BU GÜNLƏRDƏ XATİRƏ GECƏSİ KEÇİRİLƏN BÖYÜK SƏNƏTKAR HAQQINDA - Əhsən Rəhmanlı yazır

2022-05-28 13:50:00

BU GÜNLƏRDƏ XATİRƏ GECƏSİ KEÇİRİLƏN BÖYÜK SƏNƏTKAR HAQQINDA - Əhsən Rəhmanlı yazır

Azərbaycan qarmon ifaçılığı sənəti çətin, keşməkeşli, lakin zəngin, maraqlı, çoxşaxəli, samballı, barlı-bəhərli yol başlayıb gələrək bütün dövrlərdə öz layiqli, bacarıqlı və geniş yaradıcılıq fəaliyyəti ilə tanınan nümayəndələrini yetirmişdir. Tədqiqatçı olaraq belə ünlü sənətkarların həyat və yaradıcılıq fəaliyyətini məqalələr və kitablar vasitəsilə işıqlandırmaqdayıq.

Xanlar Məmmədağa oğlu Cəfərov 1956-cı il fevralın 2-də Bakının Əmircan qəsəbəsində anadan olub. Məmmədağa Cəfərov Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, NBNZ-də mühasib işləmişdi. Onun həyat yoldaşı Roza xanım erkən dünyasını dəyişmişdi. Xanlar anasını fotoşəkillərdən tanıyırdı. Hər iki oğlunun tərbiyəsilə ata məşğul olurdu.

Xanlar Əmircandakı 84 saylı məktəbin birinci sinfinə getmiş və VIII sinifdən 97 saylı ümumtəhsil məktəbdə oxumuşdu. Balaca Xanların böyük istedadı kiçik yaşlardan özünü biruzə verirdi. Eşidib yadında saxladığı musiqi nümunələrini ağzında züm-zümə edir, masada ritm tuturdu. Sonra isə əvvəl nağara, sonra qoşanağara da çalmışdı. 12 yaşında öz həvəsinə kamança çalmağa başlamış, 2 il Əmircan mədəniyyət evinin özfəaliyyət anamblının üzvü olmuşdu. Onun istedadını duyan ata Xanları 5 saylı uşaq musiqi məktəbinin violençel sinfinə qoyur. Xanlar 1 il məşğul olur, lakin həvəsi olmadığı üçün musiqi məktəbinə getmir.

Bir 9 nəfər, musiqi alətlərində ifa edən insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Xanlar 97 saylı məktəbdə 8-ci sinifdə oxuyarkən məktəbin musiqi-nəğmə dərsi keçilən sinif otağında gördüyü qarmona həvəs göstərmiş, müəllim Vahid Axundludan icazə alaraq dərslərdən sonra sərbəst olaraq çalğı öyrənmişdi. Vahid Axundlu və başqa müəllimlər ona qarmon çalğısı ilə məşğul olmağı tövsiyə etmişdilər. Bunu bilən atası ona qarmon alımışdı. İşdən qayıdan ata evdə dincələrkən hər axşam Xanların ifasını eşidib xoşhal olurdu. Xanlar orta ümumtəhsili 204 saylı məktəbdə 1973-cü ildə başa vurub.

Xanlar qarmon sənətini daha mükəmməl öyrənməyi qarşısına məqsəd qoyduğu üçün 1970-ci ildə Qaraçuxurdakı mədəniyyət sarayının qarmon kursuna, müəllim Mirzə İbrahimovun sinfinə yazılır. O, ora məhəllə yoldaşı, yaşıdı qarmonçalan Vaqif Bağırovla gedir. Mirzə müəllim bu uşaqların çalğı bacarığını, mahnıları, oyun havalarını yaxşı ifa etmələrini görüb onlarla yalnız muğam dərsləri geçir. Xanlar 5 illik qarmon kursunu 3 ilə bitirir və vəsiqə alır. Xanlar burada muğamları mükəmməl öyrənmişdi. O, Mirzə müəllimin xətrini həmişə əziz tutur, dünyasını dəyişən ustadına daim rəhmət oxuyurdu.

Mirzə müəllim əslən Qazax bölgəsindən idi, tar və qarmonçalan idi. Toylara qarmonçlan kimi gedirdi. O, Qaraçuxur mədəniyyət sarayında uzun illər şagirdlər hazırlamışdı.

Haşiyə: “Bu sətirlərin müəllifi olaraq qeyd etməliyəm ki, bir dəfə Xanlarla Bülbülə qəbristanında dəfndə iştirak edirdik. Dəfn mərasimi bitəndə o, mənə dedi: “Əhsən, mənim müəllimim Mirzə İbrahimov burada dəfn olunub, onun məzarını tapıb ziyarət edək”. Elə də etdik, molla çağırıb Yasin surəsini oxutdurduq, fatihə verdik. Xanlar bu işdən çox məmnun oldu”.

Bir 2 nəfər şəkili ola bilər

X.Cəfərov yeniyetmə çağlarında Əmircanda ad günləri, yubileylər, “Qaranquşdu”, əsgər yola salma, əsgərlikdən gələnlərin ev, ailə şənliklərində və toy axşamı mərasimində maraqlı ifalar göstərərək tədricən tanınırdı. 1974-cü ildə o, artıq yalnız Əmircanda deyil, ətraf qəsəbələrdə də məclislərdə çıxış edirdi. Həmin illərdə o, özü sərbəst olaraq klarnet ifa etməyi də öyrənmişdi. Həttə bəzi yaşıdları bu sənəti öyrənmək üçün usta yanına getməyib, çalğı qaydalarını Xanlardan öyrənmişdilər. Lakin o, özü klarnetdə deyil, qarmonda çalmağı daha üstün tutmuşdu. Buna səbəb o idi ki, onun taleyinə qarmon sənətçisi olmaq yazılmışdı. Xanlar əvvəldən böyük istedad sahibi idi, həm də bəxtinə musiqiçi, həm də elə-belə deyil, böyük musiqiçi və nadir sənətkar olmaq yazılmışdı.

Əmircanda Rafiq adlı kamançaçalan var idi. O, Xanların ifasını dinləyəndən sonra onu Azərbaycan Dövlət Filarmoniyasına gətirir. Bu gəncin qarmon ifasını dinləyən filarmoniya rəhbərləri onu dərhal Mahnı və Rəqs Ansamblına müşayiətçi qarmonçalan ştatına qəbul edirlər. Bu, 1972-ci ilin sonlarına təsadüf edir. Burada çalışarkən Xanlar SSRİ-nin bir sıra şəhərlərində, hətta ölkənin paytaxtı Moskvada qastrol səfərlərində olur. Bir gün məşq zamanı Xanların çalğısı tarzən-bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun diqqətini cəlb edir. Çox bəyənir və onu filarmoniyada rəhbərlik etdiyi “Azərbaycan təranələri” xalq çalğı alətləri ansamblına qəbul edir. Xanlar əsgərlik çağına qədər bu ansamblda çalışır, bütün məşhur xanəndələri filarmoniyada və başqa yerlərdə verilən konsertlərdə müşayiət edir. O, musiqi cameəsində tanınmağa başlayır. Çoxları dərk edir və inanırdı ki, qarmon ifaçılığı sənətinə yeni istedad və yeni güc gəlir.

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

X.Cəfərov 1974-1976-cı ildə ordu sıralarında olmuş, əsgərlikdən qayıdaraq əvvəlki iş yerində, Dövlət Filarmoniyasında “Azərbaycan təranələri”ndə sənət fəaliyyətini davam etmişdi.

1978-ci ildə Azərbaycan Qastrol-Konsert Birliyi yaranır, filarmoniyanın solistləri və ansamblları ora keçirilir. Xanlar burada bir müddət tarzən Tofiq Məmmədovun qrupunda, sonra xalq artisti tarzən Hacı Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışır. H.Məmmədov Xanların ifasını qarmonçalan Əsgər Həsənovun Bayılda yaşadığı məhəllədə keçirilən toyunda dinləyib bəyənmişdi. X.Cəfərov öz səviyyəli və maraqlı ifası ilə gənclik illərindən böyük sənət adamlarının dəqqətini cəlb etmişdi. Onun ifasını hər yerdə bəyənib onunla birlikdə işləmək istəyənlər anbaan artırdı. Axı onun sənəti tam bütöv idi. Az.konsertdə işlərkən Xanlar Azərbaycann əksər titullu müğənnilərini müşayiət edirdi. Xanlar 1983-cü ildə həmin konsert və yaradıcılıq təşkilatında nəfəs alətləri ifaçısı Fərhad Hüseynovun rəhbərlik etdiyi “Ney” instrumental ansamblına daxil edilərək köçürmə yolu ilə Qara şəhərdəki Nizami parkına işləməyə göndərilir. Burada zəhmətkeşlər üçün tez-tez konsertlər təşkil edilirdi. Orada hər dəfə X.Cəfərovun solo ifaları da olurdu. Xanlar 1984-cü ildə yenidən Qatrol-Konsert Birliyinə qaytarılır, müntəzəm konsertlərə göndərilir və o, burada 1988-ci ilə qədər fəaliyyət göstərir.

