BÖYÜK TƏCRÜBƏYƏ MALİK İFAÇI, TANINAN MƏHSULDAR PEDAQOQ - Əhsən Rəhmanlı yazır

2023-03-15 13:58:00

BÖYÜK TƏCRÜBƏYƏ MALİK İFAÇI, TANINAN MƏHSULDAR PEDAQOQ - Əhsən Rəhmanlı yazır

Bizim ölkədə tar sənəti daim inkişafda və bir-birindən uğurlu yeni ifaçılar yetirməkdədir. Sevindirici, fərəhli və qürurlu haldır ki, vətənimizdə tara bu qədər sevgi, dərin həvəs və maraq var. Tar ifaçılarının demək olar ki, əksəriyyəti pedaqoji sahədə də çalışaraq öz töhfələrini təqdim etməkdədir. Haqqında yazı başladığım bu insan da hər iki sahədə məhsuldar çalışanlardandır. Mən onu yaxşı tanıyıram. Onunla birlikdə 2002-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecində çalışmışam. O, pedaqoji sahədə fəal, vicdanlı çalışmaqdan əlavə, mədəni səviyyəsi, doğru, xeyirxah əməlləri, səmimiyyəti, etibarı, sədaqəti, mərdanəliyi və xeyir-şərə yarayan biri kimi də cəmiyyətdə yaxşı tanınır. Bəli, o, qəlbi sadə, saf, öz işini sevərək ona can yandıran adam olaraq və ildən ilə tanınaraq gözlərimiz önündə ucalmaqdadır.

Davud Bəxtiyar oğlu Abdullayev 1964-cü il avqustun 7-də Bakının Bül-bülə qəsəbəsində anadan olub. Bəxtiyar Abbas oğlu Abdullayev (1938-2005) əslən Lahıc qəsəbəsindən idi. O, mühəndis-elektrik olaraq Buzovnadakı Bakı Aqreqat İstehsalat Birliyində çalışır, ailəsi ilə Bül-bülədəki Lahıc məhəlləsində yaşayırdı. Davud həmin qəsəbədəki 79 saylı ümumtəhsil məktəbdə ibtidai təhsil alıb. Bəxtiyar Abdullayevin iş yerindən mənzil alması ilə bağlı ailə Buzovna qəsəbəsinə köçüb. Davud 4-cü sinifdən təhsili 26 saylı məktəbdə davam etdirib və buranı 1979-cu ildə bitirib. O, 1975-1979-cu illərdə 19 saylı uşaq musiqi məktəbinin tar sinfində oxuyub. Firuz Əliyevdən (hazırda x.a.) tarla tanışlığı, ilk ifa qaydalarını öyrənib. O, hərbi xidmətə çağrılandan sonra Davud tanınan tarzən-pedaqoq Abutalıb Hacıyevdən (1948-2004) dərs alıb. Abutalıb müəllim bütün yetirmələrinə, bu sırada Davuda qarşı çox tələbkar idi. O, özü də yaxçı ifaçı kimi tanınırdı, Davud ondan bu sənətin sirlərini, mükəmməl çalğı üslubunu öyrənmişdi. Davud musiqi məktəbində yaxşı oxuyur, şagirdlər arasında istedadı ilə seçilirdi.Aydın məsələdir ki, istedad hamıda olmur və adi hal deyil, odlu qəlbə, qaynar təbə, geniş ilhama malikdir. Uşaqlıqdan istedadı üzə çıxanlarda belə olur ki, özü boy atdqça, istedadı da böüyür və daha da qüvvətlənir.

Bir 12 kişi ve ayakta duran insanlar görseli olabilir

Davud II sinifdə oxuyarkən artıq məktəbdə keçirilən konsertlərdə ifa göstərirdi. Həmin musiqi məktəbinin yaranmasının 10 illik tədbiri Davudun orada II sinifdə oxumasına təsadüf edirdi. Məktəb direktoru əməkdar incəsənət xadimi, məşhur dirijor Əhəd İsrafilzadə idi. Bu yubiley tədbirində çıxış Davudun ilk uğuru olmuşdu. İstedad göz qarşısındaydı. Gələcəyin daha bir uğurlu tarzəni yetişirdi. Təbii ki, bu, məktəb direktoru və pedaqoji kollektivin nəzərindən yayınmamşdı. Davud Abdullayevə kollektivdə diqqət və rəğbət vardı. Onu tərifləyir, tövsiyələr verirdilər. O, musiqi məktəbini bitirənə qədər bu mədəniyyət ocağının bütün tədbirlərində tarını səsləndirir, sinif imtahanlarından əla qiymətlər alırdı. Təbii ki, bunlar onu daha da həvəsə gətirir və gələcək peşəkar sənət üçün hazırlayırdı. O, AzTV-də musiqi məktəbi şagirdlərinin konsertərində bəstəkarların əsərlərini ifa edərək təhsil aldığı məktəbin şərəfini ucaldırdı.

D.Abdullayev 1979-cu ildə baxış-müsabiqədə iştirak edərək laureat olub. Yekin konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının konsert zalında keçirilirdi. Davud “Segah” muğamı ilə çıxış edərək böyük rəğbət və alqışlar qazanmışdı. Ona bu muğam üçün Abutalıb müəllim istiqamət versə də o özü ustad Hacı Məmmədovun ifasında “Xaric Segah”dan bəhrələnmiş və yekun konsertə “Orta segah”la çıxmışdı. Çalışqanlığı yaxşı nəticə vermiş, musiqi məktəbinin IV sinfində ikən parlaq ifaçı kimi sənətə qədəm qoymuşdu.

Davud hər dərs ilinin sonunda AzTV-də musiqi məktəbi şagirdlərinin konserlərində çalır və daim öz ifası ilə seçilirdi. Həmin dövrdə o, oxuduğu ümumtəhsil məktəbdə Ağabala Əliyevin rəhbərlik etdiyi özfəaliyyət xalq çalğı alətləri ansamblında çalırdı. Musiqiyə sonsuz həvəs bu enerjili uşağı Buzovnadakı Mədəniyyət Sarayında kamança ifaçısı Yusif Quliyevin rəhbəri olduğu özfəaliyyət xalq çalğı alətləri ansamblna da gətirmişdi. Bu ansambl Mədəniyyət Sarayının özündə, məktəblərdə konsertlər verir, “Oxu tar” festivallarında uğurla çıxış edirdi.

D.Abdullayev 1979-1984-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfində (axşam şöbəsində) oxuyub. Burada tar ixtisası üzrə Ağasaleh Abasəliyevdən (1931-1991) not və ustad Kamil Əhmədovdan (1920-1977) muğam dərsi alıb. Hər iki müəllim həmişə yetirmələri ilə seçilmişdir. Onların tələbələri ölkəmizin hər yerində uğurla çalışıblar. Davud Kamil Əhmədovdan klassik Azərbaycan muğamlarını bütün inçəliklərinə qədər öyrənib. O, nəzəri dəsrləri də daim yaxşı oxuyub.

Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

1979-cu il onun üçün uğurlu olub, belə ki, gənçlik çağından həm də əmək fəaliyyətinə başlayıb. Buzovnadakı Mədəniyyət Sarayında məktəblilərdən ibarət özfəaliyyət xalq çalğı alətləri ansamblına rəhbərlik edib. Əsgərlik illərindən əvvəl də, sonra da bu işdə həvəs və bacarıqla çalışıb. Gözdən Əlillər Cəmiyyətinin Mədəniyyət Evində Ağaverdi Paşayevin rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin tar ifaçılarndan biri olub. D.Abdullayev 1981-1982-ci illərdə Nardarandakı 27 saylı uşaq musiqi məktəbinin tar sinfinin müəllimi olub. Sonra isə 19 saylı uşaq musiqi məktəbində dərs deyib. 1984-cü ilin may çağırışında hərbi xidmətə yollanıb, Moskvaətrafı hərbi hissələrin birində, tikinti taborunda qulluq edib. Orada evdən ona göndərilən tarla və bundan əlavə klassik gitara ilə məşqlər edib. 1984-cü ilin mayında vətənə dönüb. Ciddi şəkildə hazırlaşaraq Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. Buranın gündüz şöbəsində 1987-1992-ci illərdə yüksək göstəricilərlə təhsil alıb. İxtisas üzrə müəllimi Rafiq Musazadə olub. Konservatoriyada muğam dərslərinin tədrsi başlarkən müəllimi Firuz Əliyev idi. Davud həmin illərdə Vamiq Məmmədəliyevin tövsiyələrindən də bəhrələnib.

Davud konservatoriya illərində müğənni Elçin Cəlilovu (1968-2005) konsertlərdə həm milli muğam üçlüyü və həmçinin ansambl tərkibində AzTV-nin “Cənçlik” verilişində, rayaonlara qastrol səfərlərində və toylarda müşayiət edirdi.

Davud Abdullayev Ağasaleh Abasəliyevin Respublika Müəllimlər Evində rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında 1983-1984-cü illərdə çıxış edib. O, 1987-1989-cu illərdə Ağacəbrayıl Abasəliyevin Tibb İşçiləri Mədəniyyət Saraynda rəhbəri olduğu “Səadət” xalq çalğı alətləri ansamblnda çalıb. Bu ansambllar o dövrün tanınan gənc müğənnilərini səhnə konsertlərində, lent yazılarında və AzTV-də müşayiət edirdi. Müğənnilərin adlarını qeyd etsək böyük siyahı alınar. Olub ki, “Səadət” ansamblı SSRİ xalq artisti Lütfiyar İmanov, xalq artistləri Arif Babayev və Canəli Əkbərovu da müşayiət edib.

D.Abdullayev də ansambllardan yetişən mükəmməl ifaçılarımızdan biridir. O, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbindəki təhsil illərində Teleradionun “Təranə” Gənclik xalq çalğı alətləri ansamblında çalışıb. Ora onu tanınan tarzən-pedaqoq, əməkdar müəllim Sabir Ələkbərov yonləndirmişdi. Ansamblın rəhbəri tarzən Yusif Heydərov idi. Bu ansambldan çox müğənnilər və musiqiçilər yetişib. Davud kamança ifaçısı Aqşin Quliyevin rəhbərlik etdiyi “Şənlik” ansamblında da çalırdı. Əməkdar artist Mais Salmanovun AzTV üçün çəkilən sonuncu solo konsertini də “Şənlik” müşayiət edib. Həmin lent fondda indi də qorunur.

Burada haşiyə çıxaraq ciddi şəkildə bir məsələyə toxunmaq lazım gəlir. Davud müəllimin timsalında qeyd edib müasir gəncliyə bildirməliyik ki, əsl musiqiçi olmaq üçün əsas yol təhsildən, sərbəst çalışmaqdam əlavə, həm də özfəaliyyət və peşəkar ansambllardan keçib gəlir. Uşaqlıq, gənclik illərində Davud Abdullayev kimi musiqiçilər görün nə qədər ansambllarda fəaliyyət göstəriblər, nəticədə peşəkar ifaçı və pedaqoq olublar. Əfsus ki, bu günki gənc musiqiçilər bu yolda deyillər.

1980-ci ildə Azərbaycan Dövlət MuğamTeatrı yaranarkən oradakı ilk musiqi qrupunun tərkibində Davud Abdullayev də olub. Onu ora Ağacəbrayıl Abasəliyev cəlb etmişdi. Oradakı iş rejimi Davudun başqa yerlərdəki calışmaları və konservatoriya dərsləri ilə uyğun gəlmədiyi üçün Muğam Teatrındakı fəaliyyətini davam etdirə bilməmişdi. O, 1993-1995-ci illərdə həmin teatrın nəzdindəki muğam sdudiyasında Aqil Məlikov və Qəzənfər Abbasovun sinfində dərs alan gənc xanəndələri müşayiət etmişdir.

D.Abdullayevin ifaçılığının bir istiqaməti də xalqın toy-büsatı ilə bağlı olub. O, həm muğam üçlüyünün, həm də müxtəlif qrupların tərkbində məşhur və o dövrün gənc xanəndələrini müşayiət edib. Bu sırada Arif Babayev, Qəndab Quliyeva, Aqil Məlikov, Rafiq Əliyev, Zahid Quliyev, Mənsum İbrahimov, Həsən Allahverdiyev, Qəzənfər Abbasov, Maşallah, Zakir Abasəliyev, Nəsir Nəbiyev, Qəhrəman Nəsirov, Əli Nəcəfli, Əsgər Əhmədov və başqalarının adlarını qeyd etmək yerinə düşər.

Bir 3 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilir

D.Abdullayev 2004-cü ildən AMK tərkibində Musiqi Kollecində tar ixtisası üzrə əvəzçiliklə dərs deyib. Yaxşı işi, yüksək göstəriciləri nəzərə alınaraq o, bu tədris müəssisəsinə əsas işçi kimi qəbul edilib. O, burada çalışdığı ilk illərdə xalq artisti, ustad xanəndə Ağaxan Abdullayein muğam sinfində müşayiətdə də çalışıb. Davud müəllim həmçinin 2022-ci ilə qədər 4 saylı uşaq incəsənət məktəbində də pedaqoji fəaliyyətini uğurla davam etdirib. O, 2006-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tərkibindəki qədim musiqi alətləri asamblında rübab ifaçısı kimi çalışmaqdadır. Ansamblın rəhbəri xalq artisti Munis Şərifovdur. D.Abdullayev bu ansamblın tərkibində dövlət tədbirlərində, milli radionun fonduna yazılışlarda, Azərbaycanın TV-lərində, xarici ölkələrə səfərlərdə, festivallarda çıxış edir. Fransa və Hindistan festivalları ən xoş xatirə kimi Davud müəllimin indi də yadındadır. “Gülüstan”, H.Əliyev sarayında və Dövlət Filarmoniyasnda da ansamblın müntəzəm çıxışları olur. Şəkidə keçirilən İpək yolu Beynəlxalq festivalında da həmin ansambl maraqlı proqramlarla çıxış edir. Davud Abdullayev 20-dən artıq xarici dövlətdə səfərlərdə, bəzilərində hətta dəfələrlə olub. Macarıstan (3), Fransa (3), Türkiyə (2), Avstriya (2) və başqa ölkələrdə milli musiqimizin, foklorumuzun təmsil və təbliğ edilməsində onun da xüsusi xidməti var. Amerikanın Nyu-York və Vaşinqton şəhərlərində, İsveçrədə xalq artisti Nuriyyə Hüseynova muğam üçlüyü, tarzən D.Abdullayev və kamanzən M.Şərifov ilə çıxış edib. Əməkdar artist Teyyub Aslanov da bir necə xatici ölkədə Davudun (tar) və Munisin (kamança) müşayiəti ilə muğam üçlüyü kimi çıxış dib.

Bir 3 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir

Davud bütün bunlardan əlavə də səfərlərdə sənət nümayiş etdirib. O, Mərakeş və Belçikada ərəblərlə birlikdə çıxış edərək solo tar ifa edib. Davud bəy Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində Beynəlxalq rübab festivalında Azərbaycan rübabını məharətlə səsləndrərək yaxından tanıdıb. Davudun ifa edib göstərdiyi rübab xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərimovun bərpa edib hazırladığı alətdir. Həmin səfərə sənətşünaslıq doktoru Alla Bayramova da getmişdi. Bu konfrans-festivalda A.Bayramova məruzə ilə çıxış edib. Tədbirdə televiziya, radio, qəzet və jurnal müsahibələrinə milli musiqimiz, qədim çalğı alətlərimiz, həmçinin rübabımız barədə məlumat verilib.

D.Abdullayev ilk sənət anlarında arı şirə toplayan, qarışqa ruzi yığan, kəpənək çiçəklərin rənginə bələnən kimi hər şeydən öz yükünü tuturdu. Bu yük onun çiynində illəri gəzdi, ona daim lazım oldu, biliyini, təcrübəsini artırdı və onun sənətini, ifaçılığını böyütdü. Xeyli illər sonra ustad yaşına, zəngin, dərin bilyə çatdıqda öz böyüklüyünün içində itib batmadı və yenə də ucaldı..

Bir 3 kişi ve müzik enstrümanı çalan insanlar görseli olabilir

Hazırda vətənimizdə və bir sıra ölkələrdə məşhurlaşan virtuoz tar ifaçımız var-Şəhriyar İmanov. O, 4 saylı uşaq incəsənət məktəbində 5 il Davud müəllimin şagirdi olub. Onun istedadının cilalanmasında, doğru yola istiqamətlənməsində Davud müəllimin zəhməti, qayğısı və məhəbbəti rol oynayıb. Məktəb illərində Ş.İmanov 2 dəfə Raspublika baxış-müsabiqəsinin qalibi olub. Bu 1999-cu və 2001-ci illərə təsadüf edir. Ş.İmanov çoxdandır ki, qeyri adi, çox maraqlı ifaları ilə ölkəmizin və dünyanın tamaşaçılarını heyrətləndirməkdədir.

Davud müəllim həmin məktəbdə başqa şagirdləri ilə də fərqlənib. Rəşad Babayev 2000-ci ildə “Qönçə” festivalında qalib olub. O, hazırda S.Rüstəmov adına xalq çalğı alətləri orkestrində çalışır və AMK tərkibində İncəsənət Gimnaziyasının tar sinfində dərs deyir.

Hacı Məmmədov adına, Bəhram Mansurov adına muğam müsabiqələrində Davud müəllimin şagirdlərindən Cəbrayıl Məmmədov 2-ci, Elvin Səmədov 3-cü yerə layiq görülüb. İllərlə baxış-müsabiqələrdə D.Abdullayevin şagirdlərindən neçəsi diplomla və fəxri fərmanlarla təltif olunub.

Davud Abdullayevə 2008-ci ilin ən yaxşı müəllimi diplomu verilib. O, Musiqi Kollecində də yetirmələri ilə seçilir. 2018-ci il ildə Hacı Xanməmmədov adına xalq çalğı alətləri ifaçılarının I Respublika müsabiqəsində Davud müəllimin tələbəsi Elmar İsmayılov 2-ci yeri tutub. O, 2019-cu ildə Azərbaycanda keçirilən Beynəlxalq müsabiəqədə 1-ci yerə çıxıb.

Bir 2 kişi, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilir

2014-cü ildə Cabbar Paşazadə uşaq və gənclər arasında Respublika müsabiqəsində 3-cü yeri tutub və həmin ildə Bülbül adına II Respublika müsabiqəsinin diplomunu alıb. 2015-ci ildə Ağamməd Tarıverdiyevə “Ü.Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalında laureat diplomu verilib. Davud məllimin yenə kollec tələbələrindən istedadlı ifaçı kimi yetişən Əmrulla Əliyev, Şəhriyar Mayılov və başqaları AMK-nı bitirərək Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin ifaçılarıdır. Kərim Yusifli ADMİU-da magistraturanı bitirib. O da, Anar Əliyev də ölkəmizdə sayılıb seçilən tarzənlərimizdəndir. D.Abdllayevin belə yetirmələri uşaq incəsənət məkətblərinin müəllimləridir. Göründüyü kimi Davud müəllim məhsuldar çalışaraq xeyli uğurlu tar ifaçıları yetişdirib. Hazırda da Musiqi Kollecində pedaqoji fəaliyyətini davam etdirərək musqiçilər hazırlamaqdadır. Tələbəsi Musa Səmədov 2022-ci ildə Səid Rüstəmov adına baxış-müsabiqənin qaliblərindən biri olaraq 3-cü yerə çıxıb. Davud müəllimə öz işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Bir 3 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve yazı görseli olabilir

Bir insan olaraq Allahın ona bəxş etdiyi ucalıqla, hörmət-izzətlə, dəyərlə, bacarıqla, ləyaqətlə, məhsuldarlıqla və məna dolu yaşanan ömrün müdriklik zirvəsindən yaddaş kitabını vərəqlədikçə o, yalnız fərəhlənə, qürurlana bilər. 2017-ci ildə ona Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib.

Davud müəllimin solo ifaları İnternetin Youtube portalında yayımlanmaqdadır.

Davud Abdullayev 1990-cı ildə ailə qurub. Oğlu Abbas yüksək intellektə, dərin biliyə malik ali musiqi təhsilli gəncdir. Abbas Abdullazadə AMK tərkibində Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimidir.

ƏHSƏN RƏHMANLI

TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DİKTORU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.207467