haqqımız və xüsusən də qırmızı xəttimizdir. Ermənistan tərəfi bildirir ki, Qarabağdakı qüvvələr onlara aid deyil. Bu o deməkdir ki, bizim ərazimizdə Azərbaycana aid olmayan silahlı birləşmə var və bu qeyri-qanuni terror qruplaşması adlanır. Azərbaycan tərəfi bu terrorçulara qarşı hər an lokal və topyekun fomada antiterror əməliyyatı apara bilərik. Düşünürəm ki, KTMT yə daxil olan ölkələrin rəhbərlərinin Ermənistandakı görüşündən sonra tərəflər bu məsələləri siyasi dialoq yolu ilə həll etməyə çalışacaqlar. Lakin unutmamalıyıq ki, “B” variantı - Azərbaycanın güc yolu ilə istəklərinə nail olması hər zaman qüvvədədir”- deyə, ekspert bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR