“Bu, bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir...” - ADP Avropa və Qərb dairələrini siyasi riyakarlıqda ittiham edib

2023-09-12 14:19:41

“Bu, bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir...” - ADP Avropa və Qərb dairələrini siyasi riyakarlıqda ittiham edib

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində baş verən ictimai-siyasi hadisələr müzakirə predmeti olub. İdarə Heyəti dünənki toplantısı 11 sentyabr 2001-ci il tarixində ABŞ-da törədilən terror hadisəsinin 22-ci ildönümünə təsadüf etdiyindən, bir daha bu terror hadisəsinə münasibət bildirib.

İdarə Heyəti 11 sentyabr 2001-ci il tarixdə ABŞ-da 3 minə yaxın insanın ölümü, 6 minə yaxın insanın isə yaralanması ilə nəticələnən terror aktını bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirib. Lakin bu terror hadisəsindən istifadə edərək ABŞ-ın İraqa qarşı həyata keçirdiyi hərbi təcavüzünü də yanlış hesab edib. İdarə Heyəti qeyd edib ki, İraqda bu günə qədər sülhün və təhlükəsizliyin tam təmin edilməməsi beynəlxalq hüququn işləməməsinin bir daha dünyada real təhlükəli proseslərə təkan verdiyini göstərir. İdarə Heyəti terror hadisəsindən heç bir ölkənin sığortalanmadığını, bu baxımdan terrora bütün dünya dövlətlərinin birmənalı qiymət verməli olduğunun zəruriliyini bildirərək, Azərbaycanın Xankəndi şəhərində yerləşən erməni terrorizminə də dünya ictimaiyyətini 11 sentyabr 2001-ci il tarixli terror hadisəsinə verdiyi analoji qiyməti verməyə çağırıb. İdarə Heyəti hesab edib ki, dünyanın hər hansı bir ölkəsində bir dövlətin maraqları baxımından terrorizmə birmənalı qiymətin verilməməsi, nəinki həmin dövlətin ərazisində, ümumilikdə bütün dünyada terrorizmin kökünün kəsilməsinə mane olur ki, bu da bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir.

ADP İdarə Heyəti Ermənistan və onun havadarlarının Qarabağda yaşayan ermənilərə başlatdıqları “humanitar yardım” şousundan istifadə edərək Azərbaycana qarşı beynəlxalq təzyiqlərin edilməsinə də münasibətini açıqlayıb. İdarə Heyəti bu hadisəni Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarını pozmağa yönəlik avantürist addım kimi dəyərləndirib və hesab edib ki, Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə edilən yardımların əleyhinə deyil, lakin bu yardımlar yalnız Azərbaycan dövlətinin rəsmi razılığı və müəyyən etdiyi marşrut üzrə həyata keçirilə bilər.

İdarə Heyəti ötən həftə Qarabağdakı erməni separatçılarının qondarma “parlament”ində özlərinə yeni “prezident” seçməsi hadisəsini də müzakirə edib. Bu seçki” Azərbaycan Konstitusiyasına və qanunlarına zidd olmaqla yanaşı, Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması və Azərbaycan dövlətinə qarşı tabesizlik kimi dəyərləndirilib. Müzakirələrdə həmçinin qeyd olunub ki, bu “seçki” Rusiyanın bölgədə qalması üçün planlaşdırılmış bir aksiyadır, həmin ərazidə yerləşən Rusiya “sülhməramlı” qüvvələrinin bu seçki”nin keçirilməsinə mane olmaması öz funksiyasını yerinə yetirməməklə bərabər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq-aşkar hörmətsizlikdir. İdarə Heyəti Azərbaycan hüquq mühafizə orqanlarını həmin ərazidə seçkiləri təşkil edən şəxslərin barəsində “vətənə xəyanət” maddəsi ilə cinayət işi açmağa çağırıb.

İdarə Heyəti Ermənistan- Azərbaycan münaqişəsinə İranın hər hansı bir formada müdaxilə edəcəyi ilə bağlı bəyanatları qətiyyətlə pisləyib, Azərbaycan-İran münasibətlərinin gərginləşməsinin əleyhinə olduğunu bildirərək, bu münasibətlərin beynəlxalq hüquq çərçivəsində qurulmasının və hər iki tərəfdən münasibətlərə xələl gətirən cəhdlərin qarşısının alınmasının vacibliyini vurğulayıb.

İdarə Heyətində Ermənistan ərazisində ABŞ-la birgə planlaşdırılan hərbi təlimlər də müzakirə predmeti olub. Müzakirələrdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmadığı təqdirdə Amerikanın bölgədə Ermənistanla birgə hərbi təlimlər keçirməsi təcavüzkar ölkəyə hərbi dəstək kimi qiymətləndirilib. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayana qədər Avropanın və ABŞ-ın bölgədə Ermənistanla birlikdə birtərəfli qaydada hər hansı hərbi təlimlər keçirməsini yolverilməz hesab edib, bu cür addımların bölgədə sülhün və təhlükəsizliyin tənzimlənmə prosesinə mənfi təsir göstərəcəyini bildirib.

İdarə Heyəti son zamanlar bəzi beynəlxalq qurumların rəsmilərinin Laçın sərhəd-keçid məntəqəsinin dərhal, Ağdam-Xankəndi yolunun isə ermənilərin razılaşacağı təqdirdə açılmasının vacibliyi ilə bağlı bəyanatları kəskin tənqid edib, bu bəyanatları Azərbaycanın suveren hüquqlarına və daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib. İdarə Heyəti qeyd edib ki, bu tipli mövqelər separatizmə dəstəkdir, onları ərköyün hərəkətlərə təhrik edir ki, bu da bölgədə sülhyaratma prosesinə ciddi əngəl törədir. İdarə Heyəti Azərbaycan dövlətinin bu məsələlərlə bağlı qərarının bütün dünya dövlətləri tərəfindən əsas götürülməsinin vacibliyini bildirib, nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri bölgədə davamlı sülhə və əmin-amanlığa nail olmaq üçün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verməyə çağırıb.

İdarə Heyəti həmçinin son zamanlar bir sıra nüfuzlu Avropa və Qərb mətbuatında, o cümlədən ABŞ Konqresinin İnsan hüquqları komissiyasında Azərbaycanın Qarabağda “etnik təmizləmədə” və “soyqırım”da ittiham edilməsini qətiyyətlə pisləyib. Müzakirələrdə qeyd edilib ki, çoxmillətli Azərbaycanla monoetnik Ermənistanın müqayisəsində demokratik Avropa və Qərb tərəfindən Ermənistana üstünlüyün verilməsi, öz ərazisində azərbaycanlılara və digər xalqlara qarşı total etnik təmizləmə siyasəti aparan Ermənistanın hərəkətlərinə bu günə qədər hüquqi və siyasi qiymət verilməməsi, əksinə bu gün ərazisində ümumi sayı bir milyona yaxın, ermənilər də daxil olmaqla 20-yə yaxın milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri yaşayan Azərbaycanı heç bir fakt olmadan erməni separatçılarına qarşı etnik təmizləmədə ittiham edilməsi siyasi riyakarlıq və nonsesdir. Eyni zamanda Azərbaycandakı insan hüquq və azadlıqlarının mövcud qüsurlu durumundan sui-istifadə edilməklə əli silahlı erməni separatçılarının müdafiə edilməsi, insan hüquq və azadlıqlarına və fəlsəfəsinə və ABŞ Konqresinin beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə kimi qiymətləndirilib.

İdarə Heyəti beynəlxalq aləmdə Azərbaycana qarşı aparılan qərəzli kampaniyada Azərbaycan diasporunun lazımi və effektiv iş apara bilməməsinə də toxunub, bu sahəyə səlahiyyətli olan dövlət orqanlarının işinin yenidən qurulmasının vacibliyini bildirib.

Hazırladı: KƏNAN

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138534