BNA qanunsuz aldığı cərimələri geri ödəyəcək?

2023-02-03 12:40:00

BNA qanunsuz aldığı cərimələri geri ödəyəcək?

İnzibati Xətalar Məcəlləsinə edilən və artıq qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə kameralar vasitəsilə də cərimə yazmaq olacaq.  Edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edilib. 

Bəs görəsən, BNA bu günə qədər yazdığı cərimələri ləğv edəcəkmi? Yaxud yazılan qanunsuz cərimələr sürücülərə geri qayıdacaqmı? Bunun üçün sürücülərin məhkəməyə müraciət etməyi vacibdirmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı  deyib ki, BNA özü səhvini başa düşməli və yazdığı qanunsuz cərimələrə xitam verməlidir:

“Əslində, sürücülərin məhkəməyə müraciət etməyinə heç bir ehtiyac yoxdur. Mən düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi öz səhvini başa düşə və yazdığı cərimələrə özü xitam verə bilər ki, vətəndaşlar narazı qalmasın. Amma görünür, agentlik ehtiyat edir ki, birinə xitam versə, keçmişdə cəriməni ödəyənlərə nə cavab verəcək. Mənə elə gəlir ki, agentliyi çəkindirən sadəcə budur. Amma bundan qorxmaq lazım deyil, keçmişdə nəsə olubsa, ödəyiblər, keçib, gedib”.

Ekspert bildirib ki, bu qərardan sonra da minlərlə sürücü qanunsuz cərimələri ödəməyə məcburdur: 

“Bundan sonra yüzlərlə, minlərlə insanın hələ də qanunsuz cərimə ödəmək təhlükəsi var, üstəlik, o insanlar bu gün həmin mənasız cərimələrə görə öz maşınlarını texniki baxışdan keçirə bilmir, addan ada keçirə bilmirlər. 

Mən bunun ilk təşəbbüskarlarından olmuşam, bu gün də o fikirdəyəm ki, qanunsuz cərimələrin hər birinə xitam verilməlidir. Heç kim qanunsuz yerə yazılmış cərimələri ödəməməlidir. Əgər cərimələr qanuni idisə, necə olur ki, o qərar bu gün qüvvəyə minir? Adı üstündə, bugündən qərar qüvvəyə minib. Bu, iki vur ikidir, bundan ötrü Avropa məhkəməsinə getməyə, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. 

Qərar qüvvəyə minib, bu isə onu göstərir ki, Bakı Nəqliyyat Agentliyi indiyə qədər bu işləri qanunsuz edib. İndi cəzasını özü çəkməlidir. Hansısa qurum qanunsuz əməllərlə məşğul olursa, bunun cəzası vətəndaşın boynunda qalmalı deyil. Bu aydın məsələdir və düşünürəm ki, onlar da bu hərəkətlərə son qoymalıdırlar. Mən bunun ilk təşəbbüskarlarındanam, bu gün də deyirəm ki, problem kökündən həll olunmalıdır. Vətəndaşlar bundan sonra da hansısa nahaq cəriməni ödəməməlidirlər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.200028