“Bu, işğal deyil, əks-hücumdur” - Məşhur general Kursk əməliyyatının üç məqsədini açıqladı

Məşhur amerikalı general, ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Hoces Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyatı “işğal deyil, əks-hücum” adlandırıb.
Hurriyyet.az xəbər verir ki, general Hoces “RBK-Ukrayna”ya açıqlamasında Ukrayanın əməliyyatını “işğal” adlandırmağın yersiz olduğunu deyib.
General hesab edir ki, bu əks-hücumun üç məqsədi ola bilər. Onun fikrincə, əsas məqsəd Rusiya ərazisində platsdarm yaratmaqdır. Bununla Ukrayna Silahlı Qüvvələri düşmənin Ukraynaya PUA və raket atdığı ərazinin əhəmiyətli hissəsini ələ keçirəcək. Həmçinin, Kursk bölgəsində Rusiyanın neft, qaz, nüvə enerjisi obyektləri təhdid altında olacaq. ABŞ, Böyük Britaniya və Almaniyanın məhdudiyyətlərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinə aerodromlara, neftayırma zavodlarına və nəqliyyat infrastrukturuna zərbələr endirmək üçün uzaqmənzilli silahları Rusiyanın dərinliklərinə yaxınlaşdırmağa imkan verəcək.
Hocesin fikrincə, ikinci məqsəd müharibənin dinamikasını dəyişməkdir. Bu əməliyyat Rusiyanın idarəetmə, maddi-texniki təchizat və PUA baxımından zəifliyini göstərir, həm də Rusiyanın qələbəsinin qaçılmaz olduğuna dair mifi məhv edir.
Hocesə görə, üçüncü məqsəd Rusiyanı Ukraynadakı qüvvələrinin bir hissəsini gec-tez Kurska çəkməyə məcbur etməkdir.
Qeyd edək ki, hazırda Ukrayna qoşunlarının Kursk vilayətində irəliləməsi nisbətən səngiyib. Ukrayna Silahlı Qüvvələri tutduğu ərazilərdə möhkəmlənməyə çalışır. Bununla yanaşı, mühüm Kursk-Rılsk magistralını atəş nəzarətində saxlayır.
Azpolitika.info
