Bu dəfə müharibə Kəlbəcərdən başlayacaq? - Polkovnikdən açıqlama

2022-06-21 11:43:00

Bu dəfə müharibə Kəlbəcərdən başlayacaq? - Polkovnikdən açıqlama

“Əslində, biz o qənaətə gəlmək üçün tələsməməliyik”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

O, Ermənistan Silahlı Qüvvələri tərəfindən sərhədin Kəlbəcər və Laçın istiqamətində atəşkəsi pozmasından sonra Azərbaycan ictimai rəyində sərhəddə antiterror əməliyyatlarının aparılması barəsində ortaya atılan iddialara münasibət bildirib.

Xatırladaq ki, bəzi hərbi və siyasi ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcərdən üzü Zəngəzur istiqamətində antiterror əməliyyatına start verməsi barədə çağırışlar ediblər.

Öz növbəsində, E.Şıxəliyev vurğulayıb ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinə gedən yolda siyasi böhran tamamlanmayıb:

“Bildiyiniz kimi, əməliyyatlar mərhələsi o zaman başlayır ki, siyasi böhran nəticə vermir. Görünən odur ki, Ermənistan tərəfi sülh sazişini imzalamaq yolunda, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasının aparılması yönündə maraqlıdır və biz də bunu bilirik. Amma onlar, həmçinin də, vaxtı uzatmaq üçün sərhəddə hərbçilərin vasitəsiylə danışıqlar mərhələsini sabotaj edir. Yəni atəşkəsin pozulması ilə onlar sülh sazişini içzalamamaq üçün zaman qazanmaq istəyirlər.

Təbii ki, əgər Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmirsə, Azərbaycan Silahlı Qüvvələrinin bu hüququ özündə saxlaması baxımından hərbi əməliyyatların başlaması məsələsi Azərbaycanın qərar verə biləcəyi bir situasiyadır. Lakin biz gərək vəziyyəti qiymətləndirək. Yəni yuxarıda sadaladığım mərhələ yolunda siyasi kriz dalana dirənibmi? Düşünürəm ki, siyasi kriz hələ ki dalana dirənməyib. Çünki Ermənistan siyasi hakimiyyəti bu yöndə müsbət mesajlar verir, amma məsələnin arxa tərəfini sabotaj edir”.

Hərbi ekspert ehtimallarını da dilə gətirib:

“Məsələn, tutaq ki, Ermənistan siyasi hakimiyyəti ictimaiyyətin üzərindəki basqısını hiss etməsindən dolayı bu qərarı verə bilməyəcək. Yaxud da “biz Qarabağı Azərbaycanın tərkibində tanımaq istəmirik” bəyanatını versə, bəli, ondan sonrakı mərhələdə bu proseslər başlaya bilər. Hələ ki onlar “biz sərhədləri tanımaq istəmirik, sülh sazişinə gəlmək istəmirik” mesajını birbaşa nə bizə, nə də dünya ictimaiyyətinə vermirlər. Hər bir halda bu mesajı vermiş olsalar belə, növbəti mərhələdə hərbi əməliyyatların başlaması yönündə Azərbaycan siyasi hakimiyyəti hər hansı qərar qəbul edə bilər”.

KTMT faktoruna toxunan hərbçi deyib ki, indiki mərhələdə bu qərarın verilməsi risklidir:

“Amma biz bilməliyik ki, Ermənistanın daxilində rus hərbçiləri var və onu da göz önünə almalıyıq ki, Rusiya KTMT çərçivəsində burada qarant ölkə kimi çıxış edir. Tutaq ki, Azərbaycan hakimiyyəti desə ki, biz təmas xəttində (sərhəddə - red.) antiterror əməliyyatlarına başlayırıq, bu zaman qarşımızda kimi görəcəyimizi də düşünməliyik. Qarşımızda isə təbii ki, Rusiya Silahlı Qüvvələrinin də daxil olduğu KTMT hərbçilərini görəcəyik. Bu dönəmdə isə belə bir hərbi-siyasi qərar vermək çox risklidir. Düşünmürəm ki, Azərbaycan indiki mərhələdə belə bir qərarı verib hərbi hərəkatın icrasına başlayar”.

“Əslində, üçtərəfli bəyanatda qarant ölkə olan Rusiyanın Ermənistanı sülhə məcburetmə elementləri də hələ tam axıra çatmayıb. Ona görə də bütün bu məsələləri bir kontektsdə qiymətləndirəndə - xüsusən də Azərbaycanın Zəngəzur üzərində hərbi əməliyyatlara başlaması məsələsini – düşünürəm ki, biz Qarabağın özündəki qeyri-qanuni hərbi birləşmələri çıxarmaq məsələsəsinə daha çox diqqət ayırmalıyıq. Yəni gəminin içindəki suyu təmizləyəndən sonrakı mərhələdə yuxarıda sadaladığım proseslərə keçidimiz mümkün ola bilər.

İndi nə qədər bizim ictimaiyyətimiz və üçüncü qüvvələr buna maraqlı olsalar da, düşünürəm ki, indiki mərhələdə bu, real deyil”, - deyə müsahibimiz yekunlaşdırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya