"BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransanın xəyalları puça çıxdı" - ZAUR MƏMMƏDOV

"Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi baş tutacaq, Ağdam - Xankəndi yolunun Laçın yolu ilə eyni vaxtda açılması və Yevlaxda görüşün baş tutmasına şahidlik edə biləcəyik"
"BMT Təhlükəsizlik Şurasının iclası bir daha kimin kim olmasını göstərdi. Ən maraqlı məqam ondan ibarət idi ki, Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı bir daha sübut etdi ki, dünya koalisiyalardan ibarətdir və ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkələrinə təsirə malikdir. Misal üçün, dünənki çıxışlara diqqət yetirsək, Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən səsləndirildi". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloqun sözlərinə görə, Ermənistan üçün gözlənilməz Braziliya və Albaniyanın Azərbaycanı dəstəkləmələri oldu: "Kosova məsələsinə görə, Bakı və İrəvan arasında Tirananın bitərəf qalacağını düşünən Mirzoyan rəsmi Bakının "Balkanlarla siyasi - iqtisadi strateji müttəfiqliyi"ni nəzərə almamışdı. Həm Braziliyanın, həm Albaniyanın Xankəndi, Azərbaycanın ərazi bütövlüyü ifadələrini işlətməsi sözsüz ki, təqdirəlayiq idi. Çıxışların içində Bakı və İrəvanın daha diqqətlə izlədikləri, sözsüz ki, Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyi idi. Onlar içərisində ən neytral mövqe dünən Çin tərəfindən səsləndirildi, Britaniya da qismən orta mövqeyi tutaraq gözlənilən çıxışı idi. Fransa haqqında nəsə deməyə ehtiyac yoxdur. Parisin BMT-dəki nümayəndəsinin başlanğıcda diplomatik etikadan kənara çıxması, çıxışı zamanı toxunduğu məsələlər əlbəttə ki, ermənipərəst idi. Yaxşı haldır ki, Fransa və Maltadan başqa tamamilə Ermənistanın mövqeyini dəstəkləyən üçüncü belə çıxış olmadı".
Danışıqları hazırda həyata keçirən ABŞ və Rusiyanın nümayəndələrinin çıxışına gəlincə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri qeyd edib ki, rus diplomat Türkiyə, Albaniya və Braziliya nümayəndələri ilə eyni siyahıda yer alaraq Ermənistanı faktiki olaraq neytrallaşdırdı: "Onun Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır ifadəsi bəyənildi. Qeyd edim ki, dünənki çıxışlarda kimin insan hüquqları, kimin isə ərazi bütövlüyü prinsipinə vurğu edəcəyi maraqla gözlənilirdi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin məhz ərazi bütövlüyü çərçivəsində insan hüquqlarından danışmaları təqdirəlayiqdir. O ki qaldı, ABŞ-ın nümayəndəsinin çıxışına, gözlənildiyi kimi çıxışın mətni Laçın yolunun açılması, amma eyni zamanda alternativ yollarla bağlı da kompromissin üzərində qurulmuşdu. Ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunulmadı. Beləliklə, BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransanın xəyalları puça çıxdı. Separatçılar çox ciddi zərbə aldılar. Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi baş tutacaq. Ağdam - Xankəndi yolunun Laçın yolu ilə eyni vaxtda açılması və Yevlaxda görüşün baş tutmasına şahidlik edə biləcəyik. Əks təqdirdə, separatçılar yaxşı bilirlər ki, Azərbaycan ordusu lazım gələn addımı atacaq. Sonda Ararat Mirzoyan və Yaşar Əliyev çıxışlarının müqayisəsini apararaq Ermənistan XİN rəhbərinin uğursuzluğunu xüsusilə vurğulamaq istəyirəm. Dünən Azərbaycan prezidenti bir daha Ermənistan və ermənipərəst qüvvələr üzərində qələbə çaldı".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya