"Böyük Britaniyanın kəşfiyyat xidmətinin rəhbəri Paşinyana anlatmağa çalışıb ki..." - ELXAN ŞAHİNOĞLU

2022-12-21 11:02:00

"Londonun siyasəti Parisin siyasətindən fərqlidir. Bizim üçün əsas olan budur"

"Böyük Britaniyanın kəşfiyyat xidməti olan Mİ6 rəhbəri Riçard Murun İrəvana səfəri ən çox müzakirə olunan mövzulardandır. Mövzu ona görə diqqəti bu qədər cəlb edib ki, Riçard Mur vaxtilə ölkəsinin Türkiyədə səfiri vəzifəsində çalışıb, bu ölkənin mhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla sıx əlaqələri olub. Türk dilində sərbəst danışan Riçard Mur bölgəni içəridən öyrənib, diplomat kimi Pakistan və İranda ezamiyyətlərdə olub. Digər tərəfdən, Avropa ölkələri içərisində Azərbaycanla sıx münasibətləri olan Böyük Britaniyanın kəşfiyyat xidmətinin rəhbərinin Ermənistana səfəri bu mənada da suallar doğurub". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Səfərlə bağlı müxtəlif versiyaların olduğunu deyən politoloqun sözlərinə görə, Mİ6-nın rəhbərinin səfərinin İranla əlaqəsini yazanlar da var, Ermənistan-Azərbaycan qarşıdurmasıyla bağlılığını bildirənlər də az deyil: "Bütün hallarda baş nazir Nikol Paşinyanla İrəvanda görüşən Riçard Mur Azərbaycanın və Türkiyənin mövqelərinə xələl gətirəcək mövzulara toxunmayıb. Londonun siyasəti Parisin siyasətindən fərqlidir. Bizim üçün əsas olan budur. Görünür, Riçard Mur Paşinyana anlatmağa çalışıb ki, bölgədə sülh, sabitlik və əməkdaşlıq istəyirsə Rusiya və İranın planlarında yer almamalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Nikol Paşinyan Riçard Mur vasitəsilə Bakıya istəklərini də ötürə bilərdi: "Ancaq bu Londonun vasitəçi anlamına gəlmir. Necə ki, rəsmi Bakı Parisin vasitəçiliyini qəbul etmir, İrəvan da Londonun vasitəçiliyini qəbul etməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155932