"Bu, Ermənistanda üçüncü etiraz dalğasıdır" - "Qarabağ klanı" və "Qarabağ kartı"

2022-05-05 11:14:00

“Əgər Ermənistanda “Qarabağ klanı”na sevgi və rəğbət olsaydı, bu, Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxara bilərdi”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O əlavə edib:

“Əgər bu gün Paşinyan xalqın mütləq əksəriyyətinin səsini qazanaraq hakimiyyətdədirsə, deməli, “Qarabağ klanı”nın sosial bazası yoxdur və onu dəstəkləyən böyük bir kütlə mövcud deyil.

Erməni xalqı, nəhayət, başa düşüb ki, 30 illik bədbəxtçilik, aclıq və səfalətin başlıca günahkarı “Qarabağ klanı”dır. İstər Robert Koçaryan, istərsə də Serj Sarkisyan – onların hər biri hakimiyyət ehtiraslarını gerçəkləşdirmək üçün “Qarabağ kartı”ndan istifadə edib. Erməni xalqı bu həqiqəti başa düşür və görür ki, revanşist dairələr onun maraqlarını ifadə etmir”.

Mütəxəssisin sözlərinə görə, Ermənistanın Azərbaycan, eləcə də Türkiyə ilə normallaşma prosesinin başladığı ərəfədə İrəvanda revanşistlərin fəallaşması və aksiyalar keçirməsi bunu deməyə əsas verir ki, bu klan və bu siyasi düşərgə xaricdən idarə olunur:

“Yəni hadisələrin bu sayaq üst-üstə düşməsi təsadüf ola bilməz. Xatırlatmaq istərdim ki, 2020-ci ilin noyabrından sonra da belə bir mərhələ oldu, hətta o vaxt Vazgen Manukyanın rəhbərliyi ilə böyük bir müxalif koalisiya da yaranmışdı.

2021-ci ilin 20 iyun seçkiləri ərəfəsində və seçkilərdən sonra da analoji hal müşahidə olundu. Yenə küçə yürüşləri, piketlər, Paşinyana qarşı çevriliş cəhdləri, lakin heç bir nəticə olmadı”.

“Bu, üçüncü dalğadır və onun indiyə təsadüf etməsi Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərinə mane olmaq məqsədi daşıyır”, - deyə həmsöhbətimiz fikirlərini tamamalayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya