“Bu kuklalar daha qorxuludur, ölümə görə olan əməldir” - Zirəddin Bakıdakı müdhiş cadudan danışdı

2022-08-30 13:50:00

“Bu kuklalar daha qorxuludur, ölümə görə olan əməldir” - Zirəddin Bakıdakı müdhiş cadudan danışdı

Ötən gün Bakıda ev sahibi tanımadığı qadının onun evinə cadu etdiyini təhlükəsizlik kamerasından görüb. 

Hadisə ilə bağlı faktları Yenisabah.az-a təqdim edən zərərçəkən Kamran Bağırov bildirib ki, cadu etmək istəyən qadın onların qapısının ağzına gələrək əlindəki kuklanı yerə atır. Kuklanın qolları kəsik, ayaqları burulmuş olub. Kəsilmiş qollara karandaş yeridilib. Boynu zəncirlənib və saçları arxadan düyünlənmiş şəkildə olub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev cadunun var olduğuna inandığını bildirib:

“Əvvəlcə məsələnin dini tərəfindən sonra isə fəlsəfi tərəfindən danışacağam, çünki bunun elmi tərəfdən təsdiq olunmuş izahı yoxdur. Quranın “Bəqərə” və “Fələq” surəsində cadular haqqında danışılır: “Düyünlərə üfürən (cadugər) qadınların şərindən qaçıram de”. Quran belə ovsunların mümkünlüyündən danışır və bunun haram olduğunu deyir. Elə bir səmavi din yoxdur ki, o cadunun mövcudluğunu inkar etsin.

Məsələnin fəlsəfi tərəfinə də baxaq: Nəsimi deyirdi ki, “Haqq mənəm, haqq məndədir, haqq söylərəm”. Yəni Allahın insanın daxilində olduğunu bildirirdi, insan təbiətin bir zərrəsidir deyirdi. O deyirdi ki, “mən bu cahana sığmazam” yəni insan beyninə bu cahanı sığışdıra bilir, o deyir ki, insan beyni gələcəyi idarə edəcək, yerin, göyün sirrinə vaqif olacaq.

Biz bu gün cadunun mövcudluğunu sırf informatik baxımdan analiz etsək deyə bilərəm ki, hər hansı bir insana məxsus olan əşya ilə, ona məxsus olan bir zərrə ilə onu məhv etmək mümkündür. Yəni sizin əlinizdəki telefon, tutduğunuz qələm, saçınız, tükünüz vasitəsilə sizə yaxşı və ya pis təsir edən şeylər etmək olar. Bu mümkündür, mən cadunun varlığına inanıram və bununla məşğulam, insanlardan həmin təsirləri təmizləyirəm”.

Ekstrasens qeyd edib ki, sözügedən kukla cadulu və kifayət qədər təhlükəlidir:

“Həmin cadulu kuklalar daha qorxuludur. Caduların içərisində ən qorxulusu qəbirlərə olunan, şəkillərə və kuklalara olunanlardır. Çünki onlar dini mövhumda desək, şər qüvvələri həmin kuklaya yerləşdirirlər. Bu daha faciəvidir. 

Məsələn, “Kukla Robert”: Mistik kukla Robert 1906-ci ildə Floridada Tomas Ottonun ailəsində “doğulub”. Kukla ailənin afrikalı qulluqçusundan sahiblərinin oğluna hədiyyə kimi təqdim edilir. İlk baxışda burada qeyri-adi heç nəyin olmadığı düşünürlər, hədiyyə sadəcə bir qulluqçunun təşəkkürü kimi başa düşülür. Ancaq belə olmayıb. Həmin ailə xadiməni o qədər incidir ki, o, öz əli ilə cadu edib şər qüvvələri çağırır və kuklanı ailənin övladına verir. O kukla həmin uşaqdan sonra kimdə olubsa, sağ-salamat qalan adam olmayıb, hamısı ölüb. Həmin kukla bu gün Avropada muzeydədir. 

Bakıda qapıya qoyulan kuklaya da baxsaq görərik ki, həmin kuklanın qollarını qırıb yerinə qələm qoyublar, saçlarını düyünləyiblər. Bu, birbaşa insanı iflic edir, beyninin idarəsini əlindən alır. Bu cadu sırf xəstəliyə, ölümə görə olunan bir şeydir. Əgər onu edən adam elmli adamdırsa, gizli elmlərdən azacıq da olsa, xəbəri varsa, cadu qorxuludur. Biri var  kimisə özünə bağlamaq, yaxud kiminsə ruzisini bağlamaq filan kimi cadular, biri də var məhz bu cür – kuklaya edilmiş cadular, hansı ki, bu edilən şəxsin qəzaya düşməsinə, qolunu-qıçını itirməyinə hesablanıb. Belə cadular var. heç kəs bunu inkar edə bilməz. Kvant nəzəriyyəsi də bunu təsdiqləyir”.

Z. Rzayev bu kimi hallar qarşısında insanların nə etməli olduğunu da açıqlayıb:

“Bu qorxulu bir şeydir, mən desəm ki, getsinlər məscidlərə, din adamlarının yanına, yalan olacaq. Desəm ekstrasens yanına getsinlər, onda da reklam etmiş olacam və hər zaman da deyirəm ki, Azərbaycanda elə bir görücü, elmli adam tanımıram. Rəhmətlik Etibar Erkin var idi, o da güllələnərək  qətlə yetirildi. Həmişə demişəm ki, o səviyyədə, özüm səviyyədə mütəxəssis tanımıram, bunu deyəndə də qıcıqlanırlar, ay balam, tanıyırsınızsa, göstərin.  

Mənim 5 ali təhsilim var, hazırda magistratura oxuyuram və aspiranturaya qalacağam. Xəstəxanada çalışıram, ictimai palatanın üzvüyəm. Azərbaycanda belə bir adam varmı? Mən bu baxımdan deyirəm ki, intellekti, elmi, savadı, təhsili mən səviyyədə olan görücü Azərbaycanda yoxdur. Varsa, da bir nəfər çıxsın desin ki, Zirəddin səhv deyirsən. yum ağzını.

İnsanlar bu cür cadu ilə qarşılaşsalar etməli olduqları bir neçə şey var. Birinci növbədə həmin cadunun üstünə benzin töküb “bismillah” deyib, “Ayətəl Kürsi” oxuyub yandırmaq lazımdır. 

İkincisi nəzir, sədəqə vermək, acların qarnını doyurmaq lazımdır. 

Üçüncü şərt pirə getməkdir. Maşallah, Azərbaycan pirlər yurdudur. 

Dördüncüsü isə inandıqları, sınaqdan keçən bizim kimi insanlara müraciət edərək özlərini təmizlətməkdir. 

Bəzən dini baxımdan baxaraq deyirlər ki, mən namaz qılıram, mənə cadu keçmir. Peyğəmbər də namaz qılırdı, amma ona da keçib, bu barədə ayə də var, “n” qədər hədislər də. Gərək sən o qədər pak olasan ki, sənə cadu keçməsin. Bizim belimizdə gəzdirdiyimiz kəmər, ayağımızdakı ayaqqabı donuz dərisidir. Bununla gəzib məscidə girməklə sənə cadu keçəcək. Cadunun keçməməsi üçün islami şərtlərin hamısına, ən xırda detalına qədər əməl etməlisən. Bunun biri olmasa, cadu səni tutacaq, çünki açıq qapı qoyursan”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060212