Saat:08:25
Haqqımızda

Brüssel görüşü hansı nəticələrlə yekunlaşdı? - EKSPERTLƏRİN MÖVQEYİ

2022-05-24 10:58:00

Brüssel görüşü hansı nəticələrlə yekunlaşdı? - EKSPERTLƏRİN MÖVQEYİ

"Paşinyan Avropa İttifaqının vasitəçiliyini pozarsa, Ermənistan regionda izolyasiya olunacaq"

Məhəmməd Əsədullazadə: "Brüssel görüşü ötən ay əldə olunan razılaşmaların Ermənistan tərəfindən əməl edilməməsinin və prosesdə Moskvanın pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlib"

Zaur Məmmədov: "Delimitasiya- demarkasiya olduqca vacib məsələ olduğundan Brüssel platformasına Rusiya tərəfindən mütləq şəkildə qısqanclıqda yanaşılacaq"

Elxan Şahinoğlu: "Paşinyan Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək"

Vüqar Bayramov: "Görüşün nəticələri bir daha təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür və İrəvandakı revanşistlərin bunu tez-gec qəbul etdəcəkləri qaçılmazdır"

Mayın 22-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib. Qeyd edək ki, müzakirələr nəticəsində regional kommunikasiyaların açılmasına yönəlik işlərin gələcək prosesi, sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işə başlaması barədə razılıq əldə olunub. O cümlədən, iyul və ya avqust aylarında bənzər görüşün təyin edilməsi qərarlaşdırılıb.

Bu arada, Şarl Mişel sözügedən görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, sərhəd məsələləri, kommunikasiyaların açılması, sülh müqaviləsi və sosial-iqtisadi inkişafa dair nəticələrə nail olunub: "Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək. Liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə baş nazirin müavinləri bu işi davam etdirəcəklər". Sülh müqaviləsinə gəlincə, Avropa İttifaqı Şurasının prezidentinin sözlərinə görə, liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə də razılığa gəliblər: "Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq. Bundan başqa, Aİ hər tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır".

"Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasına dözümlü yanaşmayacaq" 

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, sonuncu Brüssel görüşü ötən ay əldə olunan razılaşmaların Ermənistan tərəfindən əməl edilməməsinin və prosesdə Moskvanın pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlib: "Çünki Kreml məhz Ermənistana təzyiqlər edərək əldə olunan razılaşmaları pozmuş və öz vasitəçiliyini prioritet olaraq qalmasında israr etmişdir. Lakin bu dəfə Brüsseldə yenidən razılaşma əldə olundu. Bu görüş də məhsuldar və davamlılığı qorumaq kontekstində irəliləyişə söykənəcək. Azərbaycan bu razılaşmalara əvvəlki kimi sadiqdir. Amma Ermənistan tərəfinin buna gedəcəyi polimika olaraq qalır. İlk növbədə razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinin bir neçə erməni məhbusu qarşı tərəfə iadə etməsi mümkündür. Bundan sonra dövlət sərhədində ikitərəfli komissiyanın üzvləri görüşə bilər".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Brüssel görüşündən sonra Rusiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada birgə görüş üçün dəvət etməsi realdır: "Kreml bununla çalışacaq ki, sərhəd komissiyasında öz nümayəndəsi ilə iştirak etsin. Bundan əlavə, bu görüşdə Qarabağda ermənilərin təhlükəsizliyi gündəliyə gətirilib. Göründüyü kimi, bu görüşdə hər hansı bir statusdan söhbət getməyib. Azərbaycan ermənilərə təhlükəsizlik verir, amma bunun üçün Ermənistan Qarabağdakı silahlı birləşmələri ləğv etməlidir. Hesab edirəm ki, Ermənistan üçün Moskvadan gözlənilən təzyiqlər var. Qəti şəkildə demək olar ki, Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasına dözümlü yanaşmayacaq. Belə ki, Rusiya Qarabağdakı silahlı erməni birləşmələrinin əli ilə provakasiya təşkil edə bilər. Əgər bu, baş verərsə, Azərbaycan yeni mövqelər əldə edəcək və ərazilərə nəzarəti bərpa edəcək. Təbii ki, bu da sülh prosesinə zərbə vurmayacaq. Çünki Ermənistan hakimiyyəti məsələyə Qarabağsız baxır".

Brüssel görüşünün davamlı olacağını vurğulayan politoloqun fikrincə, bu il ərzində sülh müqaviləsinin bağlanması mümkün deyil: "Əgər Azərbaycan və Ermənistan arasında yaxınlaşma olarsa, İrəvanda silahlı qruplar ortaya çıxa bilər. Amma düşünürəm ki, Nikol Paşinyan xalqın növbəti dəstəyi ilə bu problemi də həll edəcək. Əsas məsələ Qarabağdakı separatçı qruplardır. Onlar İrəvana tabe olmayacaq. Ümumiyyətlə, Paşinyan üçün geri sayım başlayır. Avropa İttifaqının vasitəçiliyini pozarsa, Ermənistan regionda izolyasiya olunacaq. Onu da qeyd edim ki, prezident İlham Əliyevin bu istiqamətdə siyasəti çevikdir və milli maraqlar kontekstində qarşı tərəfə heç bir güzəşt tanımır".

"Şarl Mişel və Nikol Paşinyan Qarabağdakı ermənilərə siyasi status verilməyəcəyi ilə barışdılar" 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bu qənaətdədir ki, Şarl Mişel və Nikol Paşinyan Qarabağdakı ermənilərə siyasi status verilməyəcəyi ilə barışdılar. Onun sözlərinə görə, görüşün 5 saat davam etməsi vəziyyətin asan olmadığının, tərəflər arasında ciddi müzakirələrin, fikir mübadiləsinin aparıldığının göstəricisidir: "Məlum məsələdir ki, Azərbaycan və Ermənistan arasında İrəvanın Moskvadan siyasi - iqtisadi asıllığını, Ermənistanın sərhədlərinin rus hərbçiləri tərəfindən qorunmasını və rus sülhməramlılarının Qarabağda olduqlarını nəzərə alaraq iki tərəf arasında sülh müqaviləsinin imzalanması və delimitasiya - demarkasiya haqqında yekun razılıq Avropa platformasında indiki vəziyyətdə və yaxın perspektivdə asan məsələ deyil. Lakin hazırda vacib nüanslardan biri Ermənistanda Paşinyanın mövqeyinin zəifləməməsi, onun bloku ilə dialoqun davam etdirilməsi nəticəsində Ermənistanı Türkiyə və Qərbə yaxınlaşdırmaqdır".

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, görüşün yekunlarına dair onu demək olar ki, yaxın günlərdə delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədində görüşünün keçirilməsi barədə razılıq əldə edilib: "Xatırladım ki, may ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Bu dəfə, Paşinyanın razılıq verməsi vadar olunması ilə bağlıdır. Delimitasiya- demarkasiya olduqca vacib məsələ olduğundan Brüssel platformasına Rusiya tərəfindən mütləq şəkildə qısqanclıqda yanaşılacaq. Koçaryan və onun komandasının sərhəddə ciddi təxribatlar törədəcəyi istisna deyil. Yeri gəlmişkən, biz aprel danışıqlarından sonra müntəzəm olaraq Kəlbəcərdə təxribatların şahidi olduq. Qarabağ klanının məqsədi Azərbaycan hərbçilərinin ermənilərin təxribatı nəticəsində mümkün irəliləməsi, bununla da Nikola qarşı çevriliş etmək ola bilərdi. Lakin Bakı səbrli və soyuqqanlı davranaraq revanşistlərin istəklərini gözlərində qoydu. Eyni zamanda, tərəflər naqliyyat əlaqəsinin açılmasının zəruriliyi ilə razılaşıb və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında, həmçinin Azərbaycan ərazisindən Ermənistanın ayrı-ayrı bölgələrinə və iki ölkənin kommunikasiya infrastrukturu ilə beynəlxalq daşımaların tranzitinin idarə olunması barədə əsas prinsiplər razılaşdırblar".

"Görüşün əsas nəticəsi isə sözsüz ki, Paşinyanın məğlubiyyətlə razılaşması və Qarabağ gündəliyinin səsləndirilməməsi ilə bağlı oldu"

Politoloq güman edir ki, müzakirə predmeti Qərbi Zəngəzurda tranzit və kommunikasiyanında hansı qaydayla həyata keçirilməsi olacaq: "Belə ki, məlum məsələdir beynəlxalq daşımalar, sərhədlərdə keçid məntəqələrinin xüsusiyyətləri, giriş (torpaq) haqqı, gömrük rüsumları, güzəştli kommunikasiya- nəqliyyat və sair kimi istiqamətlər iki tərəf hökumətlərinin görüşlərinin əsas mövzusu olacaq. Bundan başqa, liderlər Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinin müzakirələrini davam etdirmək üçün razılığa gəliblər. Məlum məsələdir ki, sülh sazişi və sülh danışıqları uzunmüddətli prosesdir və tez bir şəkildə nəticənin əldə edilməsi gözlənilən deyil. Lakin özü-özülüyündə görüşlərdə sülh ifadələrinin istifadəsi müsbət addımdır. Görüşün əsas nəticəsi isə sözsüz ki, Paşinyanın məğlubiyyətlə razılaşması və Qarabağ gündəliyinin səsləndirilməməsi ilə bağlı oldu. Bu kontekstdə, Avropa İttifaqı və Ermənistan Qarabağın dağlıq hissəsindəki ermənilərin "xalqların müqqədaratı, müstəqillik, siyasi status" kimi ifadələrdən imtina etdilər. Maksimum mədəni strukturlaşmadan söhbət gedə bilər. Bu isə aydın məsələdir ki, reallıqda heç nədir".

Zaur Məmmədovun bildirdiyinə görə, yuxarıda sadalananlar o deməkdir ki, hazırda Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklər - nəqliyyatın açılması, Qarabağda daxil olmaqla Azərbaycan sərhədlərinin tanınmasıdır: "Bunun qarşılığında İrəvanın 30 ildən sonra azadlıq əldə etmək şansı yaranacaq. Düzdür, azadlıq dedikdə, qədim Azərbaycan torpaqlarının bir tərəfin siyasi diqtəsindən çıxaraq Bakının ağalığına tabe olması nəzərdə tutulur. Beləliklə, Qərb platformasında səsləndirilən fikirlərin hər biri Azərbaycanın lehinədir".

"Şarl Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini bildirib, bu, yəqin Azərbaycana mesajdır" 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan sayca üçüncü görüş ötən dəfəkilərin təkrarı əsasında keçib: "Sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmalarının sürətləndiliməsi vacibliyi yenə vurğulanıb. Ancaq bu dəfə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal diqqət çəkib. Birincisi, Şarl Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini bildirib. Bu, yəqin Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir. Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı "unudub". Paşinyan isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqldan vaz keçib pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər. İkincisi, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib. Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını və necə işləyəcəyini sonrakı cümlələrində izah etməyib. Ancaq böyük ehtimalla, Avropa İttifaqı Şurasının prezidenti onu nəzərdə tutub ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır". Azərbaycan tərəfinin buna hazır olduğunu deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın, sülh sazişi imzalasın və dəhlizin açılmasıyla kommunkasiya xətlərinin çalışmasına şərait yaratsın.

"Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır" 

"Hürriyyət" xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov da bu qənaətdədir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüş sülh danışıqları istiqamətində yeni bir addım idi: "Prezident Mişelin açıqlamasından aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib. Göründüyü kimi, görüşdə Azərbaycan üçün strateji və humanitar əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və bu da regionda daha dayanıqlı sülhün formalaşması üçün yeni imkanlar deməkdir. Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan, Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır".

Millət vəkili bildirib ki, bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur: "Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır. Son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir".

CESD sədri onu da əlavə edib ki, Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın geclənməsinə önəm verir: "Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının prezidenti Şarl Mişellə prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da artmaqdadır. Ötən il ölkəmizdə 43,9 milyard kub metr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kub metrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kub metrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır. Son görüşün nəticələri bir daha təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür. İrəvandakı revanşistlərin bunu tez-gec qəbul etdəcəkləri qaçılmazdır. Çünki artıq nəinki dünya, region düzəni də dəyişib".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR