Saat:23:50
Haqqımızda

""Böyük iyirmilər" Rusiyadan imtina etmir" - ELXAN ŞAHİNOĞLU

2023-03-03 14:07:00

"Məsələs burasındadır ki, G-20-lərin üzvləri arasında Rusiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirən dövlətlər var və onlar Ukrayna müharibəsinə görə Rusiyanı cəzalandırmaq istəmirlər"

"Hindistanın paytaxtı Dehlidə 1-2 mart tarixlərində "böyük iyirmilərin" (G20) xarici işlər nazirlərinin görüşü keçirildi. G-20-yə hazırda Hindistan sədrlik edir. Bu toplantıda Ukraynadakı müharibənin müzakirəsi və Rusiyanın ittiham olunacağı ehtimal edilirdi. Bu müzakirə toplantıda gərginlik yarada bilərdi". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, ev sahibi kimi Hindistan toplantıda gərginlik istəmirdi: "Hindistanın baş naziri Narendra Modi və xarici işlər naziri Subrahmanyam Caişankar G20-nin yekun sənədində Rusiya əleyhinə ifadələrin salınmasının əleyhinəydi. Modi yekun bəyanatda terrorla mübarizə, iqlim dəyişikliyi və kasıb dövlətlərin borclarının həlli bəndlərinin salınmasının tərəfdarı idi. Subrahmanyam Caişankar bu mövzuda ayrılıqda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə apardı. Buna baxmayaraq, toplantıda Ukraynayla bağlı fikir mübadiləsi aparıldı. Çünki G-20-yə daxil olan ölkələrin xarici işlər nazirləri bu haqda danışmaya bilməzdilər. Çıxış edənlər Rusiyanı işğalçı müharibəni dayandırmağa və Ukrayna ərazisini tərk etməyə çağırdılar. Rusiya və Çin təmsilçiləri bu şəkildə toplantının yekun bəyanatını imzalamaqdan imtina etdilər. Dehli yekun bəyanatın qısa xülasəsini dərc etdi. Dehli G-20-lərdən başqa Şanxay Əməkdaşlıq Təşkilatına da sədrlik edir. Təşkilatın sentyabrda Hindistanda növbəti toplantısı keçiriləcək. G-20-lərdən fərqli olaraq Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Ukraynan məsələsi qaldırılmayacaq. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Qərbin Rusiyaya qarşı sərt siyasətinə qoşulmaq istəmir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, G-20-lərin toplantısı çərçivəsində nazirlər arasında müxtəlif ikitərəfli görüşlər keçirildi: "Dehliyə 40 ölkədən nümayəndə heyəti gəlmişdi. Hindistan ev sahibi kimi lazım bildiyi dövlətlərin təmsilçilərini də toplantıya dəvət etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dehliyə birbaşa Bakıdan uçmuşdu. O əvvəlcə çinli həmkarı Tsin Qanla görüşdü, daha sonra türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə fikir mübadiləsi apardı. Bundan başqa Lavrov hindistanlı və braziliyalı həmkarları ilə də görüşdü. Aydındır ki, Qərb ölkələrinin xarici işlər nazirləri Lavrola görüşmədilər, sadəcə ABŞ dövlət katibi rusiyalı həmkarı ilə ayaqüstü bir neçə dəqiqəlik söhbət etdi. Rusiya və Çin xarici işlər nazirləri strateji tərəfdaşlığı davam etdirəcəklərini bir daha bəyan etdilər.  Qərb ölkələri Rusiyanı Ukrayna müharibəsinə görə tənqid edir və Moskvaya qarşı sanksiyalar tətbiq ediblərsə, nədən Rusiyanın G-20-lərdən çıxarılması məsələsini qaldırmırlar? Misal üçün Rusiya “böyük səkkizlərdən” çıxarıldı və təşkilat yenidən “böyük yeddilərə” çevrildi. Məsələs burasındadır ki, G-20-lərin üzvləri arasında Rusiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirən dövlətlər var və onlar Ukrayna müharibəsinə görə Rusiyanı cəzalandırmaq istəmirlər. Digər tərəfdən, Qərb ölkələrinin özləri də Rusiya ilə dialoq imkanlarını tam ortadan qaldırmağı doğru saymırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR