BMT-də İsrailə qarşı çıxmağımız DOĞRU QƏRARDIR?

"Azərbaycan İsrailin əleyhinə yönəlmiş qətnamənin səsverməsində iştirak etməməli idi"
Xaqani Cəfərli: "Türkiyənin İsrailə qarşı İranın mövqeyinə keçməsi Azərbaycanın gələcəyə yönəlik seçim etməsini sürətləndirdiyi kimi, Türkiyə ilə yollarını ayırmaq həddinə də gətirə bilər"
Elxan Şahinoğlu: "Azərbaycan tolerant ölkədir, məmləkətimizin tarixində və bugünündə heç zaman antisemitizm olmayıb, ancaq ətrafımızda baş verənlərdən çıxış edərək radikal çağırışların təhlükəsini də hesablamalıyıq"
Fuad Qəhrəmanlı: "Azərbaycan hakimiyyətinin öz strateji seçimini Rusiyaya doğru etməsi, gələcəkdə onun Rusiya və İranın gözlənilən məğlubiyyətinə ortaq olmasına zəmin yarada bilər"
Bugünlərdə, daha dəqiq desək, oktyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə İstanbulda Fələstinə dəstək mitinqi keçirilib. Qeyd edək ki, "Cümhur İttifaqı"na daxil olan siyasi partiyaların liderlərinin də qatıldığı "Böyük Fələstin Mitinqi"ndə çıxış edən və "Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik" deyən Ərdoğan Qərbi yeni müsəlman-xristian qarşıdurması yaratmaqda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu bəyan edib. Qardaş ölkənin lideri bildirib ki, Rusiya-Ukrayna müharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır: "Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük".
Yaxın Şərqdə baş verən olaylar Fələstin-İsrail münaqişəsinin arealını genişləndirə, bəşəriyyəti 3-cü dünya müharibəsinin astanasına gətirə bilər
Onu da nəzərinizə çatdıraq ki, məhz həmin gün BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub. İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəliş nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb. Azərbaycan da daxil olmaqla, 120 ölkə qətnamə layihəsinin lehinə, 14 ölkə əleyhinə səs verib, 45 ölkə isə səsvermədə iştirak etməyib. Bununla da iki gün davam edən fövqəladə xüsusi sessiyada bölgədə zorakılığın dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsi tələb olunub.
BMT baş katibi Antonio Quterreş isə öz növbəsində, Qəzzada vəziyyətin sürətlə pisləşdiyini vurğulamaqla yanaşı, qan tökülməsinə son qoymaq üçün atəşkəsin lazım olduğunu qeyd edib: "Təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən çox ehtiyac duyulan humanitar fasilə əvəzinə, İsrail hərbi əməliyyatlarını gücləndirdi. Dünya humanitar fəlakətə şahidlik edir".
Nə qədər acı da olsa, görünən odur ki, hazırda Yaxın Şərqdə baş verən olaylar, Qəzzada yaşanan insanlıq dramı və buna verilən reaksiyalar Fələstin-İsrail münaqişəsinin arealını genişləndirə bilər. Bu isə özlüyündə bəşəriyyətin 3-cü dünya müharibəsinin astanasında olduğunu deməyə əsas verir. Təxminən, bu konteksdən çıxış edən ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan edib ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi təhlükəsi ölkəsində real olaraq qəbul edilir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, "Qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük, hazırda münaqişənin regiona yayılmaması üçün regionun digər ölkələri ilə işləyirik, lakin bu təhlükə realdır", deyən Sallivan bildirib ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin qızışmasının qarşısını almaq üçün ciddi, sistemli və davamlı addımlar atır.
"İsrailin mövqelərinin zəifləməsi, İranın mövqelərinin güclənməsi deməkdir ki, bu da 60 milyonluq Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına ən böyük iki təhlükədən biridir"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən politoloq Xaqani Cəfərli hesab edir ki, Azərbaycan İsrailin əleyhinə yönəlmiş "Dərhal və davamlı "humanitar atəşkəsə" çağıran qətnamənin səsverməsində iştirak etməməli idi: "BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini pisləyən qətnamələrin qəbulu zamanı səsvermədə iştirak etməməyə üstünlük verən Azərbaycan nümayəndə heyyətinin İsrailə qarşı yönəlmiş və Azərbaycan xalqının həyati əhəmiyyətli maraqları ilə üst-üstə düşməyən səsvermədə qətnamənin qəbuluna səs verməsini pisləyirəm. Azərbaycan Türkmənistan kimi bu səsvermədə iştirak etməməli idi. Azərbaycan İsrailin əleyhinə olan heç bir sənədi dəstəkləyə bilməz. İsrailin mövqelərinin zəifləməsi, İranın mövqelərinin güclənməsi deməkdir. İranın güclənməsi isə 60 milyonluq Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına ən böyük iki təhlükədən biridir. Rusiya və İranın güclü olması Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına ölümcül təhlükələrdir. Buna görə də Azərbaycan heç bir halda Rusiya və İranın güclənməsinə yardım edən prosesdə yer almamalıdır".
"Mahaçqala və Xasavyurtda baş verənlər Dərbənd başda olmaqla, şimal torpaqlarımızla bağlı tələblərimizin dünya ictimaiyyəti tərəfindən anlaşılıqla qarşılanmasına da yardım edəcək"
Politoloq həmçinin, qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "Böyük Fələstin Mitinqi"ndə HƏMAS-a sahib çıxması, Yaxın Şərqdə baş verən hadisələri xristian-müsəlman qarşıdurması kimi təqdim etməsi Bakını Ankaradan məsafə saxlamağa vadar edir: "Ərdoğanın təşəbbüsü ilə baş tutan mitinqə Azərbaycan adına dövlət rəsmilərinin qatılmamasını dəstəkləyirəm. Çünki Azərbaycan İsrailə qarşı heç bir prosesin və hadisənin iştirakçısı ola bilməz. İsrailin zəifləməsi Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının əleyhinədir. Tarixi kökləri İslamdan öncəyə qədər uzanan və çox kiçik bir çoğrafiya ilə bağlı olan münaqişənin xristian-müsəlman müharibəsi kimi təqdim edilməsi bütün müsəlmanların əleyhinə olduğu halda, Azərbaycan üçün çox təhlükəli məqamdır. Azərbaycan Ermənistanın işğalçılıq siyasətini heç bir zaman xristian-müsəlman mübarizəsi kimi dəyərləndirmədi. Həqiqətdə də bu münaqişələrin heç biri xristian-müsəlman mübarizəsi deyil. Hətta orta əsrlərdəki "xaç yürüşləri" də müsəlmanalar qarşı yönəlməmişdi və kiçik bir çoğrafiya ilə bağlı məsələ idi. Türkiyənin İsrailə qarşı İranın mövqeyinə keçməsi isə ağrılı da olsa, Azərbaycanın gələcəyə yönəlik seçim etməsini sürətləndirdiyi kimi, Türkiyə ilə yollarını ayırmaq həddinə də gətirə bilər".
Mahaçqala və Xasavyurtda yəhudilərə yönəlik hücumlara toxunan politoloqun qənaətincə, bu, onun Rusiyanın parçalanacağı halda Dağıstanın beynəlxalq münasibətlərinin subyekti ola bilməyəcəyi haqqında ehtimallarını bir daha təsdiq edir: "Mahaçqala və Xasavyurtda baş verənlər Dərbənd başda olmaqla, şimal torpaqlarımızla bağlı tələblərimizin dünya ictimaiyyəti tərəfindən anlaşılıqla qarşılanmasına da yardım edəcək. Odur ki, hazırda bizim üzərimizə düşən yeganə vəzifə doğru mövqedə, doğru tərəfdə olmaqdır".
"Hazırda dünya HƏMAS-a münasibətdə ikiyə ayrılıb, biri terrorçu, digəri isə Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir"
Hazırda dünyanın HƏMAS qruplaşmasına münasibətdə ikiyə ayrıldığını deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bir qrup ölkə HƏMAS-ı terrorçu qruplaşma kimi dəyərləndirərkən, digərləri bu təşkilatı Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir: "HƏMAS qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətərdən və İrandan maliyyə əldə edirlər. HƏMAS təşkilatının rəhbər heyəti bugünlərdə Moskvada görüşlər keçirib. İsrail Xarici İşlər Nazirliyi Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb. HƏMAS təmsilçiləri ilə dialoq siyasəti yalnız Rusiyaya aid deyil. Bu qruplaşmanın nümyəndələri tez-tez Türkiyəyə də səfər edərək, türkiyəli diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan HƏMAS üzvlərini mücahidlər adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağrılıblar".
Çinin də HƏMAS qruplaşması ilə təmaslarının mövcud olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi: "Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrailin baş naziri Benyamin Netanyahu da Çin paytaxtına getməli idi. Ancaq bu, baş vermədi. Hazırki şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşacağı çətindir. Digər tərəfdən, Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanınmasının zərurətini bildirib. Vaşinqton isə Çinin Yaxın Şərqdə siyasətini korrektə etməsini istəyir. Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxiləsindən kənar olmasını istəyir. "Reuters" agentliyinin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden bu mövzuda Çin lideri Tsi Cinpinlə müzakirə aparmağa çalışır. Pekin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək. Buna baxmayaraq, Pekin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcək. Pekin uzaqbaşı böyük dövlətlərin Yaxın Şərqlə bağlı ortaq razılaşmasında yer alacaq. Pekinin nə İrana, nə də HƏMAS-a təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi onda maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdə problemləri artsın. Yəni, Pekin üçün önəmli olan bu hadisələr fonunda ABŞ-ın zəifləməsidir".
"İsraili idarə edənlər anlamılıdırlar ki, HƏMAS-ın terror hücumuna qarşı Qəzzanın kütləvi şəkildə bombalanması və mülki insanların qətli ilə "cavab" verilməsi ümumi gərginliyi artıracaq"
Eyni zamanda, Dağıstandakı olaylara da toxunan Elxan Şahinoğlunun fikrincə, baş vermiş hadisə Rusiyada antisemit dalğanın güclənə biləcəyinin xəbərçisidir: "Rusiya və SSRİ tarixində yəhudilərə qarşı təşkil edilən hücumlar və yəhudilərin sıxışdırılması hər zaman olub. Elə İsraildə yaşayanların əksəriyyəti vaxtilə Rusiya imperiyasının ərazisini tərk edənlərin nəslindən olanlardır. Bəzi ölkələrdə anti-İsrail əhval-ruhiyyəsi antisemit çağırışlara yol açıb. Fransanın özündə belə, sinaqoqların divarlarına antisemit şüarlar yazılır. Azərbaycan tolerant ölkədir, məmləkətimizin tarixində və bugünündə heç zaman antisemitizm olmayıb, ancaq ətrafımızda baş verənlərdən çıxış edərək radikal çağırışların təhlükəsini də hesablamalıyıq. İsraili idarə edənlər anlamılıdırlar ki, HƏMAS-ın terror hücumuna qarşı Qəzzanın kütləvi şəkildə bombalanması və mülki insanların qətli ilə "cavab" verilməsi ümumi gərginliyi artıracaq".
"Yaxın gələcəkdə Qərbin demokratiyayanı əvvəlkindən daha çox müdafiə etməsi həm də anti-Rusiya siyasətinə verilən dəstək kimi geosiyasi əhəmiyyət daşımış olacaq"
Siyasi şərhçi Fuad Qəhrəmanlı da hesab edir ki, İsrail-Fələstin müharibəsi ətrafında baş verən qlobal miqyaslı maraq ziddiyyətləri getdikcə tərəflər arasında açıq qarşıdurma riskini artırmaqdadır: "Bu gün beynəlxalq siyasətdə geosiyasi cəbhələşmənin getdikcə daha qabarıq şəkildə görünməsi, geostrateji əhəmiyyəti olan regionlarda yerləşən ölkələrin də qarşıduran tərəflər arasında seçim etməsini zərurətə çevirir. ABŞ və onun Avropa müttəfiqlərinin dəstək verdiyi yeni dünya nizamına qarşı Rusiya-İran cütlüyünün Çinlə bərabər yeni münaqişə ocaqları yaratmaqla müqavimət göstərməsi, mövcud təhlükəsizlik arxitekturasını dağıtmaq səyləri elə bir vəziyyət yaradıb ki, bu müqaviməti qırmaq üçün daha geniş miqyaslı güc tətbiqinə ehtiyac yaranıb".
"Belə bir şəraitdə bir tərəfdən Ukrayna, o biri tərəfdən isə Orta Şərqdə yaşanan qarşıdurmalar Azərbaycana hansı perspektivləri vəd edir" sualını cavablandıran siyasi şərhçinin sözlərinə görə, son günlər xüsusilə açıq-aydın görünür ki, Qərb və ona qarşı müqavimət göstərən Rusiya, İran və Çin üçlüyü arasında kəskinləşən geostrateji və geosiyasi qarşıdurmada Azərbaycan hakimiyyəti öz strateji seçimini Moskva istiqamətində edərək, xarici siyasətini Kremlin maraqlarına uyğun həyata keçirir: "Buna uyğun olaraq da Azərbaycanın Qərblə münasibətlərində məsafənin get-gedə artdığını, ritorikanın kəskinləşdiyini görürük. Artıq demək olar ki, bu gün Azərbaycan təkcə Moskvaya doğru passiv seçim etməyib, həm də Cənubi Qafqazda Qərbin mövqeyinin güclənməsinə qarşı Rusiyanın müttəfiqi kimi fəal iş aparan ölkə kimi çıxış edir. Belə görünür ki, 2021-ci ilin 22 fevralında Rusiya və Azərbaycan arasında bağlanmış müttəfiqlik müqaviləsi artıq həyata keçirilməyə başlayıb. Qarabağda separatizmin məğlubiyyətindən sonra Azərbaycan hakimiyyəti Rusiyanın təzyiqlərindən qurtulmaq imkanı əldə etdi və bu şəraitdə ölkəmizin milli maraqlarına uyğun olaraq Qərblə daha rahat bir şəkildə yaxınlaşmaq imkanı yarandı. İndi hər kəs görür ki, daha Rusiyanın Azərbaycana verə biləcəyi bir fayda qalmayıb. Ona görə də milli maraqlarımızın təmin olunması bu gün ölkəmizin Qərbə doğru inteqrasiya kursu götürməsinə daha çox bağlıdır. Ancaq biz hazırda bunun tam əksini görməkdəyik, indi Qərbə qarşı ritorika daha da sərtləşib, faktiki olaraq siyasi əməkdaşlıq imkanlarından birtərəfli şəkildə imtina olunur. Düzdür, bu seçimlə ölkənin deyil, öz korporativ maraqlarını əsas götürən Azərbaycan iqtidarı Rusiyanın Ukraynada məğlubiyyəti tam başa çatana qədər avtoritar rejimi qoruya bilər. Ancaq bu gün dünyada baş verən proseslərin strateji dəyərləndirməsi onu göstərir ki, iqtidarın bu özünü qoruma marağından doğan seçimi uzunmüddətli perspektivdə heç də onun üçün effektli olmayacaq. Çünki Rusiyanın Ukraynada məğlubiyyətinə paralel olaraq Orta Şərqdə baş verən hazırkı münaqişə üzündən İranın ABŞ və İsrailin zərbə hədəfinə çevrilməsi ehtimalı getdikcə artır. Belə bir perspektiv qarşısında Azərbaycan hakimiyyətinin öz strateji seçimini Rusiyaya doğru etməsi, gələcəkdə onun Rusiya və İranın gözlənilən məğlubiyyətinə ortaq olmasına zəmin yarada bilər".
Fuad Qəhrəmanlı bildirib ki, hazırkı geosiyasi qarşıdurma prosesində Azərbaycan hakimiyyətinin bu gün anti-Qərb blokunda yer almasının heç bir bədəlinin olmayacağını düşünmək səhv olardı: "Bu baxımdan, bu gün Qərbdə Ermənistana verilən dəstək Azərbaycana qarşı olan münasibətin deyil, daha çox rəsmi Bakının öz hakimiyyət marağına uyğun olaraq seçdiyi Rusiyapərəst kursun nəticəsidir. Demokratik proseslərin perspektivləri baxımdan isə onu demək olar ki, yaxın gələcəkdə Qərbin Azərbaycanda demokratiyaya dəstəyinin daha da artacağını, insan hüquqları və demokratik azadlıqlar kimi önəmli məsələlərin qarşılıqlı münasibətlərdə prioritet kimi önə çıxacağını gözləmək olar. Çünki demokratiya bundan sonra artıq Qərb üçün təkcə dəyərlər, ideya məsələsi olmayacaq, bu həm də Rusiya yandaşı olan Azərbaycan iqtidarına geosiyasi təzyiq aləti kimi tətbiq olunacaq. İndi bundan sonrakı mərhələdə demokratiya ilə real politikanın ehtiyacları üst üstə düşəcək. Bu baxımdan, yaxın gələcəkdə Qərbin demokratiyayanı əvvəlkindən daha çox müdafiə etməsi həm də anti-Rusiya siyasətinə verilən dəstək kimi geosiyasi əhəmiyyət daşımış olacaq".
Vazeh BƏHRAMOĞLU
