Saat:18:19
Haqqımızda

“Bu deputatlar öz vəsiqələrindən "krışa"kimi istifadə edirlər...”

2022-02-15 10:33:00

“Bu deputatlar öz vəsiqələrindən

 

Mahmud Hacıyev: “Feyziyev kimiləri Azərbaycan ictimaiyyətini kar və kor hesab edirlərsə, kar və kor onların özləridir”

“Vətəndaşlarda sovet dövrünə qarşı nostaligiya, rəğbət hissi qaldırırlar...”

Azərbaycanlı oliqarxların ölkədən daşıdıqları külli miqdarda vəsaitin xarici ölkələrdə ortaya çıxması, bəzi hallarda isə müsadirə edilməsi artıq ənənə halına çevrilib. Buna dair hələlik son qalmaqalın müəllifi Cavanşir Feyziyevdir. Sabiq polis rəisi Mahmud Hacıyevlə bu məsələlər ətrafında söhbət etdik.

-Mahmud bəy, sizcə ölkədəki sərvəti oğurluqdan qaynaqlanan məmur-oliqarx piramidasının vüsət almasının səbəbi nədir və onun kökü nə qədər dərinlikdədir?

- Kimin nə işlə məşğul olması hamıya məlumdur. Həqiqəti danmaq olmaz ki, dövlət məmurları və Milli Məclisin deputatlarının əksəriyyəti sahibkarlıqla məşğuldur. Baxmayaraq ki, bu, qanunla qadağan olunur. Bu da insanlarda belə bir əhval-ruhiyyə yaradır ki, əgər qanunverici orqanlardakılar qanunu tapdalayırsa, saymamazlıq göstərirsə, vəzifədə olan dövlət məmuru qanunlara tabe olmursa, biz niyə tabe olaq?! Yəni  insanlarda qanunlara qarşı ruhdüşkünlüyü əmələ gəlir. Bu da, dövlət məmurlarının hərəkətinə görə, dövlətçiliyi insanların gözündən salır. Bilmirəm müşahidə edirsiniz-etmirsiniz, insanlarda sovet dövrünə nostalgiya, o dönəmə qarşı rəğbət günü-gündən güclənir. Biz insanların arasındayıq. İnsanlar misal çəkir ki, sovet dövründə belə idi, yaxşı idi.

Sizə maraqlı bir faktı danışım ki, keçmişdə istər dövlət məmuru, istər deputat, istər adi vətəndaş olsun, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair birbaşa qanunda belə bir şey var idi: adi vətəndaşa da, dövlət məmuruna da, deputata da bütünlüklə sahibkarlıqla məşğul olmaq qadağan olunmuşdu. Hətta cinayət qanunvericiliyində bunun tərifi necə idi - qazanc əldə etmək məqsədilə əmtəə və s. qiymətli şeylərin alınıb-satılması qanunla qadağa olunur. Cinayət Məcəlləsində belə bir qanun var idi. Ağırlaşdırıcı hal kimi götürülürdü ki, bu təkrar baş verdikdə, ortada olan məbləğ böyük olduqda ağırlaşdırıcı, bu hal yetim-yesir tərəfindən törədildikdə yüngülləşdirici haldır. İndi müstəqillik əldə etdik, dövlət quruluşumuz dəyişdiyinə görə istər-istəməz sovet dövründə olan qanunlar da dəyişdi. Amma bu o demək deyil ki, sən adi vətəndaşlarda sovet dövrünə qarşı nostaligiya, rəğbət hissini qaldırasan və indiki qanunla sənə qadağa olunmuş hərəkətləri edəsən. Deputatsan, deputatlığınla məşğul ol da...

Son vaxtlar gündəmi zəbt edən bir məsələ var. Cavanşir Feyziyev adında bir deputat var, bir az qabaqdangəlmişlik edərək jurnalistlərə qarayaxmağa çalışdı. Bunu sıravi vətəndaşlara qarşı da etmək olar. Mən jurnalist deyiləm, adi vətəndaşam. Bu sözləri özümə qarşı da deyilmiş hesab edirəm. Bu adam elə danışır ki, elə bil Azərbaycan ictimaiyyəti kar və kordur. Tək o deyil, elə sahibkarlıqla məşğul olan deputatların hamısı elə danışır. Belələri bizi - Azərbaycan ictimaiyyətini kar və kor hesab edirlərsə, kar və kor onların özləridir. Çünki pul onların gözünü və qulağını artıq qapayıb. Yəni sizin nə işlə məşğul olmağınız göz qabağındadır, hamı bunu görür. Sİz bu işləri elə şəraitdə edirsiniz ki, sizin etdiyiniz əməllər cinayət şəraitində baş vermiş iş və əməllərdir. Hamı bilir ki, Cavanşir Feyziyev dərman və tütün imperiyasının sahibidir. Bu iki monopoliya onunkudur.

- Həm də bu iki sahə ən çox gəlir gətirən sahələrdir...

-Bəli, siz düz vurğuladınız. Bu iki sahə ən çox gəlirli sahələrdir. Orta məktəbdə oxuyan 9 və 10-cu sinif şagirdlərinə de ki, indi yaxşı həlir gətirən sahələr hansılardır, deyəcək dərman və tütün sahəsi. Düzdür, zaman-zaman hiss edirsən ki, bəzi dövlət məmurları kənarlaşdırılır, işdən azad olunur, yəni müəyyən ölçülər götürülür. Son bir il yarımda da nə qədər dövlət məmurunun işdən çıxarıldığına və həbs olunduğuna baxdıq. Yəni bu baş verir, amma buna baxmayaraq Feyziyev kimiləri yenə öz əməllərindən əl çəkmirlər. Elə bil bunlarda bir növ xroniki xəstəlik var. İnsan gərək qanunlara hörmət eləməsə də, heç olmasa, özü-özünə hörmət eləsin. Özü-özünə hörmət etmirsə də qanunlara hörmət etsin. Mən ki, xroniki xəstəlik məsələsinin adını çəkdim, bunlar elə bil bir növ nəfsinin quludur. Nəfsinin qulu olmaq insanı nəyə desən aparır. Bütün qeyir-qanuni hərəkətlərə aparır. Dövlət məmurlarının içində yaxşıları da var. Baxırsan, hiss edirsən ki, yaxşıları da var, aristokrat, kübar olanları da var. Amma nəfsinin qulu olanları vəzifədə saxlamaq, vəzifə kürsüsündə saxlamaq olmaz. Yəni onların adları deputatdır. Onlar deputat vəsiqəsindən "krışa"kimi istifadə edirlər ki, biznes fəaliyyətində deputat səlahiyyətlərindən istifadə etsinlər. Onlarn insanların qayğısını çəkmək, cəmiyyətin rifahı üçün çalışmaq kimi düşüncələri yoxdur.

- Hesab edirsiniz ki, həmin məmur və deputatlar sadəcə toxunulmazlıq üçün öz vəzifə və mandatlarından "qalxan" kimi istifadə edirlər?

-Bəli, nəticədə adi vətəndaşların gözündə belə təəssürat yaranır ki, qanunlar işləmir, qanunlar işləyirsə filan dövlət məmuru niyə əməl etmir. Yəni bunlar öz davranışları və əməlləri ilə dövlətə və dövlətçiliyə ziyan vururlar, dövlət hörmətdən salırlar.

-Sizcə, bu düşüncədə olan sıravi vətəndaşı qınamaq olarmı?

- Qətiyyən, sıravi vətəndaşı necə qınayasan? Sıravi vətəndaşın biri mənəm. Amma sıravi vətəndaşlar da nəyisə demək lazım olanda demirlər, deyirlər nəyimə lazımdır. Sovet dönəmində vəzifələlərin əksəriyyəti vətəndaşın qayğısını çəkirdi.

- Feyziyev kimi məmur-oliqarxların haram yolla topladığı sərvəti xaricə daşımaması üçün Azərbaycan dövləti hansı addımları atmalıdır? Belə görünür ki, artıq kağız üzərində olan qanun bunlara təsir etmir...

-Cəza tədbiri görülməlidir. Başqa nə addım ola bilər?! Əgər onun fəlaiyyətində hüquq pozuntusu, cinayət tərkibli əməl varsa, bunun qarşısının alınması üçün atılmalı addım nə ola bilər? Ancaq cəza tədbiri ilə bunların qarşısını almaq olar. Cəza tədbiri kimi də, il yarım bundan əvvəl müəyyən cəza tədbirləri silsiləsi yaşandı, nazir müavinləri, nazirliyin işçiləri, icra başçıları dələduzluq üstündə həbsə atıldılar. Zaman-zaman bunlar baş verdi. Dərd ondadır ki, bunların xroniki xəstəliyi o qədər güclüdür, "gözü çıxan qardaş"dan da dərs çıxarmırlar. Yadınızdadırsa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri, Mədəniyyət Naziriyinin işçiləri, Milli Təhlükəsizlik Nazirliyinin işçiləri, Xarici İşlər Nazirliyinin işçiləri həbsə alındı. Son vaxtlarda da gündəmi zəbt edən jurnalistlərə tikilən evlərlə bağlı Vüqar Səfərli işi oldu. Bu məqamda hiss olundu ki, geri çəkilmələr oldu. Amma elə bil ki, aranın sakitləşməyini gözlədilər, sonra bir də hücuma keçdilər. Dərd ondadır ki, belələri həm də monopoliya yaradırlar. Bir deputat var, Vahid Əhmədov, çox kübar adamıdr, mənim də ona böyük hörmətim var. Onun adı heç vaxt kommersiya işlərində, nə də qeyri işlərdə hallanmır. Əsl deputatlığı o edir. Onun indiyə qədər 10-15 məqaləsində oxumuşam ki, monopoliyalara son qoymaq lazımdır. İnsanların maddi rifahını yaxşılaşdırmaq, Azərbaycan iqtisadiyyatını irəli aparmaq üçün monopoliyalara son qoymaq lazımdır. Bütün sahələr monopoliyalara bölünüb, inhisarçıların əlindədir. Monopolyalar da sonda kimə təsir edir - sizə, mənə, adi vətəndaşlara. Onlar pullarını qazanırlar, əziyyət çəkən bizik, qara camaatdır. Qara camaat monopolistlərə görə ərzaq, meyvə, ət və s. almaq gücünü itirir. Buna dair Məmməd İlqarın yaxşı iki misrası var: "Başa çıxarırıq ağ camaatı, qara başlarımız nərdivan olur". Deputatları biz seçirik, başımız üstündə aparırıq, parlamentə qoyuruq, daha demirik ki, başımızı tapdala, başımızdan nərdivan kimi istifadə et. Tamah bunları sövq edir pis əməllərə. 

-Əlbəttə, onların tamahlarından könüllü əl çəkəcəyini gözləmək sadəlövhlük olar. Bəs, dövlət monopoliyanı necə çökdürməlidir: zorla, qanunverici bazada yeni dəyişiklik gətirməklə, yoxsa idarəçilik sisteminə şəffaflıq gətirməklə?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA