Saat:23:24
Haqqımızda

Brüssel görüşü yaxınlaşdıqca RUSİYANIN PAŞİNYANA TƏZYİQİ ARTIR

2024-04-02 11:06:00

Brüssel görüşü yaxınlaşdıqca RUSİYANIN PAŞİNYANA TƏZYİQİ ARTIR

Elxan Şahinoğlu: "ABŞ, Avropa İttifaqı və ya Fransa Ermənistanla ikitərəfli əməkdaşlıq sazişi imzalasa belə, həmin sazişlər işləməyəcək"

Bir neçə gün sonra, daha dəqiq desək, aprelin 5-də Ermənistanın baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər. Bu barədə verilən məlumata görə, onlar Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə edəcəklər. Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da sözügedən tədbirin ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıdığını bildirib.

Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə isə haqlı olaraq qeyd edib ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib: "Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub". Ayxan Hacızadə təəssüflə bildirib ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib: "Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib".

O əlavə edib ki, narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır: "Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir".

Moskva Ermənistandakı səfiri vasitəsiylə Paşinyana ciddi xəbərdarlıq edib

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, 5 aprel tarixi yaxınlaşdıqca Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqi artır: "Moskvada hesab edirlər ki, 5 aprel tarixində Brüsseldə Paşinyanla görüşəcək ABŞ və Avropa İttifaqı rəsmiləri Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Bu isə Rusiyanın Ermənistanda sıxışdırılmasının rəsmi elanı olacaq. Bu arada, Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə Paşinyana xatırladıb ki, Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsini və sərhəddə müşahidə postları quraşdırılmasını onlardan məhz Ermənistanın baş naziri xahiş edib. Buna baxmayaraq, Kopırkin Paşinyana onu da xatırladıb ki, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək istəməyib. Yəni, səfir Paşinyana demək istəyib ki, Ermənistan sərhəddini Azərbaycanın həmləsindən Rusiya qoruyub. Rusiya səfirinin başqa bir xəbərdarlığı ABŞ rəsmilərinin bəyanatları ilə bağlıdır: "ABŞ-ın Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxması çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də bizim münasibətlərimizə real xələl gətirə biləcək bir məsələdir". Rusiya Ermənistandakı səfirini yenə ona görə danışdırıb ki, Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Moskvanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın".

"ABŞ, Avropa İttifaqı və ya Fransa Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək?"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Brüsseldə 5 apreldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək amerikalı və avropalı rəsmilərin ona ölkəsi üçün təhlükəsizlik təminatı verəcəyi məlumatları geniş yayılıb: "ABŞ və Avropa İttifaqı heç onlara daha yaxın Ukraynaya təhlükəsizlik təminatı verə bilmirlər, bunu Ermənistan üçün necə həyata keçirəcəklər? Doğrudur, bır sıra Qərb dövləti Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. Ancaq bu sazişlər deklorativ xarakter daşıyır. Həmin sazişlər Ukraynanı Rusiyanın hücumlarından qorumur. ABŞ və Avropa İttifaqı və ya Fransa eyni sazişi Ermənistanla imzalaya bilərlər. Ancaq həmin sazişlər də işləməyəcək. Çünki Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib, sülh sazişi imzalanmayıb. Digər tərəfdən, Vaşinqton, Brüssel və ya Paris Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək, belə bir təminat verilsə belə, bunu necə reallaşdıracaqlar? Bir ölkədə bir-birinə zidd qüvvələrin - həm Rusiyanın, həm də ABŞ və ya Fransanın hərbi bazalarının mövcudiyyətini təsəvvür etmək çətindir. Doğrudur, indinin özündə Ermənistanda Rusiyanın hərbi bazasıyla yanaşı, Avropa İttifaqının, əsasən Fransanın müşahidəçi missiyası var və hələ ki, bir-birlərinə mane olmurlar. Ancaq həmin müşahidəçi missiya silahlı deyil və Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil".

"Ermənistandakı Rusiyaya bağlı güclərin məqsədi 4 kəndi qorumaq deyil, Paşinyanı devirməkdir"

Ermənistanın sərhəddə yeni qüvvələr toplamasına da toxunan politoloqun fikrincə, bunu müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür: "Birincisi, Nikol Paşinyan 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə müzakirə etmək istəyir, veriləcək məsləhət əsasında qərar verəcək, buna qədər isə sərhədi möhkəmləndirmək qərarını verib. Görünür, Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. Həqiqətən aprel ayında məsələ həll olunmalıdır. Yaxşı olardı ki, Paşinyanla Brüsseldə görüşən rəsmilər ona kəndlərin geri qaytarmaq məsələsini çox uzatmamağı məsləhət görərdilər. İkinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsiylə bağlıdır və baş nazirin orduda "5-ci kolon" adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar. Ermənistandakı Rusiyaya bağlı güclərin sərhəddəki erməni zabitlərinə "Paşinyanın əmrini yerinə yetirməyin" çağırışları da bundan xəbər verir. Ermənistan ordusundakı "5-ci kolon"un məqsədi 4 kəndi qorumaq deyil, onsuz da bunu bacarmayacaqlar, Paşinyanı devirməkdir".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR