Saat:05:06
Haqqımızda

"Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək" - ELXAN ŞAHİNOĞLU

2023-02-22 14:33:00

"Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə, Kremlin planını pozmuş olacaq və bu, Rusiya-İran münasibətlərində suallar yaradacaq"

"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O daim erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək. Kopırkin yenə deyib ki, iki ölkənin bütün sahələrində əməkdaşlıq mövcuddur. Bununla Kreml öz səfiri vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərib ki, "Sən istəsən də Rusiyadan qopa bilməyəcəksən". "Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir" - deyən səfir iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyi fikrini də təkrarlayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Elxan Şahinoğlunun fikrincə, Paşinyanın onlara böyük ümidi var: "Bu o deməkdir ki, Kremlin və səfir Kopırkinin xəbərdarlıqları işə yaramır. Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə, Kremlin planını pozmuş olacaq və bu, Rusiya-İran münasibətlərində suallar yaradacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214146