Boğulmasın deyə ağzını dirədiyi boşluqları gördüm... – Natiqin qardaşı
Xəbər verdiyimiz kimi Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Hurriyyet.Az xəbər verir ki, musavat.com-a danışan Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov bildirib ki, Natiq 8-ci sinfə kimi həmin məktəbdə təhsil alıb. Təhsil ocağına qəhrəmanın adının verilməsi təşəbbüsü ilə elə qardaşı Nofəl müraciət edib.
“Elm və Təhsil Nazirliyinə məktub yazıb bildirdim ki, qardaşım oranın məzunu olub. Ona görə də məktəb onun adını daşısa daha yaxşı olar. Nazirlik mənim müraciətimi Nazirlər Kabinetinə çatdırdı. Dünən də xəbər tutdum ki, xahişim nəzərə alınıb, məktəbə qardaşımın adı verilib”.
N. Qasımovun sözlərinə görə, gələcəkdə məktəbdə Natiqin büstü qoyula bilər:
“Yaşadığı binanın qarşısında onun adına xatirə bulağı salınmışdı. İndi onu yeniləyirik. Düşünürəm ki, qardaşımın büstü Pirlər kəndində onun döyüşdüyü yerdə qoyular.
Onun əsir düşdüyü yerə dəfələrlə getmişəm. İçinə sığınıb özünü müdafiə etdiyi kilsənin bir hissəsi qalır. Oraya girib baxmışam. Sonuncu dəfə noyabrın 7-də orada oldum. Qardaşımın boğulmamaq üçün ağzını dirədiyi boşluqları gördüm, çox pis oldum. Anam və bacılarım indi Gəncəyə köçüblər. Mən isə Natiqin xatirəsindən ayrıla bilmədiyim üçün hələ də Minəçevirdə qalıram. Yaxın illərdə həyat yoldaşımı və qızımı itirdim, tək yaşayıram. İndi təsəllim qardaşımla bağlı gördüyüm işlərdir.
Lakin həm anamın, həm də mənim gözüm hələ də yoldadır. Anamın yarasına heç nə təsəlli olmur. Qalıqları tapılsaydı, gözü yoldan yığılardı. Doğrudur, edilən işlər bizə dəstəkdir, amma 21 yaşında məhv olan oğlanın yanğısını heç nə sakitləşdirmir”.
Qeyd edək ki, bu il Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Rəsmi məlumata görə, həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.