Xanlar həmin illərdə öz dəstəsilə toy məclislərində xüsusi ad çıxarmışdı. Çalğı manerası təzə, repertuar yeni, cavanlıq həvəsi, gənclik nəfəsi, maraqlı, cəlbedici, təravətli sənət töhfəsi toy-büsata xüsusi rövnəq verir və məclislərin daha da gur keçməsini təmin edirdi. O dövrdə Əmircanın bütün toylarında Xanlar öz qrupu ilə çıxış edirdi. Onun dəstəsində olan mahir klarnet ifaçısı Vaqif Hüseynxanlı (Qaraçuxurlu) Xanlarla birgə çalğıda daim ayaqlaşan sənətçi idi. Onların ifa qaydaları bir-biri tamamlayır və zənginlik yaradırdı. Sonralar isə Xanların toy ansamblında istedadlı, adlı-sanlı klarnetçalan Hakim Abdullayev olub. Bu sənət yoldaşlığınn da öz bəhrəsi, uğuru olmaqla, başqa bir aləm idi.

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

X.Cəfərovla yaradıcılıq əlaqələri quranlar arasında müğənni Akif İslamzadə, cazmenlər-xalq artisti Rafiq Babayev, Siyavuş Kərimi (haz. x.a) də var idi. Səbəb Xanların sənətinin samballı, şirəli, güclü-qüdrətli olması idi. Bir qarmonçalan, istedadlı musiqiçi olaraq onun ifası bütün qruplar və janrlar üçün məqbul sayılırdı.

O insanlar həyatda nüfuz və uğurlar qazanırlar ki, onlar ömür pillələrini bir-bir dözümlə, səbrlə qalxırlar. Xanlar da belə addımlayaraq yüksəlirdi. Və yüksəldikcə özünə, sənətinə daha məsuliyyətli yanaşır, arxayınlaşmır, daim axtarışda olur, öyrənir və daha zəngin sənət nümayiş etdirirdi.

1980-ci illərin II yarısında müğənni Nisə Qasımova (haz. x.a) ilə yaradıcılıq əlaqələrinə başlayan X.Cəfərov istedadlı gənc musiqiçiləri ətrafına toplayır. Əslində bu ansambl əvvəllər bəstəkar Ələkbər Tağıyevin rəhbərliyi altında “Arzu” adlanırdı. Nisə xanım da həmin ansamblın solisti idi. Beləliklə, N.Qasımova ilə Xanların birgə yaradıcılıq işi “Arzu” insturmental ansamblla çox yaxşı nəticə verir. Buradakı fəaliyyət, yaradıcılıq işi Xanların ansambl ilə işləmək bacarığı tam şəkildə üzə çıxararaq diqqəti cəlb edir və böyük marağa səbəb olur. Xanların yaratdığı ansamblla Nisə xanımın səsi milli radionun fonduna yazılır və AzTV çıxışları hər dəfə sevgi ilə qarşılanır. N.Qasımova həmin ansamblın müşayiətilə Dağıstanda sensasiyalı konsertlər verir. Nisə xanımla X.Cəfərovun yaradıcılıq ilişgiləri son dövrə qədər davam etmişdir.

1988-ci ildə Azərbaycan Dövlət Muğam Teatrı yaradılarkən X.Cəfərov da ora dəvət olunur. O, burada çalışdığı illərdə də yüksək səviyyəli sənət sərgiləyir. İnstrumental heyət teatrın bütün xanəndələrini radio, AzTV və səhnələrdə müşayiət edərkən mütləq mənada Xanların ifasına yer verilirdi.

Bir 1 nəfər, musiqi alətində ifa edir və qarmon şəkili ola bilər

1990-cı ildə Bakıda “Ümid” instrumental ansambl yaranır. Ansamblı Özbəkistandan deportasiya edilən Axısxa türklərinin nümayəndəsi Faiq Azğurlu yaratmşdı. Çox keçmədən ansamblın simli alətlər ifaçısı Elşən Əlizadə və udçalan Yasəf Eyvazovun məsləhətilə Xanlar bu qrupa musiqi rəhbəri dəvət edilir. Xanlar işə cəlb olunan kimi burada yüksək yaradıcılıq işləri öz yerini alır, səviyyəli proqram və müğənnilərlə əla repertuar hazırlanır. “Ümid” müğənnilər Nisə Qasımova, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, İlqar Muradov, Nadir Bayramlı, Ruhəngiz Allahverdiyeva, Səbinə İlyasova, Ənnağı İrəvanlı və Tunar Rəhmanoğlu ilə Bakı, Naxçıvan, Mingəçevir, Salyan və digər şəhərlərdə maraqlı proqramlarla möhtəşəm konsertlər verir. Ansamblın səsi-sorağı hər yerə yayılır. “Ümid”in səslənməsi Azərbaycandakı bütün ansambllardan tam fərqli idi, kollektivin öz üslubu və dəsti-xətti var idi. Bu ansamblın tərkibində milli çalğı alətləri ilə yanaşı Avropa, Türkiyə musiqi alətləri də səslənirdi. Ansambldan daha çox türk ansambllarının səslənməsinin ətri gəlirdi.

Xanlar 1988-ci ildə Həsənağa Sadıqovun “Mahirlər” ansamblının tərkibində Vyetnamda, 1989-cu ildə Rafiq Babayevin qrupu ilə Afrika ölkələrində konsertlərdə olub. O, 1989-1991-ci illərin müxtəlif aylarında Türkiyədə sənət səfərlərində unikal ifaları ilə geniş tamaşaçı alqışları qazanıb. Belə səfərlərə o, Azərbaycan Dövlət Muğam Teatrının tərkbində getmişdi.

Xanlar yaradıcı insan olaraq musiqimizə zəngin töhfələr bəxş edib. Onun aranjemanında xeyli musiqi nümunələri, özünün bəstələdiyi instrumental melodiyalar, mahnılar radio və AzTV-nin fondunda qorunur. O, ansambl işini dərindən bilir, çalışdığı bütün kollektivlərdə öz yaradıcılıq ənənələrini yaradır və izini qoyurdu.

X.Cəfərov 1999-2001-ci illərdə Moskva və Sankt-Peterburq şəhərlərində müğənni Nisə Qasımova ilə birlikdə çalışıb.

“Azərneftyağ” İstehsalat Birliyinin rəhbəri Ramiz Mirzəyevin təşəbbüsü, xalq artisti, məşhur tarzən Fikrət Verdiyevin təşkilatçılığı ilə bu müəssisənin nəzdində 2002-ci ildə “Neftçi” mahnı və rəqs ansamblı yaradılıb. Bədii rəhbər F.Verdiyev ansamblın musiqi rəhbəri kimi bura Xanlar Cəfərovu dəvət edib. Milli rəqs quruluşlarını baletmeysterlər Fərhad Vəliyev və Tamilla Eldarova hazırlayırdı. Ansamblın heyətinin tərkibinin seçilməsi, məşqlərin keçirilməsi, repertuarın hazırlanması, bütün aranjeman və işləmələrdə Xanların böyük rolu, xüsusi, əvəzolunmaz xidməti var idi. Bu kollektivdə öz zəngin, çoxçalarlı, çoxjanrlı yaradıcılıq işini həyata keçirmək və geniş auditoriyada sərgiləmək üçün bu nadir istedad sahibinin qarşısında geniş imkanlar yaranmışdı.

Xalq ruhundan qopub gələn xoş ahənglər, təravətli melodiyalar, muğam dəramədləri, rəngləri və diringilər Xanların yaradıcılıq təxəyyülündən süzülüb, düzülüb gələrək meydana çıxır, səhnələrə, radioya və televiziyalara yol alırdı. Nümunə olaraq ustad tarzən Əhsən Dadaşovun “Rahab rəngi”, “Rast rəngi” və digər ahəngləri göstərə bilərik.

Xanların bəstələdiyi “Çahargah” dəramədi bu muğama aid olan bütün xüsusiyyətləri özündə cəmləşdirərək möhtəşəm səslənməsi ilə daim özünü qabarıq şəkildə göstərir. “Neftçi” ansamblının bütün konsertləri bu əzəmətli melodiya ilə başlanırdı.

H.Əliyev sarayında, Dövlət Filarmoniyasında, Gülüstan sarayında, bir neçə əyalətdə, Rusiyanın paytaxtı Moskvada və TV-lərdə “Neftçi” ansamblının zəngin proqramlı konsertləri sərgilənmişdi. Məşhur sənət adamlarının “Azərneftyağ” İstehsalat Birliyinin mədəniyyət sarayında, onunla üzbəüz restoranda keçirilən yaradıcılıq gecələrində “Neftçi” maraqlı proqramlarla çıxış edirdi. Ansamblın müğənniləri sırasında Rövşən Behcət, Aygün Bayramova, Könül Xasıyeva, Nəzakət Teymurova, Bəsdi Sevdiyeva, Teyyub Aslanov, Eyyub Aslanov, Feyruz Səxavət, Səbuhi İbayev, Sərdar Bərdəli, İlkin Əhmədov, Babək Niftəliyev, Bəyimxanım və Samir Cəfərov var idi. Belə tanınan müğənnillərin hər birinin repertuarını hazırlayaraq konsert proqramı tərtib etmək kiməsə asan gəlməsin. Xanlar bütün bu işlərin öhtəsindən layiqincə gəlir, öz ansambl bacarığını və yaradıcılıq işini ortaya qoyurdu. Doğrudan da Xanların yaradıcılıq çeşməsi daim aşıb-daşırdı. Onunla dəfələrlə həmsöhbət olur, yaradıcılıq fikirlərimizi bölüşürdük. Sakit təbiətli, az danışan bu insanın daxilində təlatüm, fırtına olduğunu həmin andaca dərk etmək mümkün deyildi. İş başında isə Xanların daxilən dağ çeşməsi, bulaq kimi dayanmadan axıb gələn unikal yaradıcılıq nümunələri yaranırmış.

X.Cəfərov son dövrdə “Ümid” ansamblını toplayaraq “Nanəli” verilişində öz işləmələri ilə müğənnilərlə hazırladığı xalq, aşıq və bəstəkar mahnılarını televiziya tamaşaçılarına yenə yeni çalarlarla, zəngin, zövqlü, barlı-bəhərli şəkildə və samballı halda təqdim edirdi.

X.Cəfərovun bəstəkarlığı da əhatəlidir. Buraya dəraməd, rəng, instrumental melodiyalar, oyun havaları və mahnılar daxildir. O, həqiqətən geniş, səmərəli və məhsuldar yaradıcılıq yolu keçmişdir. 13 may 2022-ci il tarixdə Xan Şuşinski adına fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində X.Cəfərovun xatirə gecəsi keçirilərkən onun yaradıcılıq nümunələrinin hər biri proqramın daxilində səslənərək tamaşaçı alqışları və sevgisi qazandı. Ssenari müəllifi xalq artisti Ənvər Sadıqov, aparıcı Əhsən Rəhmanlı idi.

Bu böyük sənətkarın yaradıcılıq fəaliyyətini bir məqalə ilə açıb göstərmək mümkün deyildir. Bu sətirlərin müəllifi Əhsən Rəhmanlının “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi” (Bakı, 2-ci nəşr, əlavələrlə, MBM, 2014, 704 səh.; s. 483-485) kitabında X.Cəfərovun həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Ona üç şeir həsr etmişəm. Biri sağlığında, ikisi isə ölüm xəbərini eşidən zaman yazılıb. Onun xatirəsi musiqi cameəsi üçün çox əzizdir.

Xanlar Cəfərov 2020-ci il mart ayının 31-də dünyasını dəyişmişdir. Yeri daim görünür. Ruhu şad olsun.

Əhsən RƏHMANLI,

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya