Saat:12:14
Haqqımızda

BÖYÜK QURBANLARA BAŞA GƏLƏN KİÇİK ŞƏHƏR... - Ukrayna ordusunun 10 minlik qruplaşması mühasirəyə düşə bilər

2024-02-12 09:26:27

BÖYÜK QURBANLARA BAŞA GƏLƏN KİÇİK ŞƏHƏR... - Ukrayna ordusunun 10 minlik qruplaşması mühasirəyə düşə bilər

Qanlı döyüşlərin getdiyi Avdeyevka süqut ərəfəsindədir

Rusiyalılar kiçik qruplar, o cümlədən kanalizasiya xətləri vasitəsilə şəhərə soxulurlar

Hələ 2014-cü ildən başlayaraq, separatçıların və Rusiya ordusunun ələ keçirmək istədiyi Donetskdəki kiçik Avdeyevka şəhəri hazırda ən ağır günlərini yaşayır. Hadisələrin gedişi göstərir ki, müharibəyə qədər 50 min nəfərin yaşadığı şəhərin süqutu artıq zaman məsələsidir.

Hurriyyet.az xəbər verir ki, Ukrayna mənbələrinin etiraf etdiyinə görə, Rusiya qüvvələri şəhərin 20 faizinə nəzarət edir. Qərb mediası isə bildirir ki, Rusiya ordu komandanlığının taktikası Avdeyevkanı iki yerə bölmək və Ukrayna ordusunun geri çəkilmə yollarını bağlamaqdır. Əgər ruslar bu planı həyata keçirə bilsələr, o zaman Ukrayna Silahlı Qüvvələrinin on minlik qruplaşması mühasirəyə alına bilər.

Ukrayna Silahlı Qüvvələri üçün çətin vəziyyət təkcə Avdeyevkada deyil. Eyni vəziyyətciddi sursat və canlı qüvvə çatışmazlığı ilə üzləşən Ukrayna ordusu briqadalarının bütün cəbhə xəttinin çökməsi təhlükəsi ilə üzləşdiyi digər istiqamətlərdə də yaranıb.

Rusiya ordusu canlı qüvvə və texnikanın kütləvi itkisinə baxmayaraq, Avdeyevkaya şimaldan və cənubdan intensiv hücumları davam etdirir. Ruslar yavaş-yavaş, orta hesabla gündə bir neçə on metr irəliləyirlər. Lakin buna baxmayaraq, şəhəri ələ keçirmək və Ukrayna bölmələrini məhv etmək cəhdlərindən əl çəkmirlər.

Bəzi məlumatlara görə, Rusiya ordusu Avdeyevka uğrunda gedən döyüşlərdə 20 minə yaxın canlı qüvvə itirib. Hərbi texnika itkisi isə yüzlərlə hesablanır.

Eyni zamanda, Avdeyevkanın müdafiəsi uğrunda gedən döyüşlərdə Ukrayna ordusunun bölmələri də böyük itkilər verir ki, bu da ilk növbədə Amerikanın hərbi yardımının dayandırılmasından irəli gəlir.Ukrayna Silahlı Qüvvələrinin briqadalarının döyüş sursatı, xüsusilə artilleriya mərmiləri tükənir. Həmçinin, canlı qüvvə sarıdan da ciddi çatışmazlıqlar var.

Buna baxmayaraq, Ukrayna birləşmələri şiddətli müqavimət göstərməkdə davam edir, küçələrə və evlərə nəzarət tez-tez əldən ələ keçir. Son iki ildə şəhərin əsas müdafiəçiləri Ukrayna Silahlı Qüvvələrinin 110-cu mexanikləşdirilmiş briqadasının əsgərləri olub. Strateji əhəmiyyətli Avdeyevkanın ələ keçirilməsinin Kremlin əsas məqsədlərindən biri olduğunu yaxşı bilən Ukrayna komandanlığı bu şəhərin müdafiəsini gücləndirmək üçün mühüm tədbirlər görüb.

Hazırda şəhərin mərkəzinə yalnız 110-cu briqada, eləcə də sərhədçilərin və xüsusi təyinatlıların birləşmələri nəzarət edir. İki min nəfərlik bu briqada indiyə kimi istirahət üçün bir gün də olsa şəhəri tərk etməyib. Briqadanın döyüşçüləri səngərlərdən çıxmırlar, tərk edilmiş binalarda operatorlar antenalar quraşdırır və partlayıcı maddələr olan dronları işə salır, artilleriyaçılar minaatanlardan və tank əleyhinə raket sistemlərindən istifadə edirlər.

"Ancaq Kreml bu ətçəkən maşına təzə hissələr atmağa davam edir", - deyə “Forbes”-in döyüş bölgəsində olan xüsusi müxbiri yazır: “Böyük canlı qüvvə və texnika itkisi ilə ruslar yavaş-yavaş irəliləyirlər. Əvvəlcə Avdeyevkanın müdafiəsinin cinahlarını keçməyə müvəffəq oldular, sonra isə birbaşa şəhərə daxil ola bildilər”.

Avdeyevkanın müdafiəsinin əsas dayağı həmişə Ukrayna Silahlı Qüvvələrinin PUA-ları olub. Ukraynanın kəşfiyyat PUA-ları rus bölmələrinin yaxınlaşmasını uzaqdan aşkar edir və onlar ya PUA-lar, ya da artilleriya vasitəsilə məhv edilirlər. Ancaq ötən bazar günü Avdeyevkanın üzərində buludlar və duman qalınlaşdığı üçün PUA-lar hərəkət edə bilməyiblər. Bundan istifadə edən Rusiya piyada qrupları artilleriya atəşi altında irəliləyə biliblər.

Amerikanın M-2 Bradley döyüş maşınları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələrinin elit 47-ci Mexanikləşdirilmiş Briqadası qonşu Stepovoye şəhərini əhatə etmək üçün Avdeyevkanın şimalında yerləşdirilib. 53-cü mexanikləşdirilmiş briqada isə şəhərin cənub cinahındakı mövqelərini əhatə edir.

Buna baxmayaraq, həm Ukrayna, həm də Rusiya hərbi müxbirləri yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka qarnizonu mühasirə təhlükəsi altındadır. Buna görə də Ukrayna hərbçiləri tədricən şəhəri tərk etməyə başlayıblar.Bir sıra teleqram kanallarının bildirdiyinə görə, hazırda Avdeyevkadakı Ukrayna qruplaşmasını tam mühasirəyə almaq üçün Rusiya ordusuna cəmi üç kilometri qət etmək lazımdır. Onların yazdığına görə, rus ordusunun şəhəri mühasirəyə almaq istəyən şimal və cənub mövqeləri arasındakı məsafə cəmi 3 kilometrdir.

Rusiyalılar kiçik qruplar, o cümlədən kanalizasiya xətləri vasitəsilə şəhərə soxulur, Ukrayna ordusu isə onların təchizat yollarını bağlamağa çalışır. Həmçinin qeyd edilir ki, ukraynalılar mərmilərə qənaət edərək, kiçik rus piyada qruplarına qarşı kütləvi artilleriya zərbələrindən əl çəkməyə məcbur olurlar. Bu da ruslara Avdeyevkanın bir hissəsini son günlərdə tutmağa imkan verib.

Ukrayna mənbələri onu da bildirir ki, Avdeyevkanın hərbi və ərzaq təchizatının əsas marşrutu ilə Rusiya ordusunun ön mövqeləri arasında cəmi 700 metr məsafə qalıb. İndiki irəliləyişlə Rusiya silahlı qüvvələri bir neçə günə bu yola çata və onu bağlaya bilər.

Ukrayna hərbi komandanlığı qeyd edir ki, Rusiya silahlı qüvvələri daim öz hücum taktikasını dəyişir. Ruslar Ukrayna ordusunun müdafiəsinin müxtəlif sahələrində diversiya manevrləri həyata keçirir.

Ukrayna ordusunun bölmələri üçün kritik vəziyyət həm də Rusiya Hərbi Hava Qüvvələrinin Avdeyevkaya hər gün çəkisi bir ton yarıma çatan Sovet “FAB-500” və “FAB-1000” hava bombaları ilə hücum etməsi ilə izah olunur. İlk mərhələdə şəhəri yer üzündən silmək və yalnız bundan sonra yandırılmış torpağı ələ keçirmək – bu, Baxmut dövründə də istifadə edilən rus ordusunun ənənəvi taktikasıdır.

Amerikanın “Forbes” jurnalı yazır ki, yaxın günlərdə Avdeyevkanın itirilməsi demək olar ki, qaçılmazdır. Jurnalın hesabatında bildirilir ki, şəhərdə döyüşən Ukrayna briqadalarının döyüş sursatı tükənib və son günlər çətin hava şəraiti rusların Avdeyevkaya soxulmalarına şərait yaradıb. 

Ukraynanın məşhur hərbi müxbiri Yuri Butusovun yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadakı bölmələri təcili olaraq təzə ehtiyatlara, bölmələrin rotasiyasına və təbii ki, sursatlara ehtiyac duyur. Çünki ehtiyatları kritik minimuma çatıb. Rusiya silahlı qüvvələri isə atəş gücündə əhəmiyyətli üstünlüyə malikdir.

Bu vəziyyətin yaranmasına görə Rusiya komandanlığı əlbəttə ki, Rusiya-Ukrayna müharibəsinin kritik məqamında Kiyevə kömək etməkdən imtina edən ABŞ Konqresindəki respublikaçılara minətdar olmalıdır. Rusiya silahlı qüvvələri şəhəri nəhayət ki, işğal etsə, bunun əsas günahkarı hazırkı ABŞ administrasiyası, bunun “benefisiarları” isə ABŞ Konqresinin Ukraynaya hərbi yardımların verilməsinə sistemli şəkildə mane olan Respublikaçılar Partiyasının rusiyapərəst üzvləri və şəxsən Tramp olacaq...

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225942