Britaniyalı alimlər ilk dəfə laboratoriyada insan dişi yetişdirdilər

Böyük Britaniyada Kral Kolleci və London İmperial Kollecindən olan alimlər ilk dəfə olaraq laboratoriya şəraitində insan dişi yetişdirməyə nail olublar.
Hurriyyet.az bildirir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, alimlər dişin inkişaf mühitini təqlid edən xüsusi material hazırlayıblar. Bu material sayəsində hüceyrələr siqnal alaraq diş formalaşdırmağa başlayır. Əgər bu texnologiya plomblar və implantlar əvəzinə tətbiq olunsa, diş çənəyə inteqrasiya olunaraq özünü bərpa edə biləcək.
Tədqiqatçılar hesab edirlər ki, bu materialdan istifadə edərək dişi tam şəkildə laboratoriyada böyütmək və ya onu inkişafın erkən mərhələsində xəstənin çənəsinə yerləşdirib orada böyüməsini təmin etmək mümkündür. Alimlər bu metodun dişlərin bərpası sahəsində inqilabi dəyişiklik yarada biləcəyini bildirirlər.
Digər tərəfdən, Rusiyanın Penzə Dövlət Universitetinin alimləri mart ayının sonunda yaşlılarda diş ətlərinin xəstəliklərini müalicə etmək üçün innovativ diş əti massaj cihazı və birhüceyrəli xlorella yosunundan hazırlanan süspenziya təklif ediblər. Bu metod parodont toxumalarının möhkəmlənməsinə və dişlərin tökülməsinin qarşısının alınmasına kömək edir.
32gun.az
