BU GÜN VÜQAR TOFİQOĞLUNUN MÜRACİƏTİNƏ BAXILACAQ – Vəkili baş redaktorun ev həbsinə buraxılması ilə bağlı məhkəməyə müraciət edib
Bu gün Səbail Rayon Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) müraciətinə baxılacaq.
Hurriyyet.az xəbər verir ki, baş redaktorun vəkili Aqil Layıc Vüqar Məmmədovun səhhətində yaranmış problemlə əlaqədar onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
Saat 16:00-da keçiriləcək məhkəmə prosesi zamanı baş redaktorun ev dustaqlığına buraxılması ilə bağlı qərar veriləcəyi gözlənilir.
Vəkil Aqil Layıc bildirib ki, baş redaktorun sağlıq durumunda ciddi problem var, son zamanlar səhhətinin ağırlaşması, tez-tez ürək ağrılarının güclənməsi, təzyiqinin düşməsi səbəbindən onun ev şəraitində müalicə alması vacibdir.
Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Noyabrın 7-də isə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.
Hurriyyet.az